Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:39

100-dən çox QHT etirazlara başlayır…


İşçi qrupunun ilk iclası
İşçi qrupunun ilk iclası
Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi QHT-lər haqqında qanuna təklif edilən dəyişikliklərə etiraz olaraq bir sıra tədbirlər planlaşdırıb. Komitənin işçi qrupunun ilk iclasında Qubad İbadoğlu dedi ki, iyunun 19-u, yəni dəyişikliklər layihəsinin parlamentdə müzakirə ediləcəyi gün, bütün tərəflərin iştirakı ilə dəyirmi masa keçirəcəklər:

LAYİHƏ GERİ QAYTARILMALIDIR

«Parlamentdə sənədin müzakirəsi gedən vaxt biz etiraz aksiyaları da keçirmək niyyətindəyik. Bundan başqa baş verənlərlə bağlı beynəlxalq təşkilatlar da məlumatlandıracağıq».

İşçi qrupun üzvlərindən İlqar Məmmədov isə deyir ki, onlar dəyişikliklər layihəsi ilə bağlı bənd-bənd müzakirənin tərəfdarı deyillər. Hesab edirlər ki, ümümilikdə layihə geri qaytarılmalıdır.

Müdafiə Komitəsinin prezidentə ünvanlanan müraciətində də qeyd edilir ki, əgər parlament layihəni qəbul etsə o sənədi imzalamadan geri qaytarsın.

İlqar Məmmədov deyir ki, əgər onların tələbi ölkə daxilində qəbul edilməsə, onda beynəlxalq təşkilatlar qarşısında bir sıra sərt təkliflərlə çıxış edəcəklər:

«Əgər bu dəyişikliklər qüvvəyə minsə, Avropa Şurası Parlament Assambleyasına, «Aqo» Qrupuna müraciət edəcəyik ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ əlindən alınsın».

QHT-LƏRİN ƏSAS NARAZILIĞI NƏDİR?

İşçi Qrupun üzvü Hafiz Həsənov isə deyir ki, qanuna təklif edilən dəyişikliyin yalnız bir məqsədi var. Müstəqil QHT-lər ya mahiyyətcə hökumət strukturuna çevrilməli ya da ölümə məhkumdurlar.

Qanuna təklif edilən dəyişikliyə görə, qeydiyyatı olmayan QHT fəaliyyət göstərə bilməz. Üstəlik ölkənin inzibati ərazisinin üçdə birində yerli təşkilatı olmayan QHT-yə əyalətlərdə tədbirlər keçirməyə icazə verilmir. Müstəqil QHT-ləri narazı salan daha bir məqam isə onların büdcələri ilə bağlıdır. Dəyişikliklər layihəsinə görə, QHT-nin əmlakının 50 faizdən çoxu xarici donorlar hesabına formalaşarsa onun fəaliyyətinə son veriləcək. Hafiz Həsənov deyir ki, bu dəyişikliklər Azərbaycandakı xarici QHT-lərin də fəaliyyətini sual altında qoyur. İşçi qrupun üzvləri düşünürlər ki, təklif edilən dəyişikliklər həm ölkə konstitusiyası, həm Azərbaycanın götürdüyü öhdəliklər, həm də beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edir.

GÖRÜNMƏMİŞ HAL: QANUNUN GERİYƏ QÜVVƏSİ VAR…

Hafiz Həsənov deyir ki, bu dəyişikliklərdə ən çox diqqət çəkən tərəf isə onun ümumilikdə hüquq anlayışına meydan oxumasıdır:

«Bu dəyişiklərlə bağlı keçid müddəalar qəbul edilir. Keçid müddəaya görə, qanunun geriyə qüvvəsi var. Yəni bu dəyişikliklər qəbul edilərsə, artıq qeydiyyata alınmış bütün QHT-lərdən də tələb edilir ki, bu qanuna uyğunlaşsınlar. Əks halda ləğv ediləcəklər…»

Artıq son vaxtlar Azərbaycanda qanunlara bir-birinin ardınca dəyişikliklərin edilməsi tendensiya halını almaqdadır. Bundan əvvəl Ombudsman, Dini etiqad azadlığı və KİV haqqında qanunlara dəyişiklik edilmişdi.

Parlamentin komitələrində QHT-lər haqqında qanunla yanaşı, yenidən KİV və Dini etiqad azadlığı haqqında qanuna da əlavə dəyişikliklər müzakirə edilib. Baxmayaraq ki, həmin qanunlara dəyişiklikdən cəmi bir neçə ay keçir. Bu ilin əvvəlində isə referendum yolu ilə ölkə konstitusiyasına dəyişiklik edilmişdi.
XS
SM
MD
LG