Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:23

«Nabucco»ya bu dəfə Amerika qoşulur


ABŞ Dövlət katibi Hillari Klinton Türkmənistan xarici İşlər naziri Rəşid Meredovu qəbul edir, Vaşinqton, 24 iyun 2009
ABŞ Dövlət katibi Hillari Klinton Türkmənistan xarici İşlər naziri Rəşid Meredovu qəbul edir, Vaşinqton, 24 iyun 2009
Yerində sayan Transxəzər və «Nabucco» layihələrinə təkan verməyə bu dəfə Amerikanın özü qoşulub

«Nabucco» düyününü açmağa bu dəfə Amerikanın özü qoşulub.

«Azadlıq» radiosunun əldə etdiyi məlumata görə, Türkmənistanın xarici işlər naziri Rəşid Meredova Amerika səfərində kimlə görüşməyi, nədən danışmaq məsləhətlərini elə bu yaxınlarda Aşqabadda olan Riçard Morninqstar verib.

Rəşid Meredovun Vaşinqton səfəri haqda Türkmənistanın Amerikadakı səfirliyi söz demək istəməyib.

Ancaq Amerika hökumətində Avrasiya enerji məsələləri üzrə xüsusi səfir Riçard Morninqstar «Azadlıq» radiosuna deyib ki, söhbət enerji layihələrindən gedir.

Morninqstar deyir ki, Türkmənistanla qaz əməkdaşlığı Amerikanın diqqət mərkəzindədir, Meredov ExxonMobil və Chevron kimi neft nəhənglərinin nümayəndələri ilə görüşəcək.

Maraqlıdır ki, Amerika ilə Türkmənistanın qarşılıqlı investisiya müqaviləsi yoxdur. Bu məsələ 1991-ci ildə gündəlikdə idi, ancaq 1994-cü ildə Türkmənbaşı buna son qoydu.

İndiki prezident Qurbanqulu Berdıməhəmmədov son vaxtlar ixrac məsələsində Rusiyadan asılılıqdan qurtarmaq istəyir, bunun da bir yolu «Nabucco»dur. Xəzər dənizi ilə Azərbaycana, buradan isə Türkiyə vasitəsilə Avropaya getməli olan bu kəmərə Türkmənistanın 10 milyard kub metr qaz verəcəyi gözlənilir. Azərbaycan isə 8 milyard kub metr qaz verməlidir. Ancaq Morninqstar deyir ki, bu 8 milyard rəqəmi ilkin rəqəmdir, sonra bundan qat-qat çox veriləcək.

Morninqstarın fikrincə, çətini kəməri işə salmaqdır: ««Nabucco» işə düşsə, Türkmənistan daha çox qaz verəcək. Şimali İraq qazı da gəlsə, Azərbaycanın da böyük qaz ehtiyatı var, o da gəlsə, Türkmənistandan daha çox qaz gələcək».

Xəzərdə Türkmənistanla Azərbaycanın qaz yataqları mübahisəsini isə Morninqstar həll olunan sayır. O deyir ki, sərhəd məsələsinə toxunmadan mübahisəli Kəpəz yatağını birgə işləmək olar, təki Xəzərlə qaz gəlsin.

Morninqstar «Azadlıq» radiosunun yalnız bir sualına cavab verməyib - Vaşinqtonda Meredovdan soruşulacaqmı ki, Türkmənistanda insan haqlarının durumu niyə belədir?
XS
SM
MD
LG