Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

İnvestisiya layihələrindən niyə danışılmadı?


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev
Aprelin 28-də Hesablama Palatası Milli Məclisdə illik hesabatla çıxış edib. Palatanın sədri Heydər Əsədov ötən bir il ərzində büdcə vəsaitlərinin xərclənməsinə nəzarətlə bağlı müxtəlif effektli addımlar atıldığını bildirib:

«Yalnız üç rayonda apardığımız yoxlama nəticəsində xəstəxanalarda çarpayıların sayı 235 ədəd azaldılıb. Belə faktlar digər rayonlarda da var». Bundan başqa cənab Əsədov arxiv idarələrində kolxoz, sovxoz dövründən qalma saxta sənədlər hesabına əsasız pensiyaların təyin edilməsi, bəzi rayonlardakı orta məktəblərdə əsasız sinif otaqlarının artırılması və s. müxtəlif qanunsuz halları üzə çıxarıblar.

Hesabatın əleyhinə səs verən millət vəkili Pənah Hüseyn deyir ki, builki hesabat da ötən ilkindən elə də fərqlənmir. Millət vəkilinə görə, cəmiyyəti və ictimai qurumları narahat edən iri investisiya layihələrindən hesabatda söz açılmaması bu sənədin dəyərinə xeyli xələl gətirir:

«Hesabat köhnə hesabat kimi tərtib olunub. Cəmiyyət üçün lazım olan qlobal xarakterli məsələlərə ümumiyyətlə toxunulmayıb. İdxal-ixrac əməliyyatlarında dövlət büdcəsindən maliyyələşən iri investisiya layihələrində ciddi maliyyə mənimsəmələri olur».

Millət vəkilinə görə, əslində iri investisiya layihələrdən danışmaq qadağan olunan bir məsələdir və Hesablama Palatası bu layihələrə ümumiyyətlə yaxın dura bilmir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir hesabatda ortalığa maraqlı məqamlar çıxarılıb, amma büdcənin az qala 50 faizini əhatə edən investisiya layihələrindən söz açılmayıb:

«Mənim bu hesabatda görmək istədiyim məsələ az qala büdcənin 50 faizini əhatə edən investisiya xərclərinin icrası məsələsində olan problemlərin üzə çıxarılması idi. Xüsusilə də ötən il hökumət investisiya xərclərinin bölgüsü ilə bağlı sərəncama beş dəfə dəyişiklik edib. Mən Hesablama Palatasının rəyində bu qədər dəyişiklik zərurətinin nəylə bağlı olduğunu görə bilmədim».

Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Nazim Məmmədov isə deyir ki, bəzi çatışmazlıqlar nəzərə alınmasa hesabat normaldır:

«Hesablama Palatasının hesabatını oxuyanda görürsən ki, doğurdan bir çox iri həcmli təhlil və analitik işlər görülüb və tövsiyələr verilib. Şəffaflıq baxımından, büdcə vəsaitlərinin səmərəli istifadəsi baxımından ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının üzərinə böyük yük düşür. Bunu həyata keçirmək üçün həm qanunvericilik bazası təkmil olmalıdır, həm də Hesablama Palatasının praktiki işləri gözəçarpacaq dərəcədə olmalıdır».

Deputat Hesablama Palatasına gələn ilki hesabatının daha dolğun olacağını düşünür.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG