Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:41

Müstəqil jurnalistikaya hücumlar davam edir


Azərbaycan jurnalistləri Beynəlxalq Mətbuat Gününü qeyd edir, Bakı, 3 may 2007
Azərbaycan jurnalistləri Beynəlxalq Mətbuat Gününü qeyd edir, Bakı, 3 may 2007
«Azərbaycanda müxalifət və müstəqil mətbuat nümayəndələri təqib olunmaqda, fiziki hücumlara və hədə-qorxuya məruz qalmaqdadır». «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsində belə deyilir. Mayın 28-də təşkilat dünya ölkələri üzrə 2009-cu ildə insan haqlarının vəziyyətini qiymətləndirən illik hesabatını yayıb.

«KİV-NİN ƏKSƏRİYYƏTİ HÖKUMƏTİN TƏSİRİ ALTINA DÜŞÜB»

«Amnesty International» bildirir ki, diffamasiya və böhtan hələ də cinayət məsuliyyəti kimi qəbul olunur, bir neçə jurnalist isə peşə fəaliyyəti ilə əlaqəsi olmayan ittihamlarla, məsələn, xuliqanlıq və rüşvət kimi iddialarla məhkum olunublar.

Jurnalistlərə qarşı məhkəmə prosesləri beynəlxalq standartlara uyğun keçirilmir, bu yolla hökuməti tənqid edən jurnalistlər susdurulur.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, artıq mediaya təzyiqlər azalıb, çünki KİV-nin əksəriyyəti hökumətin təsiri altına düşüb:

«Bir neçə KİV var ki, onları müxalif, müstəqil KİV adlandırmaq olar və orda belə hallar baş verir. Mən çox fenomen bir şey deyim ki, bu təzyiqlərin dalğası həm kəmiyyət, həm də keyfiyyətcə azalır. Çünki bəzi hallarda artıq təzyiq etməyə hökumətin ehtiyacı da yoxdur. Tənqidçi jurnalistikanın böyük əksəriyyəti kimi bağlandı, kimi efirdən çıxarıldı, kimi satın alındı və s.»

«Amnesty International» illik hesabatının Azərbaycanla bağlı hissəsində onu da qeyd edir ki, ölkədə jurnalistlərə qarşı hücumlarla bağlı istintaqlar qənaətbəxş aparılmayıb.

Təşkilat «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin hələ də məsuliyyətə cəlb edilmədiyini, bir neçə il əvvəl həbs olunan jurnalistlərin həbsdə qaldığını deyir. Müstəqil və müxalifət jurnalistlərinin bəzilərinin şübhəli ittihamlarla məsuliyyətə cəlb edildiyi qeyd olunur.

«SƏN ÖZ YOLUNLA GET, KİM NƏ DEYİRSƏ DESİN»

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə «Amnesty International»ın hesabatını qərəzli olduğunu deyir. Baş redaktor bildirir ki, jurnalistlər Azərbaycanda peşə fəaliyyətinə görə yox, müəyyən cinayət törətdiklərinə görə həbs olunublar:

«Almanların qədim bir xalq məsəli var –Deyir «sən öz yolunla get, kim nə deyirsə desin». Bəzi beynəlxalq təşkilatlar var ki, mütəmadi olaraq Azərbaycanda mətbuat və söz azadlığını qərəzli şəkildə şərh edir, hər dəfə bir şeyi bəhanə edib irad bildirsinlər, Azərbaycanda mətbuat və söz azadlığının «boğulduğunu» iddia etsinlər. Bizdə jurnalistlər üçün ayrı, digər vətəndaşlar üçün ayrı qanun yazılmır, dövlət də qanunun aliliyini təmin edir».

POLİS ZORLA DİNDARLARIN SAQQALINI QIRXIR

«Amnesty International» insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycanda bəzi dini qrupların da təqiblərlə üzləşdiyini, hücumlara məruz qaldığını deyir. Təşkilat polisin zorla dindarların saqqalını qırxması faktlarına rast gəlindiyini yazır.

Beynəlxalq hüquq müdafiə təşkilatı bildirir ki, Azərbaycanda dini azadlıq, söz azadlığı sıxışdırıldığı kimi, müxalifət və cinsi azlıqlar da təqib olunur. Eyni vəziyyət nəinki Azərbaycanda, Ermənistan, İran, Rusiya, o cümlədən İraq, Belarus, Moldova, Mərkəzi Asiya ölkələrinin çoxunda və Balkan ölkələrində də var.

Təşkilat qlobal iqtisadi böhranın insan haqlarının səviyyəsinə mənfi təsir göstərdiyini də vurğulayır.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı 150-dən artıq ölkəni əhatə edir və bu ölkələrdə insan haqlarının vəziyyətini öyrənir.


«Amnesty International»ın Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını necə qiymətləndirirsiniz? Şərhinizi göndərin.
XS
SM
MD
LG