Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Naxçıvanda yol «mədəniyyəti»…


Yolu genişləndirmək adı ilə dədə-babalardan miras qalan sənədli-sübutlu mülklərin bir hissəsi sökülür
Yolu genişləndirmək adı ilə dədə-babalardan miras qalan sənədli-sübutlu mülklərin bir hissəsi sökülür
Deyirlər yol mədəniyyətdir. Amma Naxçıvan-Sədərək magistral yolunun yaxınlığında yerləşən evlərin sakinləri başqa cür düşünürlər. Onların sözlərinə görə, bu yol onlara hələ ki, problem, dərd-sər, bir də şəxsi mülklərinə müdaxilədən başqa heç nə verməyib.

Adıçəkilən yolun yaxınlığında yerləşən Şərur rayon Zeyvə kənd sakinləri ilə söhbətdən aydın oldu ki, yolu genişləndirmək adı ilə onlara dədə-babalarından miras qalan sənədli-sübutlu mülklərinin bir hissəsi sökülür. Özü də qarşılıqsız. Sökülən hissədə uzun illik bar verən ağaclarla yanaşı, hamam, təndirlər, mətbəx, su quyuları və digər yardımçı binalar yerləşir. Sakinlərin sözlrinə görə, heç icazə almadan gətirib hərənin həyətinə bir daş qoyub göstəriblər ki, burdan o tərəfə söküləcək, özünüz söksəniz daşı torpağı qalacaq sizə, yoxsa buldozerə veriləcək. Caamat dəfələrlə yardımçı binaların həyətin digər tərəfində yenidən tikilməsi üçün hökümətdən kompensasiya tələb etsə də, onlara deyilib ki, bundan sonra siz hamamsız, təndirsiz də keçinərsiniz:

- Dövlətin belə strateji yol planı var idisə, vaxtında bizə xəbardarlıq edərdilər. Mən də buralara goyduğum xərci başqa problemlərimə xərcləyərdim. Mülkümü dağıdırlar, bu gün mənim haqqım pozulur, mən haqqımı kimdən tələb edim?

- Mənim dörd binamı birdən sökürlər. Hamamımı, mətbəximi, qarajımı, təndirimi…Xəstə qaynanamı harada yuyunduracağam, asfaltın üstündəmi? Təndirimi də söküblər, kənddə çörək almağa yer də yoxdur.

Sakinlərin dediyinə görə, yol genişləndirildikdən sonra onlar üçün evlərdə yaşamaq da təhlükəli olacaq. Yoldan ötən ağır maşınlar evləri silkələyir. Bu üzdən də evlərdə çatlar əmələ gəlib. Üsləlik, dəfələrlə həyətlərə maşın aşıb. Əvvələr maşınlar heç olmasa yardımçı binaların üzərinə düşürdü, indi birbaşa evlərin üzərinə düşəcək:

- Neçə dəfə kəndin traktoru həyətimizə düşüb kran gəlib çıxardıb. Maşınların hərəkəti evləri silkələyir, evlərdə çatlar əmələ gəlib.

Kəsilən ağaclara gəlincə, 15-20 illik yüzlərlə bar verən ağaclar kökündən çıxarılıb məhv edilir:

- Nə ekologiyadan dəm vururlar? Həyətimizdəki qoz, heyva, ərik ağaclarını kəsib yerə töküblər. Ağaclar bizim qazanc yerimiz idi.

Yolun çəkilişi sakinlər üçün daha bir problem yaradıb. Ağır texnikalar kəndin su mənbəyini zədələyib. Mənbədə toplanan su indi dolur evlərin zirzəmilərinə, mənzilləri çökdürür:

- Evimizin zirzəmiləri yarıya kimi suyun içindədir. Nəmişlikdən evdə oturmaq olmur. Hamımız qaşınırıq, xəstəlik tapmışıq. Şikayətimizlə heç kim maraqlanmır.

Məsələyə aydınlıq gətirmək üçün yolun tikintisini aparan «Gəmiqaya» şirkətində olduq. Şirkətdən bildirdilər ki, onlar yalnız yolun çəkilişinə cavavdehdirlər. Yolun kənarındakı söküntülər yerli qurumlara tapşırılıb. Biz də suallarımıza Zeyvə kənd icra nümayəndəsi Rasim Məmmədovdan cavab almağa cəhd etdik. İcra nümayəndəsi suallarımızı cavablandırmaqdan yayınmağa çalışsa da, ondan birtəhər öyrəndik ki, zirzəmilərdəki su qısa müddətdə təmizlənəcək və suyun qarşısı alınacaq. Söküntülərlə bağlı isə heç nə bilmədiyini dedi.

Naxçıvan-Sədərək magistral yolunun tikintisinə 2008-ci ildən başlanılıb. Yol ipək yolu üzərində olduğundan beynəlxalq əhəmiyyətlidir. Uzunluğu 86-88 km, eni 21 metr, 6 zolaqlı olacaq yolun tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
XS
SM
MD
LG