Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:29

«Eynulla bu il evdə olacaq»


Eynulla Fətullayevin atası Emin Fətullayev
Eynulla Fətullayevin atası Emin Fətullayev
Həbsdəki jurnalist Eynulla Fətullayevin atası buna əmindir. O «İşdən sonra» proqramına deyib ki, artıq bütün sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilib:

«Bu il Avropa İnsan Haqları Məhkəməsində Eynullanın işi yekunlaşmalıdır. Biz hər gün məhkəmənin qərarını gözləyirik. Heç bir şübhəm yoxdur ki, qərar müsbət olacaq».

Ata deyir ki, oğlunun günahsızlığından bütün dünya agahdır:

«Hələ Avropa Məhkəməsinin təcrübəsində olmayıb ki, bir adamın işinə bu qədər tez vaxtda, ilyarım ərzində baxılsın. Hələ bizim hökumət işi üç ay yubatdı. Avropa Məhkəməsində Eynullanın məsələsinə prioritet qaydada baxılıb. Burda da müxtəlif beynəlxalq qurumların böyük əməyi var. Bütün dünya agahdır ki, Eynulla günahsızdır. Əminəm buna, inşallah bu il Eynulla evdə olacaq. Bunu tam əminliklə deyirəm».

Yeri gəlmişkən, «Amnesty International» Eynulla Fətullayevi təhlükədə olan jurnalist kimi mükafatlandırıb. Emin Fətullayevsə oğlunun bu mükafatdan xəbərsiz olduğunu deyir. Bu haqda ona bir neçə gün sonra, iyunun 9-da həbsxanaya gedəndə məlumat çatdıracağını deyib:

«Bu mükafat məni çox sevindirdi. «Amnesty International» ən nüfuzlu təşkilatdır. Eynulla həbs olunandan sonra onlar çox iş görüb. Təşkilatın sayəsində Eynullaya həbsxanaya 13 min dəstək məktubu gəldi. Və bunun nəticəsi olaraq mükafatlandırıldı».

Ata «təhlükdə olan jurnalistlə» bağlı həbsxanadakı təhlükənin sovuşduğunu da deyib. Amma əlavə edib ki:

«Bizim ölkədə hamı təhlükədədir. Sizcə, adam həbsxanada necə ola bilər? O səkkiz ay MTN-in təkadamlıq kamerasında yatıb. İndi 12 saylı həbsxanadadır, iki min nəfərin içindədir. Eynulla cəsarətli insandır. Bunu ata kimi demirəm».

Eynulla Fətullayev artıq iki ildir həbsdədir. O, terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və jurnalistə 8 il 6 ay həbs cəzası kəsilib.
XS
SM
MD
LG