Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:45

Saakaşvilidən erməni dilini ikinci dövlət dili elan etmək tələb edilir


Yerevan - prezidentlər Serj Sarkisyan (solda) və Mixeil Saakaşvili (sağda), 24 iyun 2009
Yerevan - prezidentlər Serj Sarkisyan (solda) və Mixeil Saakaşvili (sağda), 24 iyun 2009
Iyunun 24-də iki günlük səfərlə Yerevana gedən Gürcüstanın prezidenti Mixeil Saakaşvilini Yerevanda etiraz aksiyası ilə qarşılamaq istəyiblər.
Ermənistandakı “Mitk” analitik qrupunun üzvləri prezident aparatının binası qarşısında piket keçirmək üçün şəhər rəhbərliyinə müraciət edib. Amma bu aksiyaya icazə verilməyib.

“Mitk”in rəhbərləri jurnalistlərə bildiriblər ki, onlar Saakaşvilidən erməni dilini Gürcüstanın ermənilər yaşayan ərazilərində dövlət dili elan etməsini istəyirlər. Həmçinin də bu regionlara investisiya qoyulmasını, Ermənistanla sərhədlərdəki ciddi yoxlamaların aradan qaldırılmasını tələb edirlər.

Başqa bir məlumata görə Cavaxetiyadakı ermənilərin hüquqlarının pozulduğunu iddia edən Ermənistan parlamentinin deputatı Şirak Torosyanın Gürcüstana daxil olmasına Tbilisi qadağa qoyub.

Prezidentlər Sarkisyanla Saakaşvilinin görüşündə bu məsələlərin müzakirə edilib-edilmədiyi haqqında məlumat yoxdur.

Rusiya agentliklərinin məlumatına görə, tərəflər arasında əsas müzakirə mövzusu Rusiyadan Gürcüstanın ərazisi ilə Ermənistana yüklərin daşınmasıdır.

“Interfaks” agentliyi agentliyi yazır ki, hər iki tərəfdən rəsmilər sərhəddə gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşınmaları üçün tarifləri, Gürcüstan ərazisi ilə Ermənistana yüklərin daşınması məsələlərini müzakirə edirlər.

Məlumata görə, müzakirələrin gündəliyində Rusiya ilə Gürcüstan arasındakı nəzarət-keçid məntəqələrindən birinin Ermənistan üçün açılması imkanlarının yoxlanması da var.

“Novosti Armeniya” agentliyi yazır ki, prezidentlər bu gün birgə mətbuat konfransı keçiriblər.

Ermənistanın prezidenti Serj Sarkisyan Rusiya ilə Gürcüstan arasındakı problemlərin həllinin ölkəsinin milli marağında olduğunu bildirib. Amma o həm də əlavə edib ki, Yerevan Moskva ilə Tbilisinin münasibətlərini normallaşdırmaq kimi bir məsələni qarşısına qoymayıb:

“Hesab edirəm ki, bizim işimiz münasibətlərimizi möhkəmlətmək olmalıdır. Həmişə nəzərə almalıyıq ki, Ermənistan-Rusiya, Ermənistan-Gürcüstan münasibətləri regionda təhlükəsizlik məsələsidir. Biz Rusiya ilə də, Gürcüstanla da əlaqələrimizi açıq, heç bir sirr saxlamadan davam etdirirk” – deyə Sarkisyan bildirib.

Saakaşvilinin Yerevana səfəri iyunun 25-də də davam edəcək.
XS
SM
MD
LG