Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

17 milyon seçki bülleteni hanı?


Əfşar Süleymani İranın Azərbaycandakı səfiri işləyərkən. 27 dekabr 2004 cü il.
Əfşar Süleymani İranın Azərbaycandakı səfiri işləyərkən. 27 dekabr 2004 cü il.
Iranda əlavə olaraq çap edilən 11 milyon seçki bülleteni hanı? Bunu Iranın Azərbaycandakı keçmiş səfiri, indi İranda müxalifətçi prezidentliyə namizəd Mirhüseyn Musəvinin Ərdəbildəki seçki qərargahının rəhbəri olan Əfşar Süleymani Azadlıq Radiosuna eksklüziv müsahibəsində sual edir.

İranın hər yerində Musəviyə verilən səslərin kütləvi şəkildə azaldıldığını, milliyyətcə azərbaycanlı olan Musəvinin İran Azərbaycanında çox yüksək dəstək qazandığını deyən Ə.Süleymani həm də səyyar seçki qutuları ilə bağlı şübhələrini bölüşür.


- Biz üç aydan artıq idi Ərdəbil vilayətində bu kampaniyanı aparırdıq. İş yüksək səviyyədə təşkil olunmuşdu və açıq-aydın görünürdü ki, Ərdəbil şəhərində əhalinin 70-80 faizi cənab Musəviyə səs verəcək. Hətta səsvermə günü biz 50-60 yerə getdik. Və sorğularımız, araşdırmalarımız göstərirdi ki, seçkiyə gələnlərin 70-80 faizi Musəviyə səs verir.

Ərdəbil vilayətinin başqa şəhərlərində - Germidə, Meşkinşəhərdə, Biləsuvarda, Mirdə, Kövsərdə, Xalxalda, Parsabadda və başqa yerlərdə də Musəvinin səsi çox idi. Ümumilikdə vilayət üzrə o 65 faizəcən səs qazanıb. Təbrizdə də onu dəstəkləyən çox olub. Düzdür, İran xalqı bir çox millətlərdən ibarətdir. Bütün bu xalqlar İranı yaradıblar və saxlayırlar. Amma təbii ki millətçilik hissiyyatı hər yerdə olur.

Məsələn, cənab Rezai Xuzistan əhlidir. Orda onun səsi çox olub. Əlbəttə ona birinci yer verilməyib, amma başqa yerlərlə müqayisədə o öz bölgəsində daha çox səs toplayıb. Cənab Musəvi də Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan vilayətlərində, eləcə də əhalisinin 30-40 faizi azərbaycanlı olan Gilan vilayətində səslərin 70 faizindən çoxunu yığmışdı.

Ümumilikdə isə ölkə üzrə onun topladığı səslər 65 faizəcən olub. Hətta Tehranda da Musəvinin daha çox səs topladığı elan edilib, amma ətraf şəhərləri bura qatanda elan edilib ki, o ikinci yerə çıxıb. Əslində isə bu, inandırıcı deyil. Seçkidən qabaq ölkə üzrə sorğularımız göstərirdi ki, cənab Musəvi elə birinci turdaca qalib gəlməlidir. Həqiqətən də o xalqın böyük hissəsinin səsini toplayıb və İran İslam Respublikasının prezidentidir.

- Bəs İran Azərbaycanında rəsmi nəticələr necə oldu?

- Cənab Musəvinin ən çox Qərbi Azərbaycanda səs yığdığı elan edilib. Hərçənd orda da onun səsləri azaldılıb. Ərdəbildə Əhmədinejadın Musəvidən 20 min çox səs topladığı deyilir, amma əslində gərək Musəvinin səsi Əhmədinejaddan azı 50-60 min çox olaydı.

Çox maraqlıdı ki, Təbrizdə də cənab Musəvinin 2-ci yer tutduğu elan edilib. Halbuki Musəvi Təbrizdən – Təbrizin Xamənə qəsəbəsindəndir. Yəni Şərqi Azərbaycanda da o 1-ci yeri tutmalı idi.

- Bəs saxtakarlığı sübut edən sənədlər varmı əlinizdə?

- İranda seçki prosesləri elədir ki, o sənədlər bizim əlimizdə olmur.

- Bəs axı seçki məntəqəsində sizin nümayəndəniz olur...

- Hə. Bax elə problem də burda olub. Bizdə seçkidən bir gün qabağacan hər şey yaxşı gedirdi. Yəni imkanlar var idi ki, hər bir namizəd özünü təbliğ eləsin. Amma seçki günü cənab Musəvinin nümayəndələrini məntəqələrə buraxmayıblar.

Bu onun özünün bəyanatında da var. O yerdəki Musəvinin nümayəndələrini məntəqələrə buraxıblar, səslərin sayılması prosesində iştirak etməyə imkan verməyiblər. Çox maraqlıdır. Səslər sayılanda bu nümayəndələr orda seçki sandığının başında olmayıb. Bilisriz, bu, İranda İslam inqilabından sonra keçirilən birinci seçki deyil. Əvvəllər də saxtakarlıqlar olmuşdu, amma az-maz. Amma belə kütləvi qanunsuzluqlar birinci dəfə idi baş verirdi.

Bizdə seçki məntəqələrində - səsvermə nəticələri 22 nömrəli formada əksini tapır. Sandıqdan çıxan bülletenlər əsasında kimə nə qədər səs verildiyi həmin formaya qeyd edilir. Seçki komissiyasının üzvləri, o cümlədən Daxili İşlər Nazirliyinin nümayəndələri həmin formanı imzalayır. Amma maraqlıdır ki, seçkidən qabaq Daxili İşlər Nazirliyi bitərəf qalmaqdansa, elan etmişdi ki, Əhmədinejadı dəstəkləyir.

Yəni bu işin özü də sual altındadır. Sandıq açılanda da bizim namizədlərin orda iştirakına imkan verilməyib. Sonra həmin 22 nömrəli formalar gedir seçki dairələrinə və orda onların əsasında 28 nömrəli forma doldurulur.

- Yəni məntəqədə tərtib olunan protokollarda sizin nümayəndələrin imzası yoxdu...

- Əslində heç qanunun belə bir tələbi də yoxdur. Amma heç olmasa onların səslərin düzgün sayılıb-sayılmamasını müşahidə etməsinə də imkan verilməyib. Çox maraqlıdır ki, səsvermə başa çatandan saat yarım sonra qəflətən elan edildi ki, ilkin nəticələrə görə, Əhmədinejada 6 milyon, Musəviyə 1 milyon səs verilib. Biz çox təəccübləndik.

Çünki bilinmədi ki, bu səslər harda, hansı şəhərlərdə sayılıb, hansı sandıqlardan çıxıb. Halbuki əvvəlki seçkilərdə bu elanı bir neçə saat sonra verərdilər. Onda da deyərdilər ki, filan qədər səs filan şəhərdə filankəsə verilib.

- İranda hansı saxtakarlıq formaları daha geniş yayılıb?

- Düzdü insan əli olan yerdə xəta olur. Əvvəlki seçkilərlə müqayisədə belə çox saxtakarlıq olmasaydı, bu qədər adam küçələrə tökülməzdi. Çünki hamı bir-birinin yanında olub, hamı da bilir ki kim kimə səs verib. Digər tərəfdən İranda 46 milyon səsvermə hüququ olan şəxs var. Amma çox maraqlıdır ki, 57 milyon səsvermə bülleteni çap olunmuşdu.

Yəni 11 milyon çox. Ümumiyyətlə heç vaxt səsvermə hüququ olanların hamısı səsverməyə gəlmir. Məsələn, indiyəcən İranda seçkilərə 50-60 faiz adam gəlirdi. Bu dəfə 10 milyon artıq adam seçkiyə gəlib, çünki yeni adam gəlmişdi - cənab Musəvi özüylə yenilik, yeni ideyalar gətirdi. Beləliklə seçkiyə təxminən 40 milyona yaxın adam gəlib. 6 milyon vərəqə onsuz da artıq idi.

Belə olan halda 11 milyon əlavə vərəqə niyə çap olunmuşdu? Başqa amilləri də buraya əlavə edəndə bu, seçkinin saxta keçirilməsi ehtimalını yüksəldir. Səyyar sandıqlar məsələsi də bura əlavə edilməlidir. Belə sandıqlar xəstəxanaya, yaxud yolları çətin keçilən yerlərə aparılır. İndi yaydır, havalar isti keçir və elə bir çətin keçilən yol da yoxdu.

Əvvəlki seçkilərdə həmişə 4 minə yaxın belə əldəgəzdirmə sandıqlar olurdu. Amma bu dəfə onların sayını 14 min eləmişdilər. Əgər adi məntəqələrdə namizədlərin nümayəndələrinə sandığa nəzarət etməyə imkan vermirlərsə, səyyar sandıqlara necə nəzarət olunub? Səsverməyə gəlməyənlərin bülletenləri 6 milyon olub və 11 milyon əlavə bülleteni də bunun üstünə gələndə 17 milyon bülleten edir. Bu artıq vərəqələr hardadı? Və bu əldəgəzdirmə sandıqların vəziyyəti nə mənədi?

- Tehranda seçki nəticələrinə etirazlar olur, bəs sizin Ərdəbildə vəziyyət necədir?


- Cənab Musəvinin özü istəmədiyi üçün Ərdəbildə aksiya keçirilməyib. Amma qanun çərçivəsində işimizi davam etdiririk. Çünki bəziləri istəyir ki, İrandakı bu aksiyalara başqa don geyindirələr, deyələr ki , bunlar ölkənin təhlükəsizliyini zərbə altında qoyurlar, yaxud ölkəni dağıtmaq istəyirlər, yaxud da ki burda xarici əllər var.

Ona görə də cənab Musəvi iyunun 16-da Tehranda elan olunan etiraz aksiyasını təxirə saldı. Bundan bir gün öncə Musəvinin tərəfdarları yaşıl dalğa aksiyası keçirmişdilər. Bu, dinc aksiya idi, insanlar ancaq yeriyirdi. Amma başqaları bundan sui-istifadə etməsin deyə cənab Musəvi qarşıdurmaya getmədi. İran İslam Respublikasının Konstitusiyasında 27-ci maddədə qeyd edilir ki, dinc aksiyaya icazə verilir.

Bunda başqa Qvardiya Şurası səslərin yenidən sayılması ilə bağlı şikayətləri araşdıracağını bildirib. Eyni zamanda cənab Musəvi bizim rəhbər cənab Xameneyi ilə görüşüb, o da şuraya tapşırıb ki, şikayətlərə ciddi baxılsın. İyunun 16-da üç namizədin nümayəndələrinin də rəhbərlə görüşü olub və qvardiya şurası məsələyə baxır. Hər halda gərəkdi ki, sandıqları qanun əsasında, şəffaf şəkildə açıb məsələyə aydınlıq gətirsinlər.

- Elan edilib ki, mübahisə doğuran bəzi yerlərdə səslər yenidən sayıla bilər, amma yeni seçki tələbi rədd edilib. Siz səslərin qismən sayılmasına razısızmı?

- Cənab Musəvi seçki nəticələrini ləğv edilməsini istəyib və indi Qvardiya Şurası bu şikayətlərin seçki nəticələrinin ləğv edilməsi üçün əsas verib-verməməsini araşdırır.

- Yəni siz ümid edirsiz ki, bu prosesdə sizin üçün xoş xəbərlər olacaq...

- Cənab Musəvinin dediklərindən əlavə o biri namizədlər də səslərinin azaldıldığını bildirirlər. Məncə, şura işini düzgün aparsa, seçkinin ləğv olunması üçün əsaslar tapa biləcəklər. Və belə bir halda yeni seçkinin keçirilməsi İran xalqının və İran dövlətinin xeyrinə ola bilər.

Və təbii ki, biz başqa dövlətlərin İranın daxili işlərinə qarışmasını istəmirik, İranın təhükəsizliyinə ziyan vura bilən, məsələn, haranısa odlamaq istəyən qüvvələrin əleyhinəyik. Və cənab Musəvi də deyib ki, bizim mədəni hərəkatımızı, xalqın səsinin qaytarılması yönündə işimiz heç kəs kor eləməsin. O adamlar ki haranısa odlayır, onlar İran xalqının bu hərakatının əleyhinə çıxmış olurlar və istəyirlər ki, bu hərakat davam etməsin.
XS
SM
MD
LG