Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:41

Kitabi-Dədə Qorqud (Dirsə xan oğlu Buğac boyu)


əvvəli

Bir gün Qam Ğan oğlu Bayındır xan yerindən durmuşdu.

Şami günlüyünü yer üzündə qurdurmuşdu.

Hündür alaçığı göy üzünə dirənmişdi.

Min yerdə ipək xalça döşənmişdi...

Xanlar xanı Bayındır xan ildə bir dəfə şadlıq edib, oğuz bəylərini
qonaq edərdi.

Yenə şadlıq məclisi qurub, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı.

Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdə qara otaq qurdurmuşdu.

“Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçə döşəyin,
önünə qara qoyun ətinin qovurmasından
gətirin. Yeyir-yesin, yemirsə – dursun getsin” demişdi. “Oğlu
olanı ağ otağa, qızı olanı qırmızı otağa yerləşdirin. Oğlu-qızı olmayanı
Allah qarğıyıb, biz də qarğayarıq; qoy bilsin” demişdi.
Oğuz bəyləri bir-bir gəlib yığılmağa başladılar. Dirsə xan deyilən bir
bəyin oğlu-qızı yox idi. Ozan soylamış, görək, xanım, nə soylamışdır:
Salxım-salxım dan yelləri əsdikdə,
Saqqallı, boz, ac torağay ötdükdə,
Saqqalı uzun tat kişi azan çəkəndə,
Bədəvi atlar yiyəsini görüb kişnədikdə,
“Ağlı”, “qaralı” seçilən çağda,
Köksü gözəl qaya dağlara gün dəyəndə,
İgid bəylər, pəhləvanlar bir-birilə güləşəndə
Dirsə xan sübh tezdən qalxıb, yerindən durdu; qırx igidini dəstəsinə
qatıb Bayındır xanın məclisinə gəldi.
Bayındır xanın igidləri Dirsə xanı qarşıladılar, gətirib qara otaqda
oturtdular, altına qara keçə döşədilər, qara qoyun qovurmasından önünə
gətirdilər. “Bayındır xanın əmri belədir, xanım!” dedilər. Dirsə xan
deyir: “Bayındır xan mənim hansı əksikliyimi gördü? Qılıncımdanmı
gördü, süfrəmdənmi gördü? Məndən alçaq kişiləri ağ otaqda, qırmızı
otaqda oturtdu. Mənim günahım nə oldu ki, qara otağa yerləşdirdi?”.
Dedilər: “Xanım, bu gün Bayındır xandan buyruq belədir ki, oğluqızı
olmayanı Tanrı qarğayıbdır; biz də qarğayırıq”.
Dirsə xan yerindən qalxdı: “İgidlərim, qalxıb yerinizdən durun! Bu
böyük eyib mənə ya məndən, ya arvaddandır”,-dedi.
Dirsə xan evinə gəldi. Çağırıb qadınını soylayır, görək, xanım, nə
soylayır. Soylama. Deyir:
Bəri gəl, başımın baxtı, evimin taxtı!
Evdən çıxıb yeriyəndə sərv boylum!
Topuğuna sarmaşanda qara saçlım!
Qurulmuş yaya bənzər çatma qaşlım!
Qoşa badam sığmayan dar ağızlım!
Payız almasına bənzər al yanaqlım!
Qadınım, dayağım, döl verənim!
Görürsənmi nələr oldu?
Bayındır xan qalxıb yerindən durmuş, bir yerdə ağ otaq, bir yerdə
qırmızı otaq, bir yerdə qara otaq tikdirmişdir. “Oğulluları ağ otaqda,
qızlını qırmızı otaqda, oğlu-qızı olmayanı qara otaqda oturdun; altına
qara keçə döşəyin, önünə qara qoyun ətinin qovurmasını gətirin:
yeyir-yesin, yemirsə, dursun-getsin. Bir adamın ki, oğlu-qızı olmaya,
onu Allah qarğayıbdır, biz də qarğayırıq” – demişdir.
Gəlib qarşıladılar, qara otaqda oturtdular, qara qoyun ətindən qovurmanı
önümə gətirdilər. “Oğlu-qızı olmayanı Tanrı qarğayıbdır, bil
ki, biz də qarğayarıq” – dedilər. “Səndənmidir, məndənmidir, nədəndir
Allah bizə bir yetkin oğul vermir?” – dedi. Soyladı:
Xan qızı, yerimdən durummu?
Yaxandan-boğazından tutummu?
Qaba dizimin altına salımmı?
Böyük, iti, polad qılıncımı əlimə alımmı?
Öz gövdəndən başını kəsimmi?
Can şirinliyini sənə bildirimmi?
Alca qanını yer üzünə tökümmü?
Xan qızı, səbəbi nədir, de mənə!
Qatı cəza verərəm indi sənə! – dedi.
Dirsə xanın qadını soylamış, görək, nə soylamışdır:
Ay Dirsə xan, mənə qəzəblənmə!
İnciyib acı sözlər söyləmə!
Yerindən qalx, ayağa dur,
Yer üzündə böyük çadır qur!
Ayğır, buğra, qoç qırdır!
İç Oğuzun, Daş Oğuzun bəylərini üstünə yığ!
Ac görsən, doydur; çılpaq görsən, geyindir!
Borclunu borcundan qurtar!
Təpə kimi ət yığ, göl kimi qımız sağdır!
Böyük şadlıq məclisi qur, Allahdan arzunu dilə!
Bəlkə bir ağzı dualının alqışı ilə
Tanrı bizə bir yetkin övlad verə, – dedi.
Dirsə xan arvadının sözü ilə böyük məclis qurdurdu, Allahdan
istəyini dilədi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç
Oğuz, Daş Oğuz bəylərini ora topladı. Ac gördüsə, doydurdu.
Yalın gördüsə, geyindirdi. Borclunu borcundan qurtardı. Təpə kimi
ət yığdı. Göl kimi qımız sağdırdı. Əl götürüb arzularını dilədilər.
Allah bir ağzı dualının alqışı ilə övlad verdi. Arvadı hamilə oldu. Bir
neçə müddətdən sonra isə bir oğlan doğdu. Oğlancığı dayələrə verdi,
saxlatdı...
At ayağı iti, ozan dili çevik olur. Yiyəsi olan yekəlir, qabırğalı böyüyür.
Oğlan on beş yaşına girdi. Oğlanın atası köçüb Bayındır xanın
adamlarına qarışdı.
Deyilənə görə, Bayındır xanın bir buğası və bir də buğrası vardı.
O buğa bərk daşa buynuz vursa, un kimi üyüdərdi. Bir yazda, bir də
payızda buğa ilə buğranı savaşdırırdılar. Bayındır xan Qalın Oğuz bəyləri
ilə tamaşaya baxır, əylənirdi.
Bir dəfə, sultanım, yenə yazda buğanı saraydan çıxardılar. Dəmir
zəncirli buğanı üç kişi sağdan, üç kişi də sol yandan tutmuşdu. Gəlib
meydanın ortasında qoyub getdilər. Bu vaxt Dirsə xanın oğlu üç uşaqla
meydanda “aşıq-aşıq” oynayırdı. Buğanı qoyub gedəndə oğlanlara
“qaç” dedilər. Oğlanların üçü qaçdı, Dirsə xanın oğlu qaçmadı. Hündür
meydanın ortasında durdu-baxdı. Buğa da hücum edib oğlana sarı
gəldi. İstədi ki, oğlanı həlak etsin. Oğlan buğanın alnına çəpəki bir
zərbə vurdu. Buğa dal-dalı getdi, geri qayıdıb oğlana hücum etdi. Oğlan
yenə buğanın alnına möhkəm bir yumruq vurdu; bu dəfə buğanın
alnına yumruğunu dayadı, itələyib meydanın başına çıxardı.
Oğlanla buğa xeyli çəkişdilər. Buğanın iki kürəyi üstündə köpük
durdu. Nə oğlan, nə də buğa üstün gəlirdi. Oğlan fikirləşib öz-özünə
dedi: “Bir dama dirək vururlar, o dama dayaq olur. Mən niyə bunun
alnına dayaq olub dururam?” Yumruğunu buğanın alnından çəkib,
yolundan atıldı. Buğa ayaq üstündə dura bilmədi, yıxıldı; təpəsi üstə
düşdü. Oğlan bıçağına əl atdı. Buğanın başını kəsdi.
Oğuz bəyləri gəlib, oğlanın başına toplaşdılar, əhsən dedilər.
“Dədəm Qorqud gəlsin, bu oğlana ad qoysun: özüylə götürüb, atasının
yanına getsin. Atasından oğlana bəylik istəsin, təxt alıb versin”-
dedilər.
Çağırdılar, Dədə Qorqud gəldi. Oğlanı götürüb atasının yanına
getdi. Dədə Qorqud oğlanın atasına soylamış, görək, xanım, nə soylamış
– demişdir:
Hey Dirsə xan! Oğlana bəylik ver,
Təxt ver, -güclüdür, ərdəmlidir!
Boynu uzun bədəvi at ver,
Qoy minsin, hünərlidir!
Yaylağından on qoyun ver,
Bu oğlana şişlik olsun, cüssəlidir!
Qaytabandan qızılı dəvə ver bu oğlana,
Qoy yükləsin, hünərlidir!
Qızıl tağlı hündür ev ver bu oğlana,
Kölgə olsun, ərdəmlidir!
Çiyni quşlu cübbə-don ver sən bu oğlana,
Qoy geyinsin, hünərlidir!
Bu oğlan Bayındır xanın uca meydanında vuruşmuşdur. Sənin oğlun
bir buğa öldürmüşdür, qoy adı “Buğac” olsun. Adını mən verdim,
yaşını Allah versin, -dedi.
Dirsə xan oğlana bəylik verdi, taxt verdi. Oğlan taxta çıxdı, atasının
qırx igidini unutdu. O qırx igid həsəd çəkdi, kin saxladı. Bir-birinə
söylədilər: “Gəlin, oğlanı atasının gözündən salaq. Bəlkə atası onu öldürə,
hörmətimiz onun atası yanında yenə xoş ola, artıq ola”, -dedilər.
Bu qırx igidin iyirmisi bir yana, iyirmisi də o biri yana getdi. Əvvəlcə
iyirmisi gedib, Dirsə xana bu xəbəri gətirdi: “Görürsənmi, Dirsə
xan, nələr oldu? Yarımasın sənin oğlun, nankor və fərsiz çıxdı. Qırx
igidini dəstəsinə qatıb, Qalın Oğuzun üstünə yürüş etdi. Harada gözəl
vardısa, çəkib aldı. Ağ saqqallı qocanın ağzına, ağ birçəkli qarının
südünə söydü. Axan duru sulardan, çılpaq yatan Ala dağdan söz-sov
adlayıb-keçər, xanlar xanı Bayındıra xəbər çatar. “Dirsə xanın oğlu
belə yaramaz işlər görüb” desələr, yer üzündə gəzməyindən ölməyin
yaxşı olar. Bayındır xan səni çağırar, sənə ağır cəza verər. Belə oğul
sənin nəyinə gərəkdir? Belə oğulun olmasından olmaması yaxşıdır.
Öldürsənə!”- dedilər.
Dirsə xan: “Gedin, gətirin, öldürüm!” – dedi. Belə dedikdə, xanım,
o namərdlərin iyirmisi də gəlib çıxdı və bir iftira da onlar gətirdilər. Dedilər:
“Dirsə xan, sənin oğlun qalxıb yerindən durdu, köksü gözəl böyük
dağa ova çıxdı. Sən var ikən ov ovladı, quş vurdu. Anasının yanına götürüb
gəldi. Al şərabın tündünü aldı, içdi. Anası ilə dilbir olub, atasına
qəsd etmək istəyir. Sənin oğlun nankor çıxdı. Çılpaq yatan Ala dağdan
ötüb, xanlar xanı Bayındıra xəbər çatar. “Dirsə xanın oğlu belə yaramaz
işlər görüb” deyərlər. Səni çağırdarlar, Bayındır xanın yanında sənə
cəza verərlər. Belə oğul nəyinə gərəkdir? Öldürsənə!” – dedilər.
Dirsə xan dedi: “Gedin, gətirin, öldürüm! Belə oğul mənə gərək
deyil!”.
Dirsə xanın nökərləri deyir: “Biz sənin oğlunu necə gətirək? Sənin
oğlun bizim sözümüzü dinləməz, bizim sözümüzlə gəlməz. Qalxıb yerindən
dur. İgidlərini oxşayıb başına yığ; oğlunla görüş, yanına alıb
ova çıx. Quş uçurub ov ovlayanda oğlunu oxlayıb öldür! Əgər belə
öldürməsən, bil ki, başqa cür öldürə bilməzsən!”. Soylama:
Salxım-salxım dan yelləri əsdikdə,
Saqqallı boz, ac torağay ötdükdə,
Bədəvi atlar yiyəsini görüb kişnədikdə,
Saqqalı uzun tat kişi azan çəkəndə,
“Ağlı”, “qaralı” seçilən çağda,
Qalın Oğuzun gəlini-qızı bəzənən çağda,
Köksü gözəl böyük dağlara gün dəyəndə,
İgid bəylər, qəhrəmanlar bir-birilə döyüşəndə...
Dirsə xan sübh tezdən yerindən durdu. Oğlunu yanına salıb, öz qırx
igidinin dəstəsinə qoşdu,ova çıxdı. Ov ovladılar, quş vurdular. O qırx
namərdin bir neçəsi oğlanın yanına gəlib deyir: “Atan dedi, keyikləri
qovub gətirsin, mənim qarşımda toplasın; oğlumun at səyirtməyini,
qılınc çalmağını, ox atmağını görüm, sevinim, öyünüm!”.
Oğlan cavandır, nə bilsin? Keyiki qovub gətirir, atasının qarşısında
qıcıqlandırıb-acıqlandırırdı ki, “atam at çapmağıma baxsın, – öyünsün;
ox atmağıma baxsın, – fərəhlənsin; qılınc çalmağıma baxsın –
sevinsin!”.
O qırx namərd isə deyir: “Dirsə xan, görürsənmi, oğlanı? Çöldəndüzdən
keyiki qovur, sənin qabağına gətirir ki, keyikə atarkən oxla
səni vurub öldürsün. Oğlun səni öldürməmiş sən oğlunu öldür!”.
Oğlan keyiki qovarkən atasının önündən gəlib-gedirdi. Dirsə xan
Qorqud sinirli bərk yayını əlinə aldı. Üzəngiyə qalxıb möhkəm çəkdi,
sərrast atdı: oğlanı iki kürəyinin arasından vurub yıxdı. Ox yarasından
oğlanın qanı şoruldadı, qoynuna doldu. O, bədəvi atının boynunu qucaqlayıb
yerə yıxıldı.
Dirsə kövrəlib oğlunun üstünə atılmaq istədi. O qırx namərd
qoymadı. Atının cilovunu döndərib qərargahına gəldi.
Dirsə xanın arvadı “oğlancığımın ilk ovudur” deyə atdan ayğır,
dəvədən buğra, qoyundan qoç qırdırmışdı. “Ovu qanlı oğuz bəylərini
yedirim-içirim, sevindirim” dedi. Özünü yığışdırıb yerindən cəld durdu.
Qırx incə qızı da özü ilə götürdü. Dirsə xana tərəf getdi. Qapaq
qaldırdı, Dirsə xanın üzünə baxdı. Sağına-soluna göz gəzdirdi, oğlunu
görmədi. Qara bağrı sarsıldı. Ürəyi tamam yerindən oynadı. Qara
qıyma gözləri qan-yaşla doldu. Çağırıb Dirsə xana soylayır, görək, xanım,
nə soylayır:
Başımın baxtı, evimin taxtı, bəri gəl!
Xan atamın kürəkəni,
Xanım anamın seviləni,
Atam-anam verdiyi,
Göz açaraq gördüyüm,
Könül verib sevdiyim, a Dirsə xan!
Qalxıb yerindən durdun,
Qara yallı gözəl Qazlıq atını mindin.
Köksü gözəl böyük dağa ova çıxdın.
İki getdin, bir gəlirsən, balam hanı?
Qara dövranda tapdığım oğul hanı?
Çıxsın mənim bu kor gözüm, a Dirsə xan,
yaman səyriyir.
Kəsilsin oğlun əmən süd damarım, yaman sızlayır.
Sarı ilan sancmadan ağca bədənim qalxıb şişir.
Təkcə-bircə oğlum görünmür, bağrım yanır.
Quru-quru çaylara suçu saldım,
Qara donlu dərvişlərə nəzirlər verdim.
Ac gördüm, -doyurdum; yalın gördüm, -geyindirdim.
Təpə kimi ət yığdım, göl kimi qımız sağdırdım.
Arzu-diləklə bir oğul güclə tapdım.
Yalnız oğlumun xəbərini, a Dirsə xan, de mənə!
Qarşıdakı Ala dağdan bir oğul uçurdunsa, de mənə!
İti axan coşğun sudan axıtdınsa, de mənə!
Aslana-qaplana oğlumu yedirtdinsə, de mənə!
Qara donlu, azğın dinli kafirlərə tutdurdunsa, de mənə!
Xan atamın yanına mən gedim,
Ağır xəzinə, böyük qoşun alım,
Azğın dinli kafir üstünə gedim,
Yaralanıb Qazlıq atımdan enməyincə,
Yenimlə, ətəyimlə al qanımı silməyincə,
Qol-bud olub yer üstünə düşməyincə,
Tək oğlumun yolundan mən dönmərəm.
Yalnız oğul xəbərini, a Dirsə xan, de mənə!
Qara başım qurban olsun bu gün sənə! – dedi, zarıldayıb ağladı.
Arvadı belə danışanda Dirsə xan cavab vermədi. O qırx namərd
qabağa gələrək dedi: “Oğlun sağ-salamatdır, ovdadır. Bu gün sabah
harda isə, gələr. Qorxma, qayğılanma, bəy sərxoşdur, cavab verə
bilmir”.
Dirsə xanın arvadı qayıdıb geri döndü. Dözmədi, qırx incə qızı özü
ilə götürüb, bədəvi ata mindi, oğlunu axtarmağa getdi. Qışda-yazda
qarı-buzu əriməyən Qazlıq dağına gəldi-çıxdı. Alçaq yerləri gəzdi,
çapıb uca yerlərə çıxdı. Baxdı-gördü ki, bir dərənin içində qarğaquzğun
enir-çıxır, qonur-qalxır. Bədəvi atını sürüb, o tərəfə çapdı.
Sən demə, sultanım, oğlan o arada yıxılıbmış. Qarğa-quzğun qan
görüb, oğlanın üstünə qonmaq istəyirdi. Oğlanın iki ov iti vardı, qarğaquzğunu
qovurdu, qonmağa qoymurdu. Oğlan orada yıxılanda Boz atlı
Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb:
“Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın
südü sənin yarana məlhəmdir”-deyib yox oldu.
Oğlanın anası çapıb, oğlanın olduğu yerə gəlib çıxdı. Baxdı gördü
oğlu al qanına bulaşıb yatır. Çağıraraq oğlancığını soylayır, görək,
xanım, necə soylayır:
Qara qıyma gözlərini yuxu almışdır, aç daha!
O uzanmış qol-qıçını yığışdır daha!
Tanrı verən şirin cana gəldin daha,
Üz-gözündə can qalıbsa, oğul, xəbər ver mənə!
Qara başım qurban olsun, oğul, sənə!..
Niyə axır sənin suların, Qazlıq dağı,
Belə axmaqdansa, heç axmasın!
Niyə bitir sənin otların, Qazlıq dağı,
Belə bitməkdənsə, heç bitməsin!
Keyiklərin qaçır sənin, Qazlıq dağı,
Qaçar ikən qaçmaz olsun, daşa dönsün!
Nə bilim, oğul, aslandan, yoxsa qaplandan oldu?
Nə bilim, oğul, bu qəza sənə haradan oldu?
Bədənində canın varsa, xəbər ver, oğul,
Qara başım qurban olsun, oğul, sənə!
Ağız-dildən bir neçə söz, xəbər mənə!
Belə dedikdə oğlanın qulağına səs dəydi. O, başını qaldırdı, azacıq gözünü
açdı. Anasının üzünə baxdı. Soylamış, görək, xanım, nə soylamışdır:
Bəri gəl, ağ südünü əmdiyim, xanım ana!
Ağ birçəkli, hörmətli, canım ana!
“Axar sular” deyib qarğama,
Qazlıq dağının sularının günahı yoxdur.
Qaçan keyiklərini qarğama,
Qazlıq dağının günahı yoxdur.
Aslanını, qaplanını qarğama,
Qazlıq dağının günahı yoxdur.
Qarğayırsan, atamı qarğa,
Bu suç, bu günah atamındır, – dedi.
Oğlan yenə dedi: “Ana, ağlama; qorxma, bu yaradan mənə ölüm
yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramın üstündə əl gəz-
dirdi. “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə anan südü sənə
dərmandır”, – dedi”.
Oğlan belə dedikdə qırx incə qız yayılıb, dağ çiçəyi topladı.
Oğlanın anası əmcəyini bir sıxdı, südü gəlmədi. İki sıxdı, südü gəlmədi.
Üçüncüdə özünə bir zərbə vurdu, sıxdı, südlə qan qarışıq gəldi.
Dağ çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı ata mindirdilər,
götürüb evə gətirdilər. Oğlanı həkimlərə tapşırıb Dirsə xandan gizlətdilər.
At ayağı iti, ozan dili çevik olur, xanım! Oğlanın yarası qırx gündə
sağaldı, sap-sağlam oldu. Oğlan ata minir, qılınc qurşanırdı. Ov ovlayır,
quş vururdu. Dirsə xanın isə xəbəri yox idi. Oğlunu ölmüş bilirdi.
O qırx namərd bunu duydu. “Nə eyləyək?” deyə düşündülər. “Dirsə
xan oğlunu görərsə, oturmaz, hamımızı qırar”, – dedilər. “Gəlin,
Dirsə xanı tutaq, ağ əllərini ardına bağlayaq, ağ boynuna qıl sicim
taxaq, götürüb kafir ellərinə gedək”, – deyə Dirsə xanı tutdular, ağ
əllərini ardına bağladılar, boynuna qıl sicim taxdılar, ağ ətindən qan
çıxınca döydülər. Dirsə xan piyada, bunlar atlı getdilər, qalın ellərinə
yönəldilər. Dirsə xan dustaq oldu – getdi. Onun dustaqlığından oğuz
bəylərinin xəbəri yox idi.
Sən demə, sultanım, Dirsə xanın arvadı bunu duyubmuş; oğlunun
qarşısına gedib soylamış, görək, xanım, nə soylayıb demişdir:
Görürsənmi, ay oğul, nələr oldu?!
Sərt qayalar oynamadı, yer ovuldu.
Eldə düşmən yoxkən atanın üstünə düşmən gəldi.
Atanın o qırx namərd yoldaşı onu tutdu.
Ağ əllərini ardına bağladılar.
Ağ boynuna qıl sicim taxdılar.
Özləri atlı, atanı piyada yeritdilər.
Alıb uzaq kafir ellərinə yönəldilər.
Xan oğlum! Qalxıb yerindən ayağa dur!
Qırx igidini dəstənə qat!
Atanı o qırx namərddən qurtar!
Yeri, oğul!
Atan sənə qıydısa da, sən atana qıyma! – dedi.
Oğlan anasının sözünü sındırmadı. Buğac bəy yerindən durdu.
Böyük, iti polad qılıncını belinə qurşadı. Ağ tozluca bərk yayını əlinə
aldı. Qızıl nizəsini əlinə götürdü. Gözəl bədəvi atını tutdurub mindi.
Qırx igidini yanına alıb, atasının ardınca çapıb getdi.
O namərdlər də bir yerdə dayanıb dincəlirdilər. Al şərabın
tündündən içirdilər. Buğac xan çapıb yetişdi. O qırx namərd onu görüb
dedi: “Gəlin, gedək, o igidi tutaq gətirək. İkisini bir yerdə kafirə
yetirək”. Dirsə xan dedi: “Qırx yoldaşım, aman verin! Tanrının birliyinə
şübhə yoxdur. Mənim əllərimi açın, qolça qopuzumu verin, o
igidi geri döndərim. Sonra məni ya öldürün, ya da diri aparın!”
Əllərini açdılar, qolça qopuzunu verdilər. Dirsə xan oğlu olduğunu
bilmədi, qarşıya gəlib soylayır, görək, xanım, nə soylayır:
Boynu uzun bədəvi atlar gedirsə, mənimki gedir,
İçində sənin də mindiyin varsa, igid, de mənə,
Savaşmadan-vuruşmadan alıb verim, qayıt geri!
Yaylaqdan on min qoyun gedirsə, mənimki gedir,
İçində sənin də şişliyin varsa, söylə mənə,
Savaşmadan-vuruşmadan alıb verim, qayıt geri!
Qaytabandan qızılı dəvə gedirsə, mənimki gedir,
İçində sənin də yüklədiyin varsa, söylə mənə,
Savaşmadan-vuruşmadan alıb verim, qayıt geri!
Qızıl tağlı uca evlər gedirsə, mənimki gedir,
İçində sənin də otağın varsa, igid, söylə mənə,
Savaşmadan-vuruşmadan alıb verim, qayıt geri!
Ağ üzlü, ala gözlü gəlinlər gedirsə, mənimki gedir,
İçində sənin də nişanlın varsa, igid, de mənə.
Savaşmadan-vuruşmadan alıb verim, qayıt geri!
Ağ saqqallı qocalar gedirsə, mənimki gedir,
İçində sənin də ağ saqqallı atan varsa, de mənə,
Savaşmadan-vuruşmadan xilas edim, qayıt geri!
Mənim üçün gəldinsə, oğlancığımı öldürmüşəm.
İgid, sənin yazığın gəlməsin, qayıt geri!
Oğlan burada atasına soylamış, görək, xanım, nə soylamışdır:
Boynu uzun bədəvi atlar gedirsə, səninki gedir;
Mənim də içində mindiyim var,
qırx namərdə qoymaram!
Qaytabandan qızılı dəvə səninki gedir,
Mənim də içində yüklədiyim var,
qırx namərdə qoymaram!
Yaylaqdan gedən min-min qoyun səninkidir,
Mənim də içində şişliyim var,
qırx namərdə qoymaram!
Sənin ağ üzlü, ala gözlü gəlinlərin gedirsə,
İçində mənim də nişanlım var,
qırx namərdə qoymaram!
Qızıl tağlı uca evlərin gedirsə,
İçində mənim də otağım var,
qırx namərdə qoymaram!
Sənin ağ saqqallı qocaların gedirsə,
İçində mənim də bir ağlı çaşmış,
Başı itmiş qoca atam var,
qırx namərdə qoymaram! – dedi;
Qırx igidinə çalmasını yellədi, əl eylədi. Qırx igid bədəvi atını oynatdı,
oğlanın yanına yığıldı.
Oğlan qırx igidini götürüb, atını irəli sürdü, vuruşdu, döyüşdü.
Kiminin boynunu vurdu, kimini dustaq etdi. Atasını xilas edib qayıtdı,
geri döndü.
Dirsə xan burada yenə oğlunun sağ olduğunu bildi. Xanlar xanı,
oğlana bəylik verdi, taxt verdi. Dədəm Qorqud boy boyladı, soy soyladı,
bu oğuznaməni düzdü-qoşdu, belə dedi:
Onlar da bu dünyadan gəldi, keçdi,
Karvan kimi qondu, köçdü.
Onları da yer gizlədi, əcəl aldı.
Fani dünya yenə qaldı...
(Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!)
Qara ölüm gəldikdə keçid versin.
Sağlıqla dövlətini Allah artırsın.
O təriflədiyim uca Tanrı yar olub yardım etsin.
Xeyir-dua verək, xanım:
Yerli böyük dağların yıxılmasın!
Kölgəlicə uca ağacın kəsilməsin!
Coşğun axan gözəl suyun qurumasın!
Qanadlarının ucları qırılmasın!
Çaparkən ağ-boz atın büdrəməsin!
Döyüşəndə böyük, iti polad qılıncın gödəlməsin!
Vuruşarkən uzun nizən əyilməsin!
Ağ birçəkli ananın yeri behişt olsun!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Haqq yandıran çırağın daim yansın!
Qadir Tanrı səni namərdə möhtac eyləməsin,
xanım, hey!..

davamı
XS
SM
MD
LG