Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

Müxalifət prezident seçkisinin heyfini Yerevanda çıxmaq istəyir


Yerevanda müxalifətin yürüşü, 15 may 2009
Yerevanda müxalifətin yürüşü, 15 may 2009
Ermənistan müxalifəti ötən ilin prezident seçkisində düçar olduğu məğlubiyyətin əvəzini Yerevan meriyasına seçkilərdə çıxmaq istəyir.

Seçki mayın 31-də keçiriləcək. Müxalifət ümid edir ki, Ermənistan əhalisinin 1/3-dən çoxunun yaşadığı və əsas iqtisadi fəal gücün yerləşdiyi paytaxtda qalib gəlməklə, mövqelərini daha da gücləndirib, növbəti seçkilərdə Ermənistanda iqtidara gələ bilər.

«ERMƏNİSTANI DƏYİŞMƏYƏ YEREVANDAN BAŞLAYAQ!»

Müxalifətin mer vəzifəsinə namizədi, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın əsas seçki şüarı da iddialarından xəbər verir: «Ermənistanı dəyişməyə Yerevandan başlayaq!».

Yerevan meri vəzifəsində Levon Ter-Petrosyanı görmək istəyən əsas müxalifət qüvvəsi - Ermənistan Milli Konqresi əmindir ki, əgər seçkilər azad, ədalətli və şəffaf keçirilsə, qələbə onların olacaq. Ancaq Konqresin liderlərindən Stepan Dəmirçiyan deyir ki, qarşıdakı seçkilərin azad və ədalətli keçəcəyinə inanmırlar.

Ermənistan liderləri isə bu seçkilərin ATƏT və Avropa Şurası standartlarına uyğun keçiriləcəyinə, götürülən öhdəliklərə əməl edəcəklərinə şübhə etmirlər. Hakim Respublika Partiyasının liderlərindən Edik Samrazanov «Frans Press»ə deyib ki, bundan ötrü siyasi iradə və lazımi hüquqi baza var.

Hakim partiya bildirib ki, Şəhər Şurasına keçirilən seçkilərdə qalib gəlsələr, indiki icra hakimi Gagik Beqlaryanı vəzifədə saxlayacaqlar. İqtidar partiyası seçkidə təşviqatını əsasən sosial təminat məsələləri üzərində qurub.

Keçirilən rəy sorğularında hələ ki, hakimiyyətin namizədi Beqlaryan daha öndə görünür.

Amma ölkədəki iqtisadi vəziyyətin pisləşməsi, Ermənistandakı iqtisadi müəssisələrin az qala hamısının Rusiyanın nəzarətinə keçməsi, bununla yanaşı Sarkisyan iqtidarının bəzi siyasi addımları müxalifət tərəfdarlarının da sayını artırıb. Sarkisyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün «yol xəritəsi»ni imzalaması əvvəlcə ictimai rəydə çox müsbət qarşılanmışdı. Çoxları ümid edirdi ki, bundan sonra sərhədlər qıza müddətdə açılacaq. Amma Türkiyə rəsmilərinin ancaq Azərbaycan torpaqlarının işğalına son qoyulandan sonra sərhədlərin açılmasının mümkünlüyünü dilə gətirməsi Sarkisyanı pis vəziyyətdə qoyub.

«ƏGƏR MÜXALİFƏT UDUZSA, VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRMƏYƏ ÇALIŞA BİLƏR»

Üstəlik, keçənilki prezident seçkisindən və həmin vaxtkı qanlı qarşıdurmalardan sonra müxalifət bir qədər özünə gəlib. Hətta indi Ermənistanda çoxları narahatdır ki, seçkinin nəticəsindən asılı olaraq bu dəfə də eyni hadisələr təkrarlana bilər.

Yerevandan siyasi şərhçi Sergey Saxaryan deyir ki, əgər müxalifət uduzsa, vəziyyəti gərginləşdirməyə çalışa bilər və insanları küçələrə çıxaracaq:

«Və bu zaman hansısa tərəfdən təxribatların da olması mümkündür».

Yerevan meriyasına seçkiləri Avropa Şurası, Avropa Birliyi, ATƏT kimi qurumlar ciddi nəzarətdə saxlayır. Çünki son prezident seçkisi və ardınca baş verən olaylarda 10 nəfərin də həlak olmasından sonra Ermənistanın öhdəlikləri məsələsi daim gündəmdə olub.

Mer seçkisində 700 min paytaxt sakininin səsvermə hüququ var. Seçkinin ilkin nəticələri bir gün ərzində bəlli olacaq. Seçkiyə qatılan partiyalar isə, istədikləri adamı mer seçmək üçün 65 yerlik Şəhər Şurasında 40 yer tutmalıdır. Çünki Yerevanın merini birbaşa olaraq xalq yox, Şəhər Şurasına seçilən deputatlar seçəcək.

Şərhinizi yazın.
XS
SM
MD
LG