Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:46

Kitabi-Dədə Qorqud (Basatın Təpəgözü öldürdüyü boy)


əvvəli

Xanım, bir gün oğuzlar xəbərsiz otururkən yurdlarına düşmən gəldi. Onlar gecəylə qorxub köçdü.

Qaçıb gedərkən Aruz qocanın körpə oğlu düşüb yolda qalır, bir şir tapıb götürür, bəsləyir...

Bir müddətdən sonra oğuz camaatı yenə öz yurduna qayıtdı.
Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi. Deyir: “Xanım, qamışlıqdan bir şir çıxır, sıçrayıb qaçmağı adam kimidir, atı vurub-basır, qanını sümürür”.

Aruz deyir: “Xanım, bu bəlkə yerimizdən qaçanda düşüb itən körpə
oğlumdur?”. Bəylər atlandılar. Şirin yatağı üzərinə gəldilər. Şiri
qaçırıb, oğlanı tutdular. Aruz oğlanı evinə gətirdi. Şadlıq etdilər.
Yemək-içmək oldu. Amma oğlanı nə qədər saxlayıb-ovundurdularsa,
durmadı, şirin yataq yerinə qaçdı. Yenidən tutub gətirdilər.
Dədəm Qorqud gəldi. Dedi: “Oğlum, sən insansan. Heyvanla
həmsöhbət olma. Gəl, yaxşı atlar min, yaxşı igidlərlə iş yürüt! Böyük
qardaşının adı Qıyan Səlcikdir, sənin adın Basat olsun! Adını mən
verdim, yaşını Allah versin!”.
Oğuz camaatı bir gün yaylağa köçdü. Aruzun bir çobanı vardı. Qonur
Qoca Sarı çoban deyərdilər adına. Oğuzların önündə bundan əvvəl
kimsə köçməzdi. Uzun bulaq deyilən məşhur bir bulaq vardı. O bulağa
pərilər qonmuşdu. Birdən qoyunlar ürkdü. Çoban qabaqdakı təkəyə
hirsləndi, irəli getdi. Gördü ki, pəri qızlar qanad-qanada bağlayıb uçurlar.
Çoban öz yapıncısını üzərlərinə atdı. Pəri qızının birini tutdu. Tamah
salıb, qucaqladı... Qoyun ürkməyə başladı. Çoban qoyunun qabağına
qaçdı. Pəri qızı qanad çalıb uçdu. Dedi: “Çoban, il tamam olanda məndəki
əmanətini gəl, al!. Amma oğuzların başına bəla gətirdin!” Çobanın
içinə qorxu düşdü. Amma qızın ayrılığından bənizi saraldı.
Zaman gəldi, oğuzlar yenə yaylağa köçdülər. Çoban yenə bu bulağa
gəldi. Yenə qoyun ürkdü. Çoban irəli gəldi. Gördü ki, bir ət toplusu
yatır, par-par parıldayır. Pəri qızı gəlib dedi: “Çoban, əmanətin
budur, gəl götür! Amma Oğuzun başına bəla gətirdin!” – dedi. Çoban
bu ət topasını görəndə təəccübləndi. Geri dönüb, sapand daşına tutdu.
Vurduqca böyüdü; çoban həmin yığnağı qoydu, qaçdı; qoyunların
ardınca düşdü.
Sən demə, o zaman Bayındır xan bəylərlə gəzməyə çıxıbmış. Bu
bulağın üstünə gəldilər. Gördülər ki, bir təəccüblü şey yatır, başı-
ayağı bilinmir. Çevrəyə aldılar. Bir igid atdan düşüb onu tərpətdivurdu.
Vurduqca böyüdü. Bir neçə igid də düşüb vurdu. Onlar vurduqca
böyüdü. Aruz Qoca da enib vurdu-silkələdi, birdən mahmızı
həmin şeyə toxundu. Bu ət topasının pərdəsi yarıldı, içindən bir oğlan
uşağı çıxdı. Gövdəsi adam gövdəsi, təpəsində bir gözü vardı. Aruz bu
uşağı götürüb ətəyinə sarıdı. Dedi: “Xanım, bunu mənə verin, oğlum
Basatla böyüdüm!”.
Bayındır xan: “Sənin olsun!” – dedi.
Aruz Təpəgözü götürüb evinə gətirdi. Buyurdu, bir dayə gəldi.
Dayə əmcəyini ağzına verdi. Uşaq bir sordu, olan südünü içdi. İkinci
dəfə sordu, qanını içdi; üçüncüdə canını aldı. Bir neçə dayə gətirdilər.
Təpəgöz onları həlak etdi. Gördülər olmur, “südlə bəsləyək”- dedilər.
Gündə bir qazan süd çatmırdı. Bəslədilər, böyüdü, gəzməyə başladı.
Oğlan uşaqları ilə oynayırdı. Uşaqların kiminin burnunu, kiminin
qulağını yeməyə başladı. Xülasə, camaat bunun əlindən zara gəldi.
Aciz qaldılar, Aruza şikayət edib ağlaşdılar. Aruz Təpəgözü döydüsöydü,
belə hərəkətləri qadağan etdi; Təpəgöz sözünə baxmadı. Axır
ki, Aruz onu evindən qovdu.
Təpəgözün pəri anası gəlib oğlanın barmağına bir üzük keçirdi.
“Oğul, sənə ox batmasın, bədənini qılınc kəsməsin!” – dedi.
Təpəgöz oğuzların arasından çıxdı, bir uca dağda məskən saldı.
Yol kəsdi, adam oğurladı, böyük quldur oldu. Üzərinə bir neçə adam
göndərdilər. Ox atdılar, batmadı. Qılınc vurdular, kəsmədi. Süngünü
sancdılar, yerimədi. Çoban-çoluq qalmadı, Təpəgöz hamını yedi.
Oğuzların içində adam yeməyə başladı. Oğuzlar yığışıb onun üzərinə
gəldilər. Təpəgöz görüb qəzəbləndi. Bir ağacı qoparıb yerindən atdı,
əlli-altmış adam həlak elədi. İgidlərin başçısı Qazana elə zərbə vurdu,
dünya başına daraldı.
Qazanın qardaşı Qaragünə Təpəgözün əlində məğlub oldu. Dözən
oğlu Alp Rüstəm həlak oldu.
Uşun qoca oğlu kimi pəhləvan onun əlində öldü; onun iki qardaşı
da Təpəgözün əlində pak canını tapşırdı.
Dəmir donlu Mamaq onun əlində məhv oldu. Bığı qanlı Bükdüz
Əmən də Təpəgöz tərəfindən məğlub edildi. Təpəgöz ağ saqqallı
Aruz qocaya qan qusdurdu. Qıyan Səlcikin ödü yarıldı. Oğuzlar Təpəgözə
heç nə edə bilmədilər, vahiməyə düşüb qaçdılar. Təpəgöz
onların qarşısını aldı, geri qaytardı. Xülasə, oğuzlar yeddi dəfə qaçdı,
Təpəgöz onların qarşısını alıb, yeddi dəfə geri oturtdu. Oğuz yurdu
Təpəgözün əlində əsir-yesir olub qaldı. Gedib Dədə Qorqudu çağırdılar.
Onunla danışdılar: “Gəlin, pay ayıraq, xərac verək!” – dedilər.
Dədə Qorqudu Təpəgözün yanına göndərdilər. Gəldi, salam verdi.
Deyir: “Oğul, Təpəgöz, oğuz yurdu əlində əsir olub, viran qaldı. Sənin
ayağına məni göndəriblər. Sənə vaxtaşırı pay verək, deyirlər”.
Təpəgöz dedi: “Gündə altmış adam yığıb verin yeməyə!”. Dədə
Qorqud deyir: “Bu hesabla sən adam qoymaz, hamını qırarsan. Amma
gündə iki adamla beş yüz qoyun verə bilərik!”.
Dədə Qorqud belə deyəndə Təpəgöz deyir: “Yaxşı, elə olsun!
Lakin mənə həm də iki adam verin, yeməyimi bişirsin, mən yeyim!”.
Dədə Qorqud döndü, oğuz yurduna gəldi. Dedi: “Bunlu qoca ilə
Yapaqlı qocanı Təpəgözə verin, xörəyini bişirsin! Bir də gündə iki
adamla beş yüz qoyun istəyir”. Camaat razılaşdı. Dörd oğlu olan birini
verdi, üçü qaldı. Üç oğlu olan birini verdi, ikisi qaldı. İki oğlu olan
birini verdi, biri qaldı.
Qapaqqan adlı bir kişi vardı. İki oğlu vardı. Bir oğlunu vermiş, biri
qalmışdı. İndi növbə dolanıb ona çatmışdı. Anası fəryad edib zar-zar
ağladı. Sən demə, xanım, Aruz oğlu Basat harasa döyüşə gedibmiş; bu
zaman gəlib çıxdı. Oğlanın anası dedi: “Basat indi çapqınçılıqdan gəlib.
Gedim, bəlkə mənə bir əsir verdi, oğulcuğazımı qurtara bildim”.
Basat qızıl naxışlı günlüyünü qurub oturmuşdu ki, gördülər bir
qadın gəlir. İçəri, Basatın yanına gəldi, salam verdi, ağladı. Dedi:
Ovuclarına sığmır lələkli oxun,
Yekə təkə buynuzundan bərk yayın var.
İç Oğuzda, Daş Oğuzda bəllidir adın,
Aruz oğlu, igid Basat, kömək et mənə!
Basat deyir: “Nə istəyirsən?”. Qadın deyir: “Vəfasız dünyada bir
kişi meydana çıxıb. Oğuz elini yaylağa köçməyə qoymadı. Böyük iti
polad qılınclar bir tükünü kəsə bilmədi. Qarğı nizə oynadanlar dərisini
dələ bilmədi. Qayın ağacından düzəlmiş oxları atanlar ona kar
etmədilər. İgidlərin başçısı Qazana bir zərbə vurdu. Qardaşı Qaragünə
onun əlində əzildi. Bığı qanlı Bügdüz Əmən onun əlində döyüldü. Ağ
saqqallı atan Aruza qan qusdurdu. Meydanda qardaşın Qıyan Səlcikin
ödü yarıldı, can verdi. Qalın Oğuz bəylərinin də kimini şikəst etdi, ki-
mini həlak elədi. Yeddi dəfə Oğuz elini yerindən qovdu. Xərac istədi,
aldı. İndi gündə iki adam, beş yüz qoyun istəyir. Bunlu qoca ilə Yapaqlı
qocanı ona xidmətçi veriblər. Dörd oğlu olan birini verdi. Üç olan
birini verdi, iki olan birini verdi. İki oğlum vardı, birini verdim, bir qaldı.
Növbə fırlanıb, mənə çatıb. Onu da istəyirlər. Xanım, mənə kömək et!”
Basatın qaranlıq çökmüş gözləri yaşla doldu. Qardaşından ötrü
soylamış, görək, xanım, nə soylamışdır:
Qayalıq yerdə tikilmiş otaqlarını
O zalım yıxmışdır yəqin, qardaş!
İti qaçan atlarını tövlədən
O zalım seçmişdir yəqin, qardaş!
Təkhürküclü dəvələri qatarından
O zalım ayırmışdır yəqin, qardaş!
Şülənlərdə qırdırdığın qoyunları
O zalım qırmışdır yəqin, qardaş!
Fərəhlənib gətirdiyin gəlinini
O zalım səndən ayırmışdır yəqin, qardaş!
Ağ saqqallı atamı “Oğul” deyə ağlatdın yəqin, qardaş!
Ağca üzlü anamı sızlatdın, yəqin qardaş!
Qarşıdakı uca dağımın zirvəsi qardaş!
İti axan gözəl suyumun daşqını qardaş!
Güclü belimin qüvvəsi,
qaranlıq çökmüş gözlərimin işığı, qardaş!
“Qardaşımdan ayrıldım!” – deyə çox ağladı, zarıldadı. Basat
həmin qadına bir əsir verdi. “Get, oğlunu xilas et!” dedi.
Qadın əsiri götürüb gəldi, oğlu yerinə verdi, həm də Aruzu “oğlun
gəldi!” deyə muştuluqladı. Aruz sevindi. Qalın Oğuz bəyləri Basatı
qarşıladılar. Basat atasının əlini öpdü. Ağlaşdılar, hönkürdülər. Anasının
evinə gəldi. Anası oğlunu qarşılayıb qucaqladı. Basat anasının əlini
öpdü. Görüşüb-ağlaşdılar. Oğuz bəyləri toplaşdı. Yemək-içmək məclisləri
oldu. Basat dedi: “Bəylər, qardaşımın qanını almaq üçün Təpəgözlə
qarşılaşmaq istəyirəm. Nə deyirsiz?”
Qazan bəy burada soylamış, görək, xanım, necə soylamışdır:
Böyük nəhəng oldu Təpəgöz,
Göydə çevirdim, yıxa bilmədim, Basat!
Böyük qaplan oldu Təpəgöz,
Uca dağlarda fırlandıq, yıxa bilmədim, Basat!
Quduz aslana döndü Təpəgöz,
Qalın qamışlıqda yıxa bilmədim, Basat!
İgid olsan, yaxşıdır,
amma mən Qazandan artıq olmazsan, Basat!
Ağ saqqallı atanı ağlatma!
Ağ birçəkli ananı zarıldatma!
Basat deyir: “Mütləq gedəcəyəm!” Qazan deyir: “Özün bilərsən”.
Atası ağlayıb deyir: “Oğul, ocağımı sahibsiz qoyma, rəhm elə, getmə!”.
Basat deyir: “Yox, ağ saqqallı əziz ata, gedirəm”. Atasını eşitmədi, paltarının
qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını da
qurşandı. Yayını qoluna saldı. Ətəklərini yığışdırdı. Atasının-anasının
əlini öpdü, halallaşdı, “salamat qalın!” – dedi. Təpəgözün olduğu Salaxana
qayasına gəldi. Gördü ki, Təpəgöz arxasını günə verib yatır. Öz
belindən çəkib bir ox çıxardı. Təpəgözün çiyninə bir ox vurdu. Ox
keçmədi, parçalandı. Bir də atdı. O da para-para oldu. Təpəgöz qocalara
dedi: “Bu yerin milçəyi bizi dilxor etdi!”. Basat bir də atdı. O da
parçalandı, bir parçası Təpəgözün qabağına düşdü. Təpəgöz sıçradı,
baxdı. Basatı gördü, əlini əlinə çalıb qah-qahla güldü. Qocalara dedi:
“Oğuzlardan bizə yenə bir yeməli-yetişmiş quzu gəlib”. Basatı qabağına
qatıb tutdu. Boğazından yapışıb yatağına gətirdi. Çəkməsinin
boğazına soxdu. Dedi: “Ay qocalar, günorta üstü bunu mənimçin şişkabab
eləyin, yeyim”. Yenə yuxuya getdi.
Basatın xəncəri vardı. Çəkmənin boğazını yarıb içindən çıxdı. Dedi:
“Ay qocalar, bunun ölümü nədəndir?” Dedilər: “Bilmirik. Amma
gözündən başqa ayrı yerdə ət yoxdur”. Basat Təpəgözün başı ucuna
gəldi. Göz qapağını qaldırdı. Baxdı gördü ki, gözü ətdəndir. Deyir: “Ay
qocalar, süngünü ocağa qoyun, qızsın!”. Süngünü ocağa saldılar, qızardı.
Basat əlinə aldı. Adı gözəl Məhəmmədə salavat çəkdi. Süngünü
Təpəgözün gözünə elə basdı ki, gözü məhv oldu. Təpəgöz elə nərə
çəkdi ki, elə hayqırdı ki, dağ-daş titrədi. Basat sıçradı. Mağaraya
qoyunların içinə girdi. Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranın
qapısında durub bir ayağını qapının bir yanına, birini digər yanına
qoydu. Dedi: “Ay qoyunların başçıları ərkəclər, bir-bir gəlin, keçin!”.
Bir-bir gəlib keçdilər. Hər birinin başını sığalladı. “Toğlucuqlar, var-
dövlətim qaşqa qoç, gəlin, keçin!” - dedi. Bir qoç yerindən qalxdı,
buynuzlayıb irəli cumdu. Basat bir anda qoçu basıb kəsdi, dərisini
çıxardı, quyruğu ilə başını dəridən ayırmadı; dərinin içinə girdi. Basat
Təpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Deyir:
“Ay qaşqa qoç, mənim həlak olacağımı haradan bildin? Elə vurum səni
mağara divarına ki, quyruğun mağaranı yağlasın!”. Basat qoçun başını
Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu.
Qaldıranda buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları arasından
sıçrayıb çıxdı. Təpəgöz buynuzu götürüb yerə çırpdı. Dedi:
“Oğlan, qurtuldunmu?” Basat deyir: “Tanrım qurtardı”. Təpəgöz deyir:
“Ay oğlan, al bu barmağımdakı üzüyü barmağına tax, sənə ox və
qılınc kar eyləməsin”.
Basat üzüyü alıb barmağına keçirdi. Təpəgöz deyir: “Oğlan, üzüyü
alıb taxdınmı?”. Basat deyir: “Taxdım”. Təpəgöz Basatın üzərinə
atılıb, xəncərlə vurub-kəsdi. Basat sıçrayıb kənarda durdu, gördü ki,
üzük yenə Təpəgözün ayağı altına düşüb qalıb.
Təpəgöz deyir: “Qurtuldunmu?” Basat deyir: “Tanrım qurtardı”.
Təpəgöz deyir: “Oğlan, o günbəzi görürsənmi?”. Deyir: “Görürəm”.
Təpəgöz deyir: “Mənim xəzinəm var. Get möhürlə, o qocalar götürməsinlər!”.
Basat günbəzin içinə girdi. Gördü ki, qızıl-gümüş yığılmışdır.
Baxanda hər şeyi unutdu. Təpəgöz günbəzin qapısını tutdu.
Dedi: “Günbəzə girdinmi?”. Basat deyir: “Girdim”. Təpəgöz deyir:
“İndi elə vurum ki, günbəzlə bir yerdə darmadağın olasan”. Basat
“lailahə illallah, Məhəmmədən-rəsulallah!” – dedi. Həmin anda günbəz
yarıldı, yeddi yerdən qapı açıldı. Basat qapıların birindən çıxdı.
Təpəgöz əlini günbəzə soxdu. Elə vurdu ki, günbəz alt-üst oldu.
Təpəgöz deyir: “Oğlan, qurtuldunmu?” Basat deyir: ”Tanrım qurtardı”.
Təpəgöz deyir: “Sənə ölüm yoxmuş! O mağaranı görürsənmi? Basat
deyir: “Görürəm!”. Deyir: “Orada iki qılınc var: biri qınlı, biri qınsız.
Mənim başımı o qınsız qılınc kəsər. Get götür, mənim başımı kəs!”.
Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enirqalxır.
Basat fikirləşdi: “Bununla ehtiyatlı olmalıyam!”. Öz qılıncını çıxardı,
qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gətirdi, qılıncın
qabağına tutdu. Onu da iki para eylədi. Sonra yayını əlinə aldı. Oxla
o qılınc asılan zənciri vurdu. Qılınc yerə düşüb kömüldü. Öz qılıncını qınına
qoydu. Həmin qılıncın dəstəyindən bərk tutdu. Gəlib dedi: “Ay Tə-
pəgöz, necəsən?” Təpəgöz dedi: “Ay oğlan, yenə ölmədinmi?”. Basat
deyir: “Tanrım qurtardı”.Təpəgöz dedi: “sənə ölüm yoxmuş!”.
Təpəgöz çağırıb soylamış, görək, nə soylayıb demişdir:
Gözüm, gözüm, yalnız gözüm!
Sən yalnız gözlə mən oğuz yurdunu əsir etdim!
Ala gözümdən ayırdın, igid, məni!
Şirin candan ayırsın Allah səni!
Belə ki mən çəkirəm göz dərdini,
Heç igidə verməsin Allah göz bu günü!
Təpəgöz yenə deyir:
Hardan gəldin sən igid, yerin nə yerdir?
Qaranlıq gecədə yol azsan, ümidin nəyədir?
Böyük bayraq götürən xanınız kimdir
döyüş günü öndə?
Ağ saqqallı atanın adı nədir?
İgid əgər igid ərdən ad gizlətsə, eyibdir.
Adın nədir, igid, söylə mənə!
Basat Təpəgözə soylamış, görək, xanım, nə soylamışdır:
Olduğum yer, yurdum mənim Günortacdır!
Qaranlıq gecədə yol azsam, ümidim Allahadır.
Böyük bayraq götürən xanımız Bayındır xan,
Döyüş günü öndə gedən qəhrəmanımız Salur Qazan.
Anamın adını soruşsan, – Qaba ağacdır!
Atamın adını soruşsan, – xaqan aslandır!
Mənim adımı soruşursan, – Aruz oğlu Basatdır!
Təpəgöz deyir:
“Süd qardaşıyıq, qıyma mənə!”.
Basat deyir:
Ay əbləh, ağ saqqallı atamı ağladıbsan,
Ağ birçəkli qoca anamı inlədibsən.
Doğma qardaşım Qıyan Səlciki öldürmüşsən.
Ağca üzlü gəlinimizi dul etmişsən.
Ala gözlü uşaqlarını yetim qoymuşsan.
Böyük, iti polad qılıncımı çəkməyincə,
Qafalı-papaqlı başını kəsməyincə,
Al qanını yer üzünə tökməyincə,
Qardaşım Qıyanın qanını almayınca
qoyarammı sağ qalasan, -qoymaram!
Təpəgöz də burada soylayıb demişdir:
Deyirdim ki, qalxıb yerimdən durum,
Qalın Oğuz bəyləriylə əhdimi pozum,
Qollarında şahinləri öldürüm.
Bircə dəfə adam ətindən doyum.
Qalın Oğuz bəyləri üstümə gəlsə,
Deyirdim ki, qaçıb Salaxana qayasına girim.
Mancanaqla ağır daşlar atım, -deyirdim.
Göydən başıma düşən daşla ölüm, -deyirdim.
Ala gözdən məhrum etdin, igid, məni!
Şirin candan məhrum etsin Allah səni!
Təpəgöz bir daha soylayıb demişdir:
Ağ saqqallı qocaları çox ağlatmışam,
Ağ saqqalın qarğışımı tutdu ola, gözüm səni?
Ağ birçəkli qarıları çox ağlatmışam,
Anaların göz yaşımı tutdu ola, gözüm, səni?
Bığ yeri tərləmiş cavanları çox yemişəm,
Cavanlıqlarımı tutdu ola, gözüm, səni?
Əlləri xınalı qızcığazları çox yemişəm,
Ovucları-qarışları tutdu ola, gözüm, səni?
Belə ki mən çəkirəm gözümün göynəmini,
Heç kimə verməsin Allah göz yükü, göz qəmini!
Gözüm, gözüm, ay gözüm! Yalnız gözüm!
Basat hirsləndi, yerindən durub gəldi. Təpəgözü nər dəvə kimi
dizi üstünə çökdürdü. Təpəgözün öz qılıncı ilə boynunu vurdu. Başını
yayın kirişinə taxdı, sürüyə-sürüyə mağara qapısına gəldi.
Basat Bunlu qoca ilə Yapaqlı qocanı oğuz elinə muştuluqçu göndərdi.
Onlar ağ-boz atlar minib çapdılar. Qalın Oğuz ellərinə xəbər çatdı.
At ağızlı Aruz qocanın evinə çapar gəldi. Ona Basatın sevinc
xəbərini verdi: “Muştuluq! Oğlun Təpəgözü öldürdü!”.
Qalın Oğuz bəyləri yetişdilər. Salaxana qayasına gəldilər.
Təpəgözün başını ortaya gətirdilər.
Dədəm Qorqud gəlib şadlıq havası çaldı. Mərd igidlərin başına nə
gəldiyini dedi-danışdı. Eləcə də Basata xeyir-dua verdi:
Qara dağa yetəndə sən, keçid versin!
Aşqın-daşqın sular keçsən, keçid versin! İgidliklə qardaşının
qanını aldın. Qalın oğuz bəylərini fəlakətdən qurtardın. Qadir Allah
üzünü ağ etsin, Basat! -dedi.
Sizə də xeyir-dua verək, xanım:
Ölüm gəldikdə sizi pak imandan ayırmasın!
Günahınızı adı əziz Məhəmməd Mustafaya
bağışlasın, xanım, hey!

davamı
XS
SM
MD
LG