Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

«İpoteka krediti ilə bağlı şikayətlər həddən artıq çoxdur»


Deputat Vahid Əhmədov
Deputat Vahid Əhmədov
«Sosial ipoteka krediti ilə əlaqədar gedən oyunları anlamaq mümkün deyil. Son günlərdə aldığımız məlumata görə isə, sosial ipoteka verilməyəcək, digər ağır şərtlər əsasında ipoteka kreditləri veriləcək. Halbuki, cənab prezidentin kreditlərin hansı faizlərlə verilməsi, ilkin ödənişin necə olması barədə sərəncamı var».
Bunu deputat Vahid Əhmədov mayın 29-da parlament 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsini müzakirə edərkən deyib.

Onun sözlərinə görə, sosial ipoteka dövlət büdcəsindən ayrılan vəsaitdir. Onun verilmə vaxtı və hansı qaydalar əsasında verilməsi barədə KİV-də sistemli məlumat vermək lazımdır:

«Çünki ipoteka krediti ilə bağlı müraciətlər, şikayətlər həddən artıq çoxdur. İstərdim ki, belə vəziyyətin yaranmasının səbəbi barədə deputatlara məlumat verilsin».

V.Əhmədov deyir ki, ipoteka kreditləri dünyada ən çox istifadə olunan kredit formalarından biridir və bu insanların mənzil şəraitini yaxşılaşdırmaq üçün istifadə olunur:

«2008-ci ilin dövlət büdcəsində ipoteka krediti ilə bağlı 22 milyon manat nəzərdə tutulmuşdu. Aldığım məlumata görə, bu vəsaitin təxminən 10 milyon manatı xərclənib qurtarmadığı üçün 2009-cu ilə keçib. 2009-cu ilin dövlət büdcəsində də biz 35 milyon manat ipoteka krediti nəzərdə tutmuşuq. Beş ay keçib, amma hələ bu günədək ipoteka kreditindən 1 manat da verilməyib».

YAP icra katibi, deputat Əli Əhmədov isə deyir ki, hökumət vətəndaşlarına həmçinin ipoteka kreditləri həyata keçirməklə yardımlar etməlidir və Azərbaycan bunu edir. Ancaq digər tərəfdən, hazırda dünyanın üzləşdiyi iqtisadi və maliyyə böhranın yaranmasına səbəb olan amillərdən biri də ipoteka kreditləridir. Ona görə də ipoteka kreditlərinin verilməsi elə həyata keçirilməlidir ki, o vətəndaşlara maliyyə dəstəyi olmaqla yanaşı dövlət üçün hər hansı bir iqtisadi və maliyyə fəsadları da yaratmasın.
XS
SM
MD
LG