Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

«Ölkənin birinci xanımı olmaq asan deyil»


«Tədricən kameralar, sənə zillənən baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən»
«Tədricən kameralar, sənə zillənən baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən»
«Ölkənin birinci xanımı olmaq asan deyil. Tədricən kameralar, sənə zillənən baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə prezidentinin həyat yoldaşı olmaq elə onun özü qədər məsuliyyətli bir işdir. Bu, doğurdan çətin işdir. Bunu başa düşmək vacibdir ki, sən yalnızca özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ uşaqlıqdan öz valideynlərimə, ailəmə layiq övlad olmağa çalışmışam. Bu gün belə bir məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar şərəflə bu cür asan olmayan bir işin öhdəsindən gəlirlər».

«Baku» jurnalına müsahibə verən ölkənin birinci xanımı Mehriban Əliyeva belə deyib.

Müsahibəsində M.Əliyeva deyib ki, o həyat yoldaşı ilə mübahisə etmir:

«Ailə həyatındakı çoxillik təcrübəm mənə göstərib ki, İlham hər hansı problemi düzgün qiymətləndirə və nəticəni əvvəlcədən görə bilir. Mən onun məsləhətlərini dinləyirəm, amma öz intuisiyama da güvənirəm. Əlbəttə, elə hallar olur ki, bizim baxışlarımız tutuşmur. Amma bu, mübahisə üçün səbəb ola bilməz. Biz artıq çoxdan bir-birimizə hörmət etməyə öyrəşmişik».

M.Əliyeva deyib ki, o həyat yoldaşı İlham Əliyevlə fəxr edir. Onun sözlərinə görə, sonsuz vətənpərvərlik, öz işinə sadiqlik, şərtsiz milli maraqları müdafiə etmək, əsl dövlət xadiminə xas xüsusiyyətlərdir. Ölkənin birinci xanımı onu da bildirib ki, siyasətçi qadının dəqiq məqsədi olmalıdır. O, bunun xətrinə siyasətə gəlir. Qoyulmuş məqsədlərə çatmaq üçün güc və mənlik kifayətdir.

M.Əliyeva müsahibəsində deyib ki, son 10 ildə onu ən çox heyrətləndirən oğludur. O deyir ki, oğlu öz qeyri-adi düşüncəsi, uşaqlara məxsus olmayan müdrikliyi, dünya haqqında fəlsəfi fikirləri ilə onu heyran edir:

«Adama bəzən elə gəlir ki, 11 yaşlı bu balaca oğlanın çiyinlərində böyük bir həyat təcrübəsi var. Məqsədyönlülük və daxili özünü idarəetməsi ilə o öz babası Heydər Əliyevə bənzəyir. O həm də təmkinlilik və səmimiliyi ilə də babasını xatırladır. Ümid edirəm ki, o, gələcəkdə öz böyük babası kimi böyük iradəyə və güclü ruha malik olacaq. İstəyirəm o, seçdiyi sahədə peşəkar, xoşbəxt həyat yoldaşı və ata olsun».

Fəlsəfə elmləri namizədi olan Mehriban Əliyeva dissertasiya mövzusu olan eftanaziya haqqında da danışıb və deyib ki, o, humanizm tərəfdarıdır və insan həyatı hər şeydən üstündür:

«Eftanaziya çoxüzlü bir sahədir. Onun öyrənilməsi bir neçə əsas elmlərin əsasında mümkündür. Məsələn, fəlsəfə, teologiya, tibb və etika. Bizim hamımızın müəyyən həyat təcrübəmiz var. Lakin heç kəsin ölüm təcrübəsi ola bilməz. Bizim eftanaziya ətrafında fikirlərimiz mövcudluluq və qeyri-mövcudluluq arasındakı sərhədə yaxınlaşma cəhdindən ibarətdir. Müasir texnologiya ölümü hadisədən prosesə çevirib. Həkimin xoş niyyətini praqmatik qərəzdən necə ayırmaq olar? Burda cavabdan çox sual var. Mən öz işimdə onların bir qisminə cavab verməyə çalışmışam».

«Baku» jurnalı Moskvada çıxır. Jurnalın redaktoru prezident İlham Əliyevin qızı Leyla Əliyevadır.
XS
SM
MD
LG