Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:32

İran-Ermənistan paraleli


Mahmud Əhmədinejad Tehranda Serj Sarkisyanı qəbul edir, 13 aprel 2009
Mahmud Əhmədinejad Tehranda Serj Sarkisyanı qəbul edir, 13 aprel 2009
Demokratik idarəetmə ənənəsi onsuz da olmayan bir dövlətdə keçirilən seçkidən sonra iqtidarın namizədi mübahisəli şəkildə qalib elan edilir. Onun əsas rəqibi seçkinin nəticələrini qəbul eləmir, tərəfdarlarını küçələrə çıxarır, kütləvi aksiyalarda seçkinin təkrarlanması tələb edilir. Bir az səbr eləyən hakimiyyət sonunda zorakılığa əl atır, aksiyanı dağıdır, adamlar öldürülür, çoxları həbs edilir, media susdurulur və etiraz yatırılır. Ötən ay İranda baş verənlərdən danışırdıq.

Amma bu hadisələr eyni ssenariylə ötən il də baş vermişdi. Ancaq müsəlman İranında yox, İranın xristian qonşusu – Ermənistanda. Həm də demokratiyanı əldə bayraq eləyən Avropa Şurasının üzvü olan bir ölkədə.

2008-ci ilin fevralındakı prezident seçkisində Yerevanda da əsas müxalifət namizədi məğlubiyyətini qəbul eləmədi, tərəfdarlarını küçələrə çıxardı, təkrar seçki tələb elədi. Ancaq martın əvvəlində hökumət qoşunları, İrandakından fərqli olaraq könüllülər maskası altında yox, ağır texnikanın köməyi ilə, ordunun əliylə etirazları yatırdı və ölənlər oldu. Sonrasında həbslər, mediaya hücumlar və s.

Ancaq bu gün İran rejimindən az qala hər gün dinc aksiyalara icazə verməsini, xalqın səsini dinləməsini, tutulanları buraxmasını tələb eləyib, seçkinin nəticələrini şübhə altına alan Qərb cəmi bir il əvvəl Ermənistan hakimiyyətinə belə davranmırdı. Uzağı çağırışlar olurdu, tələblər və hədələrdən söz də getmədi.

Niyə? Çünki, Ermənistan regionda Qərb üçün elə də təhlükə törətmir, Ermənistan liderləri özlərinin daxildəki zorakı siyasətini – xarici siyasətdə Qərblə dostluq maskası altında gizlətməyi yaxşı bilir. İranlı ruhanilərin öyrənə bilmədiyi və başını daha çox ağrıdan da budur.

Və əlbəttə ki, burda ikili standartdan da danışmaq lazımdır. Çünki İranda baş verən səslərin sayılması və etibarsız bülletenlərlə bağlı baş verən pozuntuları Qərblilər ciddi sayır, amma eyni hadisə Ermənistanda baş verəndə bunu diqqətə almır.

İRANA BİR, ERMƏNİSTANA BAŞQA MÜNASİBƏT. NİYƏ?

Avropa Birliyinin əsas gücləri – Almaniya, Fransa, Britaniya İranı sanksiyalarla hədələyir, amma Ermənistanı hətta çağırışları da yerinə yetirməməsinə baxmayaraq Qonşuluq Siyasətinə cəlb eləyir.

Qərb İran hakimiyyətinin legitimliyini şübhə altına alır, ancaq eyni yolla seçilən Ermənistan prezidentinin təbrik eləyir.

İrandakı zorakılığa görə ancaq hakimiyyəti qınayır, Ermənistanda baş verənləri isə Metyu Brayzanın seçkidən sonra dediyi kimi, həm müxalifət, həm də hakimiyyətin ortaq günahı sayır.

Yerevandakı hadisələrin üstündən keçən ilyarım ərzində prezident elan olunan Sarkisyanı birbaşa təbrik eləməyən Qərb lideri, elə heç kimin bəyənmədiyi Corc Buş idi. Elə Ermənistan hakimiyyətini demokratiyayla bağlı vədləri yerinə yetirmədiyinə görə ilyarımdan sonra gecikməli və elə də təsirli olmayan bir şəkildə cəzalandıran da yenə ABŞ idi. 70 milyon dollarlıq yardımı kəsdilər.

Amma bu ilyarımda ABŞ özü dəfələrlə bildirib ki, regionda Ermənistanla bağlı əsas maraqları Dağlıq Qarabağ münaqişəsinin həlli və Yerevanla-Ankara arasındakı münasibətlərin yumşaldılmasıdır. Və Sarkisyan hökumətini bu istiqamətdə işini davam etdirdiyinə görə, alqışlayıb və dəstələyib də.

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏSİNİ ÇIXARMADI

Avropayla bağlı isə məsələ lap gülməlidir. Avropa Birliyi 2008-ci ilin fevral-mart aylarında həbs olunanların azadlığa buraxılması çağırışını sanki unudub, bir il sonra Ermənistanı digər sovet respublikası ilə birgə Qonşuluq Siyasətinə qoşdu.

Avropa Şurası Parlament Assambleyası isə Ermənistanı həbsdəki müxalifətçiləri azadlığa buraxmayacağı təqdirdə sanksiyalarla hədələdi, amma qoyduğu vədələr dolduqca, səsini çıxarmadı. Hətta iyunun 19-da həbs edilənlərdən 50-si azadlığa buraxılanda, amnistiyanı alqışladı, bu günə kimi həbsdə qalan 15 nəfəri yadına da salmır.

Onlar heç vaxt azadlığa çıxmaya da bilər, Qərb paytaxtlarında kimsənin yadına düşməyə də bilər. Çünki Sarkisyan Əhmədinejaddan fərqli olaraq seçkini saxtalaşdırmağı, müxalif fikri boğmağı, və eyni zamanda bunları edə-edə Qərbin gözündə gözəl görünməyi bacarır. Üstəlik, əgər Qərbdəkilər də bu ölkələrə ayrı gözlərlə baxırsa.
XS
SM
MD
LG