Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:50

ABŞ-ın yeni İran siyasəti


ABŞ-ın yeni təklifləri qəbul olunsa, müzakirələr aparılan müddətdə İranın nüvə planlarını davam etdirməsinə maneə yaradılmayacaq
ABŞ-ın yeni təklifləri qəbul olunsa, müzakirələr aparılan müddətdə İranın nüvə planlarını davam etdirməsinə maneə yaradılmayacaq. «The New York Times» qəzeti aprelin 13-də çıxan sayında yazır ki, artıq Vaşinqton bu barədə təklifini Avropadakı müttəfiqləri ilə müzakirə edir. Yeni təklif nüvə fəaliyyətinin beynəlxalq müfəttişlərin üzünə açılması üçün Tehrana təzyiqlərin davam etdirilməsini də nəzərdə tutur.

İranın həyata keçirdiyi nüvə zənginləşdirilməsi həm nüvə silahlarının yaradılması, həm də dinc məqsədlərlə enerji əldə edilməsi üçün istifadə oluna bilər. Hələlik ABŞ və Qərb uranı yalnız dinc məqsədlərlə istifadə etdiyi barədə Tehranın dediklərinə inanmır.

Çenevrədəki Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Şahram Çubin «Azadlıq» radiosunun fars xidmətinə müsahibəsində bildirir ki, Vaşinqton İranın öz nüvə proqramından əl çəkməyəcəyi ehtimalını daha çox nəzərə almalıdır:

- ABŞ İranın gələcək uran zənginləşdirmə planlarının qarşısını almağa çalışacaq. Xüsusilə də Tehranın nüvə reaktoru əldə etmək cəhdlərinin qarşısını ala bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş direktor müavini Bruno Pellaud da radiomuzun fars xidmətinə müsahibəsində ABŞ-ın yeni İran siyasəti təklifini müdafiə edir:

- Mən buna şadam. Atom Enerjisi Agentliyinin keçmiş rəsmisi və bir təhqiqatçı kimi bunu Beynəlxalq Böhran Qrupu üçün yazdığım araşdırmada da qeyd etmişdim. Çoxları belə qrəara gəlir ki, nüvə proqramını tam dayandırmaq artıq real tələb deyil.

Bruno Pellaud qeyd edir ki, İran Beynəlaq Atom Enerjisi Agentliyinin qəfil yoxlamalarına icazə verən beynəlxalq protokolu həyata keçirməlidir. Yeni təkliflərlə Vaşinqton İranın nüvə silahı əldə etməməsi barədə özünün uzun illərdən bəri davam edən tələblərindən əl çəkmir.

Heç İran da özünün uran zənginləşdirmə proqramından imtina etdiyini demir. İndi baş verənlər sadəcə tərəflərin problemin müzakirəsinə şərait yaratmalarıdır.

Ötən həftə Vaşinqton İranın nüvə proqramının 5+1 formatında müzakirəsini alqışladığını bildirib. BMT TŞ-nın beş daimi nümayəndəsi və Almaniyanın iştirakı ilə aparılacaq müzakirəyə İran da dəvət olunub.

Hələlik həmin görüşə konkret tarix müəyyən edilməyib. Amma danışıqların çox gecikmədən, yaxın həftələrdə başlaya biləcəyi barədə xəbərlər var.

«Financial Times» qəzeti isə aprelin 14-də çıxan sayında yazır ki, Vaşinqton özünün İranla bağlı planlarında iki istiqamətdə fikirləri nəzərə almalıdır. Birincisi, İranın qonşuları olan ərəb dövlətlərinin fikirlərini. Bu dövlətlərdə şübhə var kı, ABŞ-la İranın yaxınlaşması onların Vaşinqtonla münasibətlərinə kölgə sala bilər.

İkincisi də İsrailin münasibəti. Çünki, İsrail özünü bölgədə təhlükəsiz hiss edə bilmir. İsrail hesab edir ki, İranla anlaşma mümkün olmayacaq və dünya yenidən Tehrana qarşı iqtisadi sanksiyaların, yaxud da onun nüvə imkanlarının məhv edilməsi üçün mümkün hərbi əməliyyatlar variantına qayıtmalı olacaq.

«Financial Times» yazır ki, beləliklə də Obama administrasiyasının İranla bağlı hər bir addımı Tehranın ləng reaksiyası, İsrailin bədgümanlığı və ərəb dövlətlərinin narahatlığı ilə müşayiət olunacaq.
XS
SM
MD
LG