Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:35

«Barmek»in əmlakına və bank hesabına həbs qoyuldu


İyulun 3-də Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İşlər üzrə İqtisad Məhkəməsi «Barmek - Azərbaycan» Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) bütün əmlakına və bank hesabına həbs qoyub. İqtisadi İnkişaf naziri Heydər Babayev məsələ ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, məhkəmənin qərarı şirkətin öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır: «İqtisadi İnkişaf Nazirliyi tərəfindən məhkəmədə iddia qaldırılıb. İddianın təmin edilməsi tədbirlərinin seçilməsi barədə ərizə verilib və bu ərizə təmin olunub. Məhkəmənin qərarı ilə «Barmek»in bütün əmlakına, şirkətin bank hesablarına həbs qoyulub və hər hansı bir əmlakın özgəninkiləşdirilməsi qadağan edilib».


Bir neçə gün əvvəl «Azadlıq» radiosuna müsahibəsində «Barmek»in prezidenti Hüseyn Arabul bildirmişdi ki, onların hökumətlə müqavilələri iyunun 30-da başa çatır. Bundan sonra isə, şirkətin nəzarət etdiyi elektrik paylayıcı şəbəkə bir müddət hökumətin öz qurumlarından biri ilə birlikdə idarə olunacaq. Hələlik MMC-dən məhkəmənin son qərarına münasibət bildirmədilər.


Bir neçə ay əvvəl Respublika Prokurorluğu paytaxt Bakı və ətraf rayonlarında elektrik paylayıcı şəbəkə kimi fəaliyyət göstərən Türkiyə şirkəti «Barmek»i maliyyə pozuntularında ittiham edərək, ona qarşı cinayət işi başlamışdı. İndiyə qədər müəssisənin bir neçə yüksək vəzifəli əməkdaşı həbs olunub. Şirkət özü isə, səslənən ittihamları rədd edir.
XS
SM
MD
LG