Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:20

AŞ rəsmisi Bakı meriyasına seçkilər məsələsini müzakirə edib


Avropa Şurası (AŞ) Konqresinin prezidenti Halvdan Skard Azərbaycan rəsmiləri ilə görüşdə Bakı meriyasına seçkilər məsələsini də müzakirə edib. Bunu «Azadlıq» radiosuna müsahibəsində cənab Skard deyib. AŞ rəsmisi bildirir ki, görüşlərdə AŞ-la Azərbaycan arasında dialoq, Azərbaycanın bu qurum qarşısında öhdəlikləri müzakirə olunub.


Bakı merinin seçilməsini AŞ Azərbaycana hələ 2003-cü ildə tövsiyə etmişdi. Azərbaycan Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasını ratifikasiya edib. Bir müddət əvvəl AŞ Yerli və Regional Hakimiyyətlər Konqresinin keçmiş prezidenti Covanni Di Stasi Bakıda səfərdə olanda bu məsələnin hələ də açıq qalmasından narahatlığını bildirmişdi.


Konqresin yeni prezidenti Halvdan Skard isə, Bakıya iyunun 26-da gəlib. İyunun 27-də o, Mərkəzi Seçki Komissiyası, Ədliyyə Nazirliyi və Milli Məclisdə görüşlər keçirib.


Cənab Skard «Azadlıq» radiosuna deyib ki, görüşlərdə bu il oktyabrın 6-da keçiriləcək təkrar bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub. Onun sözlərinə görə, Azərbaycanın seçki keçirmək sahəsində kifayət qədər təcrübəsi var, ancaq AŞ ekspertləri bundan əvvəlki seçkiləri müşahidə ediblər, ona görə də öz təcrübələrini ölkə rəsmiləri ilə bölüşüblər.


Bu ilin mayında AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi qətnamə qəbul etmişdi ki, bu ilin sonuna qədər Azərbaycanda təkrar bələdiyyə seçkiləri keçirilməsə və Azərbaycanın nümayəndə heyəti tam tərkibdə formalaşdırılmasa, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər.


XS
SM
MD
LG