Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:24

Rusiya indi Azərbaycandan nə istəyir?


«Medvedevlə Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli məsələlərinə də toxunulacaq»
«Medvedevlə Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli məsələlərinə də toxunulacaq»
Rusiya prezidenti Dmitri Medvedev Bakıda işgüzar səfərdədir. Bu səfər ərəfəsində Rusiyanın «RİA Novosti» Agentliyi bildirirdi ki, Medvedevlə Əliyevin görüşündə iki ölkə arasında iqtisadi-ticarət və yanacaq-energetika sahəsində əməkdaşlığa dair müzakirələr gözlənilir. Bundan başqa, Dağlıq Qarabağ və Xəzərin statusu ilə bağlı məsləhətləşmələrin də aparılacağı güman edilir.

BARAK OBAMA İLƏ GÖRÜŞƏ HAZIRLIQ

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə deyir ki, Dmitri Medvedevin Bakıya gəlişinə onun Barak Obama ilə görüşünə hazırlıq kimi baxmaq lazımdır. Cənab Quluzadə düşünür ki, Rusiya prezidenti amerikalı həmkarı ilə görüşdən əvvəl Azərbaycanda bəzi məsələləri dəqiqləşdirmək istəyir:

- Rusiya yenidən Qəbələ və Armavir RLS-ni ABŞ-a təklif etmək istəyir. Qəbələ RLS-ni ABŞ-a təklif etməmiş Moskva Azərbaycandan tam razılıq almaq istəyir. Çox güman ki, Medvedev Obama ilə görüşdə Avropada raket əleyhinə sistemin quraşdırılmasına etiraz etməyə hazırlaşır. Bundan ötrü də yenidən Qəbələni ABŞ-a təklif edəcəklər.

Əslində, iki il əvvəl də Qəbələ RLS Rusiya və ABŞ prezidentlərinin danışıqlar mövzusuna çevrilmişdi. Onda da prezident Vladimir Putin Corc Buşa Avropada raket əleyhinə sistemin quraşdırılması əvəzinə Qəbələ RLS-dən birgə istifadəni təklif etmişdi. Vəfa Quluzadə deyir ki, Medvedevlə Obamanın görüşündə nəhayət Qəbələ RLS-in gələcək statusuna aydınlıq gətirilməlidir.

RUSİYANIN QARABAĞ MESAJI NƏDİR?

Keçmiş dövlət müşaviri düşünür ki, Medvedevlə Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli məsələlərinə də toxunulacaq. Onun fikrincə, Rusiya prezidentinin Qarabağ münaqişəsiylə bağlı budəfəki müzakirələri də Obama ilə görüşə hazırlığın tərkib hissəsidir. V.Quluzadə deyir ki, Barak Obama donmuş münaqişələrin həllinə çalışır. Rusiya və ABŞ prezidentlərinin görüşündə də Dağlıq Qarabağ münaqişəsinə toxunulacağını istisna etməyən keçmiş müşavir düşünür ki, indi Rusiya Azərbaycana öz şərtini çatdırır:

- Rusiya Qarabağ münaqişəsinin həlinə yalnız bir şərtlə razılıq verə bilər. Azərbaycanın işğaldan azad edilən rayonlarına sülhməramlı qüvvə statusu ilə Rusiya qoşunları yeridilsin. Medvedev çalışacaq ki, İlham Əliyevi buna razılaşdırsın. Sonra da bu məsələ ABŞ prezidenti qarşısında Qarabağ münaqişəsinin həlli yolu kimi təklif ediləcək.

AZƏRBAYCAN NƏ QƏRBİ NƏ DƏ RUSİYANI İNCİK SALMAQ İSTƏYİR

Vəfa Quluzadə deyir ki, Medvedevin səfərində Azərbaycan qazının alınması da əsas müzakirə mövzularından biridir. Yeri gəlmişkən, bu səfər ərəfəsində «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller «Şahdəniz» yatağından hasil ediləcək qazın Rusiyaya satılması ilə bağlı sazişin imzalanacağına ümid etdiyini bildirib. Hələ iki ay əvvəl Azərbaycan qazının Rusiyaya satılması ilə bağlı tərəflər arasında memorandum imzalanıb. «Turan» İnformasiya Agentliyinin əməkdaşı İlham Şaban deyir ki, Rusiya Azərbaycana sərfəli qiymət təklif edir. Ona görə də Azərbaycanın hasil etdiyi qazın bir hissəsinin Rusiyaya satılmasında mənfi heç nə yoxdur:

- Azərbaycan 2010-cu ildən Rusiya ilə qaz əməkdaşlığı qura bilsə, bunun ciddi əhəmiyyəti olacaq. Artıq Azərbaycan bütün qonşuları ilə normal enerji əməkdaşlığı yaratmış olacaq. Bircə Ermənistandan başqa. Bu, Ermənistana ciddi siqnaldır.

İ.Şaban deyir ki, Rusiya ilə Azərbaycanın qaz əməkdaşlığı Mozdok-Hacıqabul kəmərinin yenidən işə düşməsi olacaq. Sovetlər dönəmində inşa edilən həmin qaz kəmərinin 10 milyard kubmetr ötürücülük qabiliyyəti var.

İlham Şaban deyir ki, Azərbaycan qazının bir hissəsinin Rusiyaya satılması «Nabucco» layihəsinə qarşı yönəlməyib. Çünki «Şahdəniz»in ikinci fazasından qaz hasilatına 2015-ci ildən başlanacaq. «Nabucco» layihəsinin əsas mənbəyi də elə «Şahdəniz»in ikinci fazasından alınacaq qaz nəzərdə tutulur.

QƏBƏLƏ RLS, DAĞLIQ QARABAĞ, «ŞAHDƏNİZ» QAZI VƏ YA ÜÇBUCAĞIN BİR ÜZÜ

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə hesab edir ki, Rusiyanın Azərbaycandan qaz almasının mahiyyətində onun Avropanı enerji asılılığında saxlamaq siyasəti durur. Onun fikrincə, əgər Azərbaycan tamamilə «Şahdəniz» qazının Rusiyaya satılmasına razılıq versə, bu, Qərblə əməkdaşlıqdan birdəfəlik imtina olar. Bu isə Azərbaycanın regionda təklənməsinə gətirib çıxaracaq.

V.Quluzadə deyir ki, istər Qəbələ RLS-i, istər Dağlıq Qarabağ, istərsə də qazla bağlı müzakirələr Rusiyaya Qərb qarşısında öz mövqelərini gücləndirmək üçün lazımdır.
XS
SM
MD
LG