Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Parisdə yaşayan 92 yaşlı azərbaycanlı kimdir?


“60-cı illərin ortaları idi. O vaxt mən Parisdə aşbaz işləyirdim.

Axşam işdən qayıdanda gördüm ki, dostum Məmməd bizdədi, yanında da bir qadınla bir kişi. Azərbaycandan gəlmişdilər.

Kişinin yaxasındakı deputat nişanını – sovet bayrağını görəndə rəngim ağardı...”.

...Parisdə elə bir isti var ki, mən dəqiqəbaşı əlimdəki şüşədən bir-iki qurtum su almasam olmur, xatirələrini danışan həmsöhbətim Qədir Süleymanın isə bu isti, 92 yaşı olmasına baxmayaraq, heç vecinə də deyil.

Parisin məşhur Notr-dam kilsəsinin qabağında günün altında dayanıb söhbət eləməyə məcburuq, çünki Azərbaycandan olan muzey direktoru ilə də eyni vaxtda kilsənin qarşısına görüş təyin edib – deyir ki, kölgəyə çəkilsək, birdən gəlib onu tapmaz.

“Dilim tutuldu” – söhbətinə davam edir,

“ELƏ BİLDİM MƏNİ TUTUB BAKIYA APARMAĞA GƏLİBLƏR.

Dostum Məmməd də, yanındakı kişiylə qadın da bunu görüb məni sakitləşdirməyə başladılar. Məlum oldu ki, qonağım mayestro Niyazi və həyat yoldaşı Həcər xanımdı”.

Niyazı öz əmisi - Parisdə mühacir həyatı yaşamış və 1961-ci ildə vəfat eləmiş Ceyhun Hacıbəyli haqda ətraflı məlumat almaq istəyirmiş.

Qədir bəy keçmiş həyat yoldaşı Raisa xanımla.
“Məmməd də mənim bu işdə onlara kömək edə biləcəyimi demişdi”.

Həmsöhbətim 60 ildən çoxdu Parisdə yaşayır, daha dəqiqi Paris ətrafında – Bulon meşəsinə yaxın sakit bir məhəllədə.

Bir neçə ay əvvəl yaxılıb və ayaq sümüyü çatlayıb. Çəliklə gəzir.

Onun Avropadakı həyatının böyük hissəsi qorxu içində keçib. Bu qorxu indinin özündə də canından tam çıxmayıb.

Danışır ki, bir neçə ay qabaq ona Moskvadan - “Baku” jurnalından zəng ediblər. Amma xəttin o başındakı rus jurnalistinin müsahibə istəyinə də əvvəlcə şübhəylə yanaşıb.

SOVET ƏSGƏRLƏRİNİ PULEMYOTLA HƏDƏLƏYİB HÜCUMA GÖNDƏRİRDİLƏR

Muzey direktoru nədənsə gəlib çıxmır. Həmsöhbətim ona 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətini Versal sülh konfransında təmsil etmiş nümayəndə heyətinin bir üzvünün şəklini verəcəkdi.

Belə nadir şəkillərin Qədir bəydə olması təsadüfi deyil – o vaxtilə Avropadakı azərbaycanlı icmasının fəal üzvü olub.

O 1941-ci ildə Krımda – Feodosiya yaxınlığında gedən döyüşlərdə əsir düşüb.

“Döyüşə gedən rotadan axşama 15-20 nəfər sağ qalırdı. “Osobı otdel”dən olanlar arxada pulemyotla dayanır və “Za rodinu, za Stalina!” qışqırıb bizi hücuma göndərirdilər – irəli getsəydin səni almanlar, geri çəkilsən özününkülər vuracaqdı”.

Qədir bəy həmin ağır döyüşlərdə yaralanaraq əsir düşür.

O danışır ki, davaya gedəndə çəkisi 60 kilorqamdan çox imiş, amma əsir düşərgələrində çəkisi 37 kiloqrama düşür.

Qədir Azərbaycandakı doğmaları ilə birgə.

“O vaxt sovet əsirlərinin hamısına “rus” deyirdilər və bizimlə vəhşi kimi davranırdılar, yarıac səhərdən axşama qədər işlədirdilər, verdikləri supun nədən bişirildiyini bilmək olmurdu, yeməli şey deyildi”.

Qədir bəy Krım, Polşa, Belorus, Almaniyadakı düşərgələrdə olub.

“Oranı qaz-buranı qaz” işlərindən əlavə onu Almaniyada yaşlı bir əsgərə də təhkim ediblər – bir müddət onun həyət-baca işlərini görüb. Deyir ki, həmin alman qəribə adam idi, evə gələn zabit oğluna “çest” verirdi.

SÜNNƏTİN BADINA GEDƏNLƏR

Qədir bəy danışır ki, müharibənin ilk illərində düşərgələrdə çox azərbaycanlı qırılıb. Bəzilərini isə - sünnət olunduqlarına görə - yəhudi bilib qaz kamerasında boğublar.

Çox keçmir ki, almanların canlı qüvvəyə ehtiyacları yaranır və onlar sovet əsgərlərindən milli legionlar düzəltmək qərarına gəlirlər.

“1942-ci ildə bizi - bir qrup azərbaycanlını Ukraynada xüsusi düşərgəyə yığdılar.

Yeməyimiz bir az düzəldi. Verdikləri əsasən kartof idi. Həkimlər yoxlayırdılar ki, kimin səhhəti döyüşməyə imkan verir, kiminki yox.

Düzdü, alman ordusuna könüllü qoşulan da vardı, amma əksəriyyət əsir düşərgələrinin dəhşətindən can qurtarmaq, acından ölməmək üçün bu işə razı olurdu”.

Qədir bəyin dediyinə görə, sovet ordusuna qarşı döyüşməyib, onu tərcüməçilik oxumaq üçün alman məktəbinə göndəriblər, müharibənin axırlarına yaxın isə artıq tərcüməçilərə ehtiyac azaldığı üçün onu məktəbdə saxlayıblar ki dərzilik eləsin.

Bu müddət sonra isə Fransada Bic ətrafında düşərgədə olarkən, öz ifadəsiylə desək, əsirlər “yiyəsizlikdən istifadə edib” qaçır və partizanlara qoşulurlar. Beləcə müharbənin son 3-4 ayını Qədir bəy Fransa partizanları arasında keçirir.

Parisin Notrdam kilsəsi

Burada onun işi alman əsirlərinə nəzarət etmək olur və dəfə almanlar işləyir, o, tamaşa edir.

...Muzey direktoru gəlib çıxmır və biz metroyla Qədir bəygilə yollanırıq. Evdə əksər tək yaşayan adamlara xas səliqəsizlik var. Elə hey çalışır ki, məni özü bişirdiyi kələm dolmasına qonaq eləsin – deyir ki, nə bişirsə 3 günlük bişirir və soyuducuda saxlayıb “yavaş-yavaş yeyir”.

Soyuducusu meyvə-tərəvvəzlə doludur. Hiss olunur ki, dolanışığı pis deyil. Müharibədən sonra - keçmiş əsir olmuş rus qadınla evlənib, amma sonra boşanıb - oğlu Boris öz övladları ilə başqa mənzildə yaşayır, hər axşam zəng edib onun halını soruşurlar.

Nəvələri Volodya, Saşa və Alekseyi çox istəyir, onların fotoları hər iki otaqda divarlara vurulub.

BİR QATIQ DÜKANININ SİRRİ

Vətən xaini kimi cəzlandırılacaqlarından ehtiyat edən keçmiş əsirlərin bəziləri SSRİ-yə qayıtmaqdan imtina edirlər. Amma onlar sənədsiz olduqları üçün Fransada yaşayış icazəsi almaları, işləmələri mümkün deyildi.

Qədir bəyə də, Azərbaycandan və Şimali Qafqazdan olan bir çox başqa keçmiş əsirlərə də lazımi sənədləri düzəltməkdə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər Topçubaşov kömək edir.

Ələkbər bəy o vaxt Parisdə müəllim işləyirdi. Onun dostu Əkbər ağa Şeyxülislamovun isə Parisdə qatıq dükanı varmış.

“Arayış tərtib edirdilər ki, guya biz həmin qatıq dükanında işləyirik, beləcə təzə sənədlər düzəldib Fransada yaşayış izni almağımız asanlaşdı”.

Əkbər ağa 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan edən milli şuranın üzvü olub, bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra isə Avropaya mühacirət edib və 1961-ci ildə Parisdə dünyasını dəyişib.

33 İL SONRA VƏTƏNDƏ

Niyazi Parisdə Qədir bəylə görüşəndən sonra onun Azərbaycana getməsinə kömək edəcəyini söz verir. O vaxt ailəsi Qədir bəyi itkin düşmüş bilirdi.

Doğrudan da çox keçmir ki, Qədir bəyin 33 illik vətən və ailə həsrətinə son qoyulur. Əvvəlcə qardaşı ilə telefon əlaqəsi yaradır, özünün dediyinə görə, buna danışmaq demək olmazdı, çünki hər ikisi əllərində telefonun dəstəyi hönkür-hönkür ağlayırmış...

Qədir bəy Fransadan Azərbaycana qatarla gəlir - əvvəl Moskvaya, ordan da onu qarşılayan qardaşıyla birgə Bakıya. Deyir ki, SSRİ sərhədini keçəndə - Brestdə əli avtomatlı sovet əsgərlərini görəndə yenə canına üşütmə düşür.

“Elə bilirdim ki, bu dəqiqə məni avtomatın qabağına qatıb həbsə atacaqlar”.

Azadlıq Radiosunun müxbiri Rövşən Qənbərov və Qədir Süleyman Notrdam kilsəsi qarşısındakı meydanda.

SSRİ-yə qayıdanda Qədir bəy qardaş-bacılarını öz yurdlarından didərgin düşmüş görür.

Qədir bəy əslən Ermənistanın Zar kəndindən olub. Amma müharibədən sonra onun yaxınlarını öz dədə-baba yurdlarından qovublar.

Böyük ailənin bir hissəsi Göyçayda, bir hissəsi isə Gəncədə sığınacaq tapıb.

HEYDƏR ƏLİYEVLƏ BAŞ TUTMAYAN GÖRÜŞ

...Qızmar günəş altında saat yarımlıq söhbətdən sonra evə gələn Qədir bəyin bir stəkan su da içmədiyin görəndə onun sağlamlığının möhməkliyinə qibtə etməyə bilmirəm.

Qədir bəy deyir ki, Azərbaycanda olarkən Niyazi onu o vaxt Azərbaycan Kommunist Partiyasının rəhbəri olan Heydər Əliyevlə də görüşdürmək istəyib.

Amma o vaxt oğlu Fransada atom-elektrik stansiyasında işlədiyi üçün Qədir bəy bu fürsətdən istifadə etməmək qərarına gəlir. “Düşündüm ki, birdən fransızlar şübhələnər ki, xeyir ola, görəsən, bu görüşdə məqsəd nədir?”.

1990-cı illərin ortalarında Heydər Əliyev artıq Azərbaycan prezidenti kimi Parisə gələndə Qədir bəyi azərbaycanlı icmasının üzvü kimi onunla görüşdürürlər.

“Sən demə o vaxt Niyazi mənim haqqımda Heydər Əliyevə danışıbmış. Görüş vaxtı bunu Heydər Əliyevin özündən eşitdim. Yaddaşın itiliyinə bax ki, üstündən 30 ilə yaxın vaxt keçsə də, bunu unutmamışdı”.

VƏTƏN ÇAĞIRIR...

O yaşadığı evi bir neçə il qabaq oğluna vəsiyyət edib – soyuqqanlıqla danışır ki, bunu sağlığında edib ki, öləndən sonra yaxınları üçün mənzili öz adlarına keçirmək problemi yaranmasın. “İndi eləməsəm, sonra onlardan o qədər sənəd tələb edəcəklər ki... Mənim isə doğulduğum yerlə bağlı heç bir sənədim yoxdur...”

Dediyinə görə, imkan düşəndə Azərbaycandakı qohumlarına pul da göndərir.

Məni ən çox maraqlandıran suallardan biri isə həmsöhbətimin birdəfəlik Azərbaycana qayıtmaq istəyinin olub-olmaması idi.

“Düzdü, ordan doğmalarım çağırır ki, gəl. Amma burda mənim kimi şəkər xəstələri üçün dərmanlar da, ən yüksək səviyyəli müalicə də pulsuzdu.

Bilmirəm orda bu şərait varmı? Müharibə iştirakçısı olduğum üçün nəqliyyatdan da pulsuz istifadə eləyirəm... Ora gedib heç kimə yük olmaq istəmirəm”.

Parisdə yaşayan 92 yaşlı azərbaycanlı
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

XS
SM
MD
LG