Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:56

Kitabi-Dədə Qorqud (Uzun Qoca oğlu Səyrək boyu)


əvvəli

Oğuzların zamanında Uşun qoca deyilən bir kişi vardı. Övladdan
iki oğlu vardı. Böyük oğlunun adı Əyrək idi. Pəhləvan, cəsur yaxşı bir
igid idi. Haçan istəsə, Bayındır xanın divanına gedib-gəlirdi. Bəylərbəyi
olan Qazanın divanında onun üçün qapı-baca yox idi.

Bəyləri aşağı başda qoyub, Qazanın lap önündə otururdu.

Heç kimə qaynayıbqarışmırdı.

Xanım, yenə bir gün Əyrək bəyləri qoyub yuxarı başa keçəndə
Tərsuzamış deyilən bir oğuz igidi dedi: “Ay Uşun qocanın oğlu, bu
oturan bəylər hər biri oturduğu yeri qılıncı ilə, çörəyi ilə alıbdır.
Əyə, sən başmı kəsdin, qanmı tökdün, acmı doyuzdurdun, yalın adammı
geyindirdin?”.
Əyrək deyir: “Ay Tərsuzamış, baş kəsib-qan tökmək hünərdirmi?”.
Dedi: “Bəli, əlbəttə, hünərdir!”. Tərsuzamışın sözü Əyrəyə təsir elədi.
Durdu Qazan bəydən yürüş üçün icazə istədi. İzn verildi. Çağırdılar,
döyüşçülər yığıldı. Üç yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi.
Meyxanada beş gün yemək-içmək oldu. Ondan sonra Şirokuz kənarından
Göycə dənizədək sahəni çalıb-taladılar. Böyük qənimət əldə etdilər.
Əyrəyin yolu Əlincə qalasına düşdü. Qara təkur orada bir qoruq düzəltdirmişdi.
Quşlardan bu dairəyə qaz, toyuq; heyvanlardan keyik,
dovşan doldurub, buranı oğuz igidləri üçün tələ etmişdi.
Uşun qoca oğlunun da yolu bu qoruğa düşdü. Qoruğun qapısını
sındırdılar. Sığın-keyik, qaz-toyuq qırdılar; yedilər-içdilər. Atlarının
yəhərlərini götürdülər, öz geyimlərini çıxardılar.
Qara təkurun casusu vardı, bunları gördü. Gəlib deyir: “Aya, oğuzlardan
bir bölük atlı gəldi. Qoruğun qapısını sındırdılar, atlarının yəhərini
götürüb, geyimlərini çıxartdılar. Ədə, nə durursuz?”
Altı yüz qara donlu kafir bunların üzərinə hücum etdi. İgidləri
qırdılar, Əyrəyi tutdular. Əlincə qalasında zindana saldılar.
Uca-uca dağlardan, aşqın-daşqın sulardan xəbər keçdi. Qalın Oğuz
ellərinə xəbər çatdı. Uşun qocanın hündür evi önündə şivən qopdu.
Qaza bənzər qızı-gəlini ağ çıxarıb qara geydi. Uşun qoca Əyrəyin ağca
üzlü anası ilə “Oğul, oğul!” – deyə hönkürtü ilə ağlaşdılar.
Yiyəsi olan böyüyür, qabırğalı boy atır. Deyilənə görə, xanım,
Uşun qocanın kiçik oğlu Səyrək yaxşı, pəhləvan cüssəli cəsur bir igid
oldu. Bir gün yolu bir yığıncağa düşdü, oturdular. Yeyib-içdilər.
Səyrək sərxoş oldu. Bayıra – ayaq yoluna çıxdı. Gördü ki, yetim bir
oğlan bir qızla dalaşır. “Əyə, sizə nə olub?” – deyə bir şillə birinə, bir
şillə də o birinə vurdu. Köhnə donun biti, yetim oğlanın dili acı olar.
Yetim dedi: “Ə, bizim yetimliyimiz bəs deyil? Bizi niyə vurursan? Hünərin
varsa, qardaşın Əlincə qalasında əsirdir, get onu xilas elə!”.
Səyrək dedi: “Ədə, qardaşımın adı nədir?”. Dedi: “Əyrəkdir”.
Səyrək öz-özünə dedi: “Əyrəyə Səyrək yaraşır; qardaşım sağmış,
daha fikir eləmərəm. Qardaşsız oğuz elində durmaram. Qaranlıq çökmüş
gözlərimin işığı qardaş!” – deyib ağladı. İçəriyə – məclisə gəldi.
Oturanlardan icazə istədi. “Bəylər, salamat qalın!” – dedi. Atını gətirdilər,
mindi; çapıb atasının evinə gəldi. Atından düşdü. Anasının dilini
arayıb, bir söz eşitmək istədi. Səyrək burada görək nə soylamış, nə
soylayıb demişdir:
Qalxaraq, ay ana, yerimdən durub
Qarayallı gözəl Qazlıq atımı mindim.
Çarpaz yatan Ala dağın
ətəyinə getdim.
Qalın Oğuz elində bir məclis varmış,
ora düşdüm.
Yemək-içmək vaxtı ağ-boz atlı
bir çapar gəldi.
Dedi, “Əyrək” adlı bir igid çoxdan əsir idi,
Allahın köməyilə dustaqlıqdan çıxıb gəlib.
Böyük-kiçik qalmayıb;
hamı getdi o igidin qarşısına.
Ana, mən də gedimmi, nə deyirsən?
Anası burada soylamış, görək, xanım, nə soylamışdır:
Ağzın üçün ölüm, oğul!
Dilin üçün ölüm, oğul!
Qarşıdakı uca dağın yıxılmışdı,
ucaldı axır!
Coşğun axan gözəl suyun qurumuşdu,
çağladı axır!
İri ağacda qol-budağın qurumuşdu,
cücərib göyərdi axır!
Qalın Oğuz bəyləri ilə sən də get, oğul!
O igidə çatan kimi ağ atından en, oğul!
Əllə görüş, o igidə salam ver,
Əlini öpüb, boynunu da qucaqla!
Uca dağımın başısan, söylə!
Nə durmusan, oğul, atını çap, get!
Oğlan anasına soylamış, görək, nə soylayıb demişdir:
Ana, ağzın qurusun!
Ana, dilin çürüsün!
Mənim öz qardaşım varmış,
yolumdan qayıtmaram!
Oğuz elində qardaşsız durmaram!
Ana haqqı Tanrı haqqı olmasaydı,
Böyük iti polad qılıncımı götürərdim,
Bircə anda gözəl başını kəsərdim,
Ağ qanını yer üzünə tökərdim,
ana, zalım ana!
Atası deyir: “Yanlış xəbərdir, oğul. Qaçıb gələn sənin böyük qardaşın
deyil, ayrısıdır. Mənim kimi ağ saqqallı atanı ağlatma! Qocalmış
ananı inlətmə!” Oğlan burada soylayıb demişdir:
Üç yüz altmış altı igid ova çıxsa,
Keyik sürüsü üstündə hay-küy qalxsa,
Qardaşlı igidlər inamla qalxıb vurur.
Qardaşsızın ənsəsinə yumruq vursalar,
Ağladıqca dörd yanına baxıb durur,
Gözlərindən dayanmadan acı yaşlar axıdır.
Ala gözlü oğlunuzla görüşənədək
Bəy baba, xanım ana, salamat qalın!
Ata-ana “yanlış xəbərdir, getmə, oğul!” – dedilər. Oğlan: “Məni
yolumdan eləməyin. Qardaşım tutulan qalaya getməyincə, onun ölü ya
diri olduğunu bilməyincə, ölübsə, qanını almayınca Qalın Oğuz elinə
qayıtmaram!” – dedi.
Ata-ana ağlaşıb Qazan üçün adam saldılar. “Oğlan qardaşını yada
salıb gedir. Bizə nə məsləhət verirsən?” – dedilər. Qazan deyir: “Ayağına
ət tuşağı vurun!”.
Nişanlısı vardı, tez yır-yığış edib, Səyrəyi evləndirdilər. Atdan
ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdilər. Oğlanı gəlin otağına
saldılar. Qızla yorğan-döşəyə girəndə oğlan qılıncını çıxardı, qızla özü
arasında qoydu. Qız dedi: “Qılıncını qınına qoy, igid, murad ver, murad
al, bir-birimizə sarılaq!”. Oğlan dedi: “Ay yaramaz qızı, qardaşımın
üzünü görməyincə, ölmüşsə, qanını almayınca muradıma çatsam, qoy
qılıncımla doğranım, oxuma sancılım, oğlum doğulmasın, doğularsa on
yaşına çatmasın!”. Dedi və ayağa durdu, tövlədən bir şahanə at çıxardı,
yəhərlədi, döyüş paltarını geyindi. Dizlərinə, qollarına zireh qapaqlar
bağladı. Dedi: “Qız, sən mənim üçün bir il yola bax! Bir ildə
gəlməsəm, iki il bax! İki ildə gəlməsəm, üç il bax! Gəlməsəm, o vaxt
bil ki, ölmüşəm. Ayğır atımı kəsdirib, ehsanımı ver! Gözün kimi tutarsa,
könlün kimi sevərsə, ona get!”. Qız burada soylamış, görək, xanım,
nə soylamışdır:
İgidim, mən səni bir il gözlərəm,
Bir ilə gəlməsən, iki il gözlərəm.
İki ilə gəlməsən, üç-dörd il gözlərəm.
Dörd il yox, beş-altı il gözlərəm.
Altı yolun ayrıcında çadır quraram,
Gedəndən-gələndən xəbər soruşaram.
Xeyir xəbər gətirənə at, don verərəm,
qaftanlar geydirərəm.
Şər xəbər gətirənin başını kəsərəm.
Erkək bir milçək də sinəmə qondurmaram.
Murad verib, murad al, sonra get, igidim!
Oğlan deyir: “Ay yaramaz qızı, qardaşımın başına and içmişəm,
dediyimdən dönmərəm!”.
Qız öz-özünə deyir: “Mənə qədəmi uğursuz gəlin deyincə,
utanmaz-arsız gəlin desinlər. Qayınatama, qayınanama xəbər verim
gərək”. Soylamış, görək nə demişdir:
Atamdan yaxşı qayınata!
Anamdan yaxşı qayınana!
Qaytabanın buğrası ürküb gedir,
Sarvan önünü aldı, döndərə bilmir,
Qaracıq ayğırın ürküb gedir,
İlxıçı önünü aldı, döndərə bilmir.
Yaylağın qoçları ürküb gedir,
Çoban önünü aldı, döndərə bilmir.
Ala gözlü oğlun qardaşını anıb gedir,
Ağca üzlü gəlinin döndərə bilmir,
sizə məlum olsun!
Ata-ana ah etdilər, yerlərindən qalxdılar. “Oğul, getmə!” – dedilər.
Gördülər, çarə olmadı. Oğlan “Qardaşım tutulan o qalaya getməyə
bilmərəm!” – dedi. Ata-anası: “Get, oğul. Yolun uğurlu olsun! Gedibqayıtmaq
qismətində varsa, sağ salamat gedib gələsən!” -dedilər.
Əyrək ata-anasının əlini öpdü. Sıçrayıb Qaracıq atına mindi.
Gecəni gündüzə qatıb atını çapdı. Üç gün gecəli-gündüzlü at çapdı.
Dərəşam sərhədindən keçib, o qardaşının tutulduğu qoruğa gəldi.
Gördü ki, ilxıçı kafirlər day güdürlər. Qılınc çəkib altı kafiri yerə sərdi.
Atla fırlanıb dayları ürkütdü; qovub həmin qoruğa saldı. Üç gün gecəgündüz
at çapmış yorğun igidin gözlərini yuxu basdı. Səyrək atının
yüyənini biləyinə bağladı, yatıb yuxuya getdi.
Kafirin casusu vardı. Gəlib təkura dedi: “Oğuzdan bir dəli igid
gəldi. İlxıçıları öldürdü, dayları ürkütdü-qovdu, gətirib qoruğa saldı”.
Təkur deyir: “Altmış yaraqlı adam seçin; getsinlər, tutub
gətirsinlər”.
Altmış yaraqlı adam seçib getdilər. Gözlənilmədən altmış dəmir
donlu kafir oğlanın üzərinə gəldi. Səyrəyin mindiyi ayğır yaxşı atlardandı;
at qulağı tez eşidər. Atların kişnərtisini, geyim-kecimlərin qıcıltısını
eşidən ayğır çəkib oğlanı oyatdı. Oğlan gördü ki, bir alay atlı
gəlir, yerindən sıçradı. Adı gözəl Məhəmmədə salavat çəkdi. Atına
mindi. Qaradonlu kafirləri qılınclayıb, qalaya saldı. Yenə yuxusundan
əl çəkə bilməyib yerinə getdi, yatdı. Yenə atının yüyənini biləyinə
keçirtdi.
Kafirlərin sağ qalanları qaçaraq təkurun yanına gəldilər. Təkur
deyir: “Tfu, üzünüzə! Altmış adam bir oğlanı tuta bilmədiniz!”. Bu
dəfə oğlanın üzərinə yüz kafir gəldi. Ayğır yenə oğlanı oyatdı. Səyrək
gördü ki, bir alay atlı gəlir. Durdu, atına mindi. Adı gözəl Məhəmmədə
salavat çəkdi. Kafirləri qılıncdan keçirib qalaya basdı; atını döndərib,
yenə öz yerinə gəldi. Yuxusu gəldi, yenə yatdı. Atının yüyənini yenə
biləyinə keçirdi. Bu dəfə at oğlanın qolundan açılıb qaçdı...
Kafirlər yenə təkurun yanına gəldilər. Təkur deyir: “Bu dəfə üç
yüz adamla gedin!”.
Kafirlər dedi: “Getmirik, kökümüzü kəsib, hamımızı qırar!”.
Təkur deyir: “Bəs necə eləyək? Gedin o dustaq igidi çıxarıb gətirin.
“Təpəyənin köpünü süsəyən yatırar”. At verin, geyindirin!”.
Gəldilər, Əyrəyə dedilər: “İgid, təkur sənin gücünə-qeyrətinə sığındı.
Burada bir dəli igid yolçunun-dilənçinin, çoban-çoluğun çörəyini
əlindən alır. Tut o igidi öldür, səni azad eləyək, çıx get!”. Əyrək
“Yaxşı, olsun!” – dedi.
Əyrəyi zindandan çıxardılar. Saç-saqqalını ülgüclədilər. Bir at, bir
qılınc verdilər. Üç yüz kafiri də ona yoldaş kimi qoşdular. Səyrəyin
üzərinə gəldilər. Üç yüz kafir kənarda durdu.
Əyrək deyir: “Hanı o dəli igid?”. Uzaqdan göstərdilər. Əyrək
deyir: “Gəlin gedək, tutaq!”. Kafirlər deyir: “Təkur sənə əmr eləyib,
sən get!”. Əyrək deyir: “Odur, yatır, gəlin gedək!”. Kafirlər deyir:
“Hay-hay, nə yatmaq, qoltuğunun altından baxır. Qalxar, gen dünyanı
başımıza daraldar”. Əyrək dedi: “İndi mən gedim, əl-ayağını bağlayım,
ondan sonra siz gələrsiz”. Sıçrayıb kafirlərin arasından çıxdı.
Atını sürüb, Səyrəyin üzərinə gəldi. Atından düşüb, yüyəni bir budağa
ilişdirdi. Baxdı gördü ki, bu cavan on dörd gecəlik aya bənzəyir. Bu
gözəl, ala gözlü gənc igid puçur-puçur tərləyib yatır. Gələndən-gedəndən
xəbəri yoxdur. Əyrək dolanıb, cavanın başı ucuna gəldi. Gördü
ki, belində qopuzu var. Çıxarıb əlinə aldı. Soylamış, görək, xanım,
nə soylamış-demişdir:
Qalxaraq yerindən duran igid,
Qarayallı gözəl Qazlıq atı minən,
Arqubeli, Ala dağı gecə aşan,
Coşqun axan gözəl suyu üzüb keçən,
Qəribliyə gələn belə yatarmı?
Mənim kimi qollarını, əllərini
bağladaraq donuz damında yatarmı?
Ağ saqqallı atasını, ağ birçəkli anasını
inlədərmi, ağladarmı?
Niyə yatırsan, igid?
Qafil olma, gözəl başını qaldır, igid!
Ala gözlərini aç, igid!
Allah verən şirin canını yuxu almış,
İgid, əllərini qollarından bağlatma!
Ağ saqqallı atanı, qarı ananı ağlatma!
Qalın Oğuzdan gələn igid, necə igidsən?
Səni yaradan haqqı üçün durub gəl!
Dörd yanını kafir tutubdur bil!
Oğlan gərnəşib ayağa durdu. Qılıncının dəstəyindən yapışdı ki, onu
vura, gördü ki, onun əlində qopuz vardır. Dedi: “Ay kafir, Dədəm
Qorqudun qopuzuna hörmət edib vurmadım. Əgər əlində qopuz olmasaydı,
qardaşımın başına and olsun, səni iki para edərdim. Səyrək burada
çəkib qopuzu onun əlindən aldı, soyladı, görək, xanım, nə soyladı:
Sübh tezdən yerimdən durmağım qardaş üçündür,
Ağ-boz atları yormağım qardaş üçündür.
Qalanızda dustaq varmı, kafir, de mənə?!
Dərdli başım qurban olsun, kafir sənə!
Böyük qardaşı Əyrək burada soylamış, görək, xanım, nə soylamışdır:
Ağzın üçün ölüm, qardaş!
Dilin üçün ölüm, qardaş!
Yerini-yurdunu soruşsam, nə yerdir?
Qaranlıqda azıb, yol arasan,
ümidin nəyədir?
Böyük bayraq götürən xanınız kimdir?
Döyüş günü öndə duran igidiniz kimdir?
İgid, sənin atan kimdir?
İgid adamın igiddən ad gizlətməsi eyibdir,
igid, söylə, adın nədir?
Bir daha soylayıb demişdir:
Qaytabanımı güdən sarvanımsanmı?
Qaracıq atımı güdən ilxıçımsanmı?
Yaylağımı güdən çobanımsanmı?
Qulluğumda dayanan naibimsənmi?
Beşikdə qoyub getdiyim qardaşımsanmı?
İgid, söylə mənə!
Dərdli başım qurban olsun bu gün sənə!
Səyrək burada böyük qardaşına soylayıb dedi:
Qara dövranda yol azsam, ümidim Allahdır,
Böyük bayraq götürən xanımız Bayındır xandır!
Döyüş günü öndə duran igidimiz Salur Qazandır!
Atamın adını soruşursan, Uşun qocadır!
Mənim adımı bilmək istəsən, Səyrəkdir!
Qardaşım varmış, deyirlər, adı Əyrəkdir!
Bir daha soylayıb demişdir:
Qaytabanını güdən sarvanınam,
Qaracıq atını güdən ilxıçınam.
Beşikdə qoyub gəldiyin qardaşınam.
Böyük qardaş Əyrək burada soylamış, görək, xanım, necə soylayıb
demişdir:
Ağzın üçün ölüm, qardaş!
Dilin üçün ölüm, qardaş!
Ərmi, igidmi oldun, qardaş!
Qəribliyə qardaşın üçün sənmi gəldin, qardaş?
İki qardaş qalxıb qucaqlaşıb görüşdülər. Əyrək kiçik qardaşının
boynunu öpdü. Səyrək isə böyük qardaşının əlini öpdü.
Qabaq tərəfdən kafirlər baxışıb deyirlər: “Deyəsən, güləşdilər?
Kaş ki, bizimki bassın!”. Gördülər ki, qucaqlaşıb görüşdülər, Qazlıq
atlarını mindilər.
İki qardaş qara donlu kafirlərin üstünə at sürüb qılınc çaldı; onları
qırıb çatdılar, qovub qalaya saldılar. Sonra gəlib həmin qoruğa girdilər.
Atları bayıra çıxardılar. Hərlədib-fırladıb atları qabaqlarına qatdılar.
Dərəşam suyunu üzüb keçdilər. Gecəni gündüzə qatıb, Oğuz yurdunun
sərhədinə yetişdilər.
Səyrək qanlı kafirlərin əlindən qardaşını xilas etdi. Ağ saqqallı
atasına muştuluqçu göndərdi. “Atam qabağıma gəlsin!” – dedi.
Uşun qocanın qapısına çapar gəldi: “Muştuluq! Gözün aydın!
Oğullarının ikisi də birlikdə sağ-salamat gəldi”, – dedilər.
Qoca eşidib şad oldu. Gumbur-gumbur təbillər çalındı. Qızıl-tunc
borular göyə ucaldıldı. O gün böyük, geniş otaqlar tikildi. Atdan ayğır,
dəvədən buğra, qoyundan qoç kəsdirildi.
Qoca bəy oğullarının qarşısına gəldi. Atından endi, oğlanları ilə
qucaqlaşıb görüşdü: “Sağ-salamatsızmı, yaxşısızmı, oğullar?” – dedi.
Günlüyü qızıl tağlı evlərinə gəldilər. Şadlıq, yemək-içmək oldu.
Uşun qoca böyük oğlu üçün də gözəl gəlin gətirdi. İki qardaş birbirinə
sağdış oldu; atlarını çapıb gəlin otaqlarına getdilər. Öz muradlarına
yetişdilər.
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı:
Əvvəl-axır uzun ömrün sonu ölümdür!
Ölüm gəldikdə Allah sizi təmiz imandan ayırmasın!
Günahınızı Məhəmmədin üzü suyuna bağışlasın!
“Amin” deyənlərin üzünü görəsən,
xanım, hey!

davamı
XS
SM
MD
LG