Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Tələbələr Xatəminin üzr istəməsini tələb edir


İranın bir neçə şəhərində aksiyalar keçirilib
İranın bir neçə şəhərində aksiyalar keçirilib
Mayın 23-ü və 24-ü İranın bir neçə şəhərində aksiyalar keçirilib. Aksiyalara səbəb keçmiş prezident Xatəminin İranda yaşayan türklər haqqında lətifələr deməsini göstərən video olub.

Mayın 23-də urmiyəlilər Xatəminin islahatçı silahdaşı Musəvinin seçki qərargahının qarşısında aksiya keçiriblər. Urmiyədən jurnalist İsmayıl Cavadinin «Azadlıq» radiosuna verdiyi xəbərə görə, aksiyada «Xatəmiyə ar olsun!», «Türk dilində mədrəsə!» şüarları səsləndirilib, polis aksiyanı dağıdıb, həbs olunanlar var:

«Musəvinin seçki qərargahının qarşısında toplaşmışdılar. Əvvəl çox mədəni şəkildə 300-dən yuxarı, sonra sayları artdı 500-ə. Onlar Xatəminin üzr istəməsini və onun silahdaşı, prezidentliyə namizəd Mirhüseyin Musəvidən açıqlama verməsini tələb etdilər. Aksiya zamanı «Yaşasın Azərbaycan!», «Ölüm olsun şovinizmə!», «Xatəmiyə ar olsun!» kimi şüarlar səsləndirilib. Aksiya yarım saatdan bir az çox davam edib, bu zaman qərargahdan çıxan Müsəvinin yaxın adamları insanlara zor tətbiq ediblər. Bundan sonra polis müdaxilə edib. Polis hələ aksiya başlayana qədər bütün küçə və xiyabanlarda ciddi hazırlıqlar aparmışdı. Onlar insanlara zor tətbiq edib bir neçə nəfəri həbs ediblər. Hadisədən sonra Urmiyada telefon və internet rabitələrində kəsintilər olub. Polis isə gecə yarısına qədər küçələrdə dolaşıb».

(Yazı videonun altında davam edir)
Tələbələrin etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid



Bu səhər - mayın 24-də daha bir aksiya Urmiyənin Səma Universitetində keçirilib. Orada da eyni şüarlarla üç saata yaxın keçən aksiyaya polis müdaxilə etməyib.

İsmayıl Cavadi mayın 25-də Sulduz (Nəqədeh) fəallarının aksiya keçirəcəklərini də bildirib.

2006-cı ilin mayında azərbaycanlıları tarakan şəklində göstərən karikaturaya etirazların polis tərəfindən dağıdılması zamanı Sulduz şəhərində 4 nəfərin həlak olduğu bildirilirdi. Yayılan elanlara əsasən mayın 25-də Sulduz məscidlərinin birində xatirə mərasimi keçiriləcək. Aksiyanın qarşısını almaq məqsədilə şəhərə əlavə polis qüvvələrinin gətirildiyi bildirilir.

Bu gün Tehranda tələbələr Xatəminin azərbaycanlılar barədə lətifələr söyləməsinə etiraz ediblər. Tehrandakı aksiyanı İranın xəbər agentlikləri də işıqlandırıb.

Tehran Universitetindəki aksiyanın iştirakçısı Tehranın Elm-Sənət Universitetinin tələbəsi Yasir Zafərinin sözlərinə görə, aksiyada yüzlərlə azərbaycanlı tələbə iştirak edib.

Tələbələr azərbaycanca şüarlar səsləndiriblər. Çıxışçılardan biri deyib ki, onlar qeyri-fars millətlərə qarşı həqarətlərə son qoyulmasını tələb edirlər. Aksiyada islahatçıları dəstəkləyən tələbələrlə mübahisələr yer alıb. Yasir Zafəri:

«Aksiya zamanı Müsəvinin tərəfdarları iğtişaş törətməyə cəhd etsələr də, bu, alınmadı. Xırda mübahisələr olsa da, bunun genişlənməsinə imkan verilmədi».

Tələbələr İran parlamentinə, ölkə rəhbərliyinə, eləcə də prezidentliyə namizədlərə müraciət qəbul ediblər. Zafərinin sözlərinə görə, əsas tələb Xatəminin rəsmi media, televiziya vasitəsilə üzr istəməsidir:

«Daha sonra Xatəminin öz lətifəsində ərdəbillilərin mərsiyə deməsini lağa qoyduğuna görə tələb olundu ki, onun islamdan sui-istifadə edib, milləti təhqir etməsi səbəbindən Xatəmiyə ruhani paltarı geyinməsi qadağan edilsin. Prezident seçkilərinə namizədlər Xatəminin məlum hərəkəti ilə bağlı mövqelərini bildirsinlər. Parlament də etnik təhqirlərə, milli ayrı-seçkiliyə görə cəzanı nəzərdə tutan qanun qəbul etsin».

Mayın 23-də Tehranın Şəhid Raceyi və paytaxtın qonşuluğundakı Kərəc şəhərində yerləşən Tərbiyət Müəllim universitetlərində də aksiyalar keçirilib. Aksiyalardan əldə etdiyimiz görüntülərə əsasən, tələbələr «Olsa qızıldan qəfəsim, azadlığa var həvəsim!», «Təkcə savaşda və seçkidə Azərbaycanı İranın başı hesab edirsiniz!», «Mənim dilim ölən deyil, başqa dilə dönən deyil!», «İrqçiliyin sağı-solu olmur!», eləcə də 2006-cı ilin may hadisələrini xatırladan şüarlar qaldırıblar.

İranda mühafizə qüvvələri universitetlərə müdaxilə etmədiyi üçün aksiyalar polis tərəfindən dağıdılmayıb.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) mayın 22-də Təbrizdə və mayın 23-də Urmiyədə keçirilən etiraz aksiyaları zamanı həbs olunan fəalların harada saxlandığı barədə məlumat olmadığını bildirir. Təşkilatın nümayəndəsi Yaşar Həkkakpur Təbrizdəki aksiya zamanı yaralanan bir neçə nəfərin də naməlum istiqamətdə aparıldığını bildirmişdi. Həkkakpur Urmiyədəki aksiya zamanı azı 3 nəfərin həbsi barədə dəqiq məlumatın olduğunu deyib.

Mayın 25-də Musəvinin Təbrizə səfəri gözlənilir.
XS
SM
MD
LG