Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Bu il kimə attestat veriləcək?


Mərkəzləşmiş buraxılış imtahanları bu il ölkənin bütün orta məktəblərini əhatə edib
İyunun 16-da Bakıda və Sumqayıtda orta məktəbi bitirən 11-ci sinif şagirdləri 8 fənn üzrə buraxılış imtahanı verdi. İmtahandan çıxan şagirdlər deyirlər ki, gələn ilə qalmamaq üçün ciddi hazırlaşıblar. Çünki 8 fənnin birindən 2 alana attestat verilməyəcək.

«SUALLARDAN ASANI DA VARDI, ÇƏTİNİ DƏ»

«Suallardan asanı da vardı, çətini də. Bildiyimiz də yazdım, bilmədiyimi də...».

14 saylı məktəbin şagirdi Sakit Ağayev 8 saylı məktəbdə imtahan verirdi. Deyir ki, imtahanqabağı o da, şagird yoldaşları da çox həyəcanlı olub.

Vaqifsə deyir ki, 3 saat vaxt şagirdlərə bəs eləmir: «Əvvəlcə sual kitabçası, sonra cavab kartına köçürməlisən, vaxt az idi, buna görə uşaqlar çox həyəcanlıydı...»

11-cilər ümid eləyirlər ki, imtahan cavablarına görə attestat ala biləcəklər.

20 saylı məktəbdə isə keçən il attestat ala bilməyənlər imtahan verirdi. Onlardan biri, 271 saylı məktəbin şagirdi Sevər Qasımova fizikadan imtahan vermişdi. Deyir ki, suallar bu il də keçən ilki kimi çətin olub: «Keçən il hamısından qiymət almışdım, bir fizikadan kəsilmişdim. İndi verdim, suallarda çətin idi».

Mahir Məmmədovsa ingilis dilindən imtahan verirdi: «Məncə bu il qiymət ala biləcəyəm, yaxşı yazdım. Yəqin keçən ilki attestatımı alaram».

Keçən il mərkəzləşmiş testdə ölkə üzrə 52.000 şagird iştirak eləmişdi. Onlardan 9 mini kəsilmişdi. Bundan sonrasa həmin şagirdlərdən bir qrupu və onların valideynləri Təhsil Nazirliyi, Prezidentin İcra Aparatı və Milli Məclisin qarşısında aksiyalar keçirib təhsil naziri Misir Mərdanovun istefasını tələb etmişdilər.

NAZİR DEYİR Kİ, QİYMƏTLƏR ƏSASDIR

Misir Mərdanov deyir ki, bu ilki imtahandan kəsilənlər də gələn il imtahan verməli olacaqlar:

«Şagirdlərə attestat verilərkən onların 10-cu sinifdə 8 fənn üzrə aldıqları qiymətlər, 11-ci sinifdə verdikləri sınaq imtahanı, illik imtahan və buraxılış imtahanında aldıqları qiymət əsas götürülür. Orta məktəblərə bu parametrlər əsasında siyahı göndərəcəyik. Şagirdləri qiymətləri də nazirliyin internet səhifəsində olacaq və direktorlar onun əsasında şagirdlərə attestat verəcəklər».

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə deyir ki, mərkəzləşmiş imtahanda çatışmazlıqlar var:

«İmtahan bu şəkildə olmamalıdır. Uşaqlar imtahanı öz məktəblərində verməlidir, bu onlara psixoloji fiziki baxımdan təsir edir. Biz dəfələrlə müraciət etmişik ki, orta məktəblərdə sınaq imtahanı mərkəzləşmiş olsun, ancaq buraxılış imtahanı qəbul imtahanıyla bir yerdə olsun, Türkiyədəki kimi».

Təhsil Nazirliyindən verilən məlumata görə, buraxılış imtahanlarının bütün cavabları yoxlanandan sonra şagirdlərə attestat veriləcək. İmtahan nəticələri üç gün ərzində bilinəcək. İyunun 28-ə qədərsə attestatlar veriləcək.

Bu il 113 mindən artıq şagird orta məktəbləri bitirib. Mərkəzləşmiş buraxılış imtahanları bu il ölkənin bütün orta məktəblərini əhatə edib. İyunun 3-də 8-də və 12-də rayonlarda olub.
XS
SM
MD
LG