Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:33

İranda türkçü molla həbsdən çıxdı


Əbdüləzim Əzimiqədimi Qum şəhərindəki «Ləngəvud» həbsxanasından bir neçə gündür ki, buraxıblar
Əbdüləzim Əzimiqədimi Qum şəhərindəki «Ləngəvud» həbsxanasından bir neçə gündür ki, buraxıblar
... Heç təbrikə imkan da vermədi, tez-tələsik dedi ki, milləti zindanda ikən, özünün həbsdən buraxılmağını azadlıq hesab etmir. Bircə ailəmə görə sevinirəm deyir, uşaqlar başsız qalmışdılar.

... İranda azərbaycanlı fəal, din xadimi Əbdüləzim Əzimiqədimi Qum şəhərindəki «Ləngəvud» həbsxanasından bir neçə gündür ki, buraxıblar. Bu, fəalın üçüncü həbsi idi.

Sonuncu ittihamı bu imiş ki, fəala molla paltarı geymək qadağan olunubmuş, o da bu qərarı ədalətli saymayıb, ana dilində təhsil tələbi ilə keçirilən aksiyalara molla paltarında gedib:

- Əbdüləzim bəy, İranda həm molla, həm də türkçü olmaq nə dərəcədə çətindir?

- Bilirsiniz, bu libas məsələsi üzdə təqdim olunan bəhanədir ki, kənardan baxıb siyasi məhbus qiyməti verməsinlər. Əslində, məqsəd milli hüquqları qoruyan fəallara təzyiq etməkdir. Bundan başqa, İranda türkçü olmaq o demək deyil ki, biz radikal millətçiyik, hədəfimiz ancaq haqlarımızı müdafiə etməkdir. Onlar istəyirlər göstərsinlər ki, azərbaycanlıların istəkləri islam dinindən uzaqdır. Əslində, biz sübut edəcəyik ki, fars şovinizmi islamdan uzaqdır. Hesab edirik ki, mollalıq müstəqil bir fəaliyyətdir və bunun hökumət tərəfindən tənzimlənməsi hüquq pozuntusudur.

- Axırıncı bir ili həbsdə idiniz, nədir təəssüratınız, bu bir ildə İranda azərbaycanlı fəalların vəziyyətində dəyişiklik varmı?

- Fəallıq getdikcə artır. Təbrizdə, Ərdəbildə, Sulduzda, Urmu, Qoşaçayda fəallıq daha da yüksəkdir.

- Bəs sadə xalq arasında necə?

- Sadə xalq arasında da əvvəlki illərə nisbətən fəallıq çox yüksəlib. Əvvəllər ana dili haqda çox da danışmaq istəmirdilər, deyirdilər ki, dövlət dili bir olar. İndi heç olmasa deyirlər ki, onlar ana dilində təhsil istəyirlər, sadəcə, hökumətə qarşı çıxmaqdan çəkinmirlər.

- Belə bir arqument də vaxtaşırı səslənir ki, İran təbii olaraq separatçılıqdan çəkinir, ona görə də azərbaycanlılara ana dilində təhsil haqqı vermir.

- Bir millətin haqqını versən, ayrılmaz, verməsən, ayrılmaq istəyər. Hökumət də bunu bilir. Amma bir qrup fars şovinisti var ki, hökumətə təsiri yüksəkdir, bu adamların məqsədi Azərbaycan xalqını farslaşdırmaqdır, bizi farslara assimilyasiya etməkdir. Haqqını alan millət ayrılıq istəməz, odur ki, inanmıram ki, təzyiqlərin səbəbi ayrılıq qorxusudur.

- Əbdüləzim bəy, milli mətbuatla bağlı vəziyyət necədir?

- İranda problem təkcə ana dili təhsili ilə bağlı deyil. İranda haqqı istəmək də qadağandır. Bizim millətlə danışmaq imkanımız yoxdur. Fəalların kiçik qəzetlərini də bağlayırlar, özlərini həbs edirlər. Gedin Təbriz televiziyasına baxın, adı Azərbaycan dilində televiziyadır, əsas verilişlər farsca verilir. Azərbaycan dilində olan verilişlər də hökuməti təbliğ edirlər.

- Təbrizdəkilərin Bakıdan gözləntisi nədir?

- Rəsmi Bakıdan ciddi dəstək hiss etmirik. Amma hökumətdən intizar çox olmaz. Çünki yeni müstəqillik qazanmış dövlətdir, qonşusu ilə münasibətləri pisləşdirmək istəmir. Azərbaycan hökumətindən bir istəyimiz var ki, Qarabağ problemini İran azərbaycanlıları arasında təbliğ eləsin. Buradakı azərbaycanlılar Qarabağ haqda az məlumatlıdırlar. Amma əsas intizarımız Azərbaycan xalqından, ictimai təşkilatlardan, televiziyalardandır. İstərdik ki, bizi özgə yox, özlərinizdən bilsinlər.

“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.
XS
SM
MD
LG