Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

«Məscidin bağlanması təşəbbüsü şəxsən məndən gəlib»


«İlahiyyat» məscidi
«İlahiyyat» məscidi
«Bizim Yol» qəzeti: «Məscidin bağlanması təşəbbüsü şəxsən məndən gəlib»

...«İlahiyyat» məscidinin imamı İbrahim Məmiş deyib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib:

«Orada bildirildi ki, BDU-nun rektoru Abel Məhərrəmov məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə idarəyə şikayət edib. Bildirdilər ki, məscid fəaliyyətini dayandırmalıdır»...

BDU-nun rektoru A.Məhərrəmov xaricdə səfərdə olduğundan, məsələyə münasibətini açıqlamamışdı. Dünən Bakıya dönən BDU rektoru jurnalistlərə açıqlamasında məscidin bağlanması barədə danışıb. Lakin məscidin imamı İ.Məmişin dediklərindən fərqli olaraq, A.Məhərrəmov deyib ki, şikayətinə səbəb namaz vaxtı duaların səsgücləndirici ilə yayılmasının dərslərə maneçilik törətməsidir:

«Əvvəllər bura elə də çox adam gəlmirdi. Ancaq «Əbu-Bəkr» və «Şəhidlər» məscidlərinin bağlanmasından sonra insanlar çoxluq təşkil edir. Mən sizi dəvət edirəm. Həmin vaxt burada olun və vəziyyətlə özünüz tanış olun. Maşın əlindən insanlar küçədən keçə bilmir. Duaları da səsgücləndirici ilə verirlər. Müəllimlər və tələbələr dəfələrlə mənə müraciət ediblər ki, dərs keçə bilmirik. Burada siyasi səbəb axtarmaq lazım deyil»...


«Yeni Müsavat» qəzeti: «Ananızı ağladacam»

Xorvatiyada mayın 20-də bələdiyyə seçkisi keçirilib və şəhərlərdən birində maraqlı hadisə yaşanıb. Müstəqil namizəd, Josko Risa adlı bir ortayaşlı kişi seçkiyə «Ananızı ağlatmağa, sizi soymağa gəlirəm» şüarıyla qatılıb... Nəticədə cənab Risa səslərin 28 faizini toplayaraq şəhərin bələdiyyə başçısı seçilib. Jurnalistlərin bu məzəli əhvalata aid sualına şəhər sakinlərindən biri belə cavab verib: «Vəzifəyə gələndə rüşvətxorluq edəcəklərini bilirik. Bunu hər kəs edir. Amma cənab Risa ən azı bu mövzuda yalançılıq etmədi».

Gözəl təcrübədir. Bu Xorvatiya örnəyini qarşıdan ölüvaycasına, sürünə-sürünə gələn bələdiyyə seçkilərində uğurla həyata keçirməliyik. Azərbaycanı xilas etsə, ancaq səmimiyyət xilas edəcək...

Əlbəttə, Xorvatiyada seçki keçirilir, bizdə isə təyinat olur. Ancaq namizədlər səmimi olsalar, sözün düzünü afişalara yazsalar, heç təyinata ehtiyac qalmaz. Özü də bütün seçkilərdə. Həm prezident, həm deputat seçkilərində. Guya bizim camaat xorvatlardan daha az anlayışlı, daha az qədirbiləndir?

Qətiyyən! Sən plakata «Sizi lənətləməyə gəlirəm», «Dərinizə saman təpəcəyəm», «Yeyib-içdiyinizi var-yoxunuzun burnundan gətirəcəyəm», «Bütün pulları öz ailəmə sərf edəcəyəm, acından zibil qutularını eşəcəksiniz» və s. bu tipli şüarları yaz, gör xalq sənə 28 faiz nədir, hətta 128 faiz səsi necə verir. Biz düz sözə qiymət verən camaatıq, kişi sözü danışanlara boynumuzda, belimizdə həmişə yer var...


«Yeni Azərbaycan» qəzeti: «2009-cu ildə Azərbaycanda iqtisadi inkişaf davamlı olacaq»

...Beynəlxalq Valyuta Fondunun (BVF) «Regional iqtisadi perspektiv» adlı hesabatında qeyd olunur ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda 4 faizdən artıq artım tempi uğurlu makroiqtisadi siyasətin nəticəsi sayıla bilər...

BVF-nin ekspertlərinin fikrincə, MDB regionunda daha sabit və böhrana davamlı olan ölkə Azərbaycandır. Birliyə daxil olan dövlətlərdə cari ilin birinci rübündə ümumi daxili məhsulun (ÜDM) həcmi 1 faizdən çox artmadığı halda, Azərbaycanda 4 faizlik artım böyük nailiyyət sayıla bilər...

Azərbaycan banklarının likvidliyinin yüksək olması maliyyə sferasını hər hansı mənfi təsirlərdən qoruyur. BVF bankların likvidliyinin artımı şəraitində iqtisadiyyata kredit yönəldilməsinin çoxalmasını da təqdir edir. Fond qeyd edir ki, 2009-cu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında artım tempi maliyyə-bank sektorunda da müşahidə olunub. Belə ki, 2009-cu ilin ilk rübündə banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının 6 milyard 692 milyon manatı keçməsi və 39.1 faizlik artım mühüm göstərici sayıla bilər...
XS
SM
MD
LG