Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:40

Digər enerji daşıyıcılarının da qiyməti arta bilər


«Qazın qiymət artımını tədricən həll etmək olardı»
«Üç nöqtə»: Əhaliyə satılan təbii qazın gözlənilmədən iki dəfədən artıq bahalaşması dövlət tərəfindən tənzimlənən enerji daşıyıcılarının və mənzil-kommunal xidmət haqlarının qiymət artımı üçün stimul ola bilər. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, qaz və elektrik enerjisi bir-biri ilə bağlı məsələlərdir. Onların biri bahalaşdıqda, avtomatik olaraq digərinin də qiyməti artır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hesab edir ki, qiymət artımı ilə yanaşı əhalinin sosial müdafiəsi də gücləndirilməlidir. «Əhaliyə pərakəndə satılan təbii qazın və digər enerji daşıyıcılarının qiymətinin birdən-birə 2-3 dəfə qaldırılması düzgün deyil. Çünki, bu artım başqa məhsullarında istər-istəməz maya dəyərində özünü göstərir və onların qiymətlərini qaldırır. Bu əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinə təsir göstərir. Ona görə də, qazın qiymət artımını tədricən həll etmək olardı. Necə ki, başqa məhsulların qiyməti tədricən qalxır».

«Bizim yol»: «Qaz iki dəfədən çox bahalaşdı, amma camaatımızdan səs çıxmadı. Bəlkə də çıxacaq. Ola bilər, əhali bu barədə hələ tam məlumatlı deyil. Yaxud qaz pulu yığanlar təzə tariflərlə pul tələb etmirlər. Üçüncü və əsas səbəb isə yay mövsümü ilə bağlıdır. Hazırda qaz çox az istehlak olunduğuna görə camaat yeni qiymətlərdən o qədər də həyəcanlanmır. Hökumət də elə bu səbəbə görə qazı qışda yox, yayda bahalaşdırıb.
Qazın bahalaşması, şübhəsiz, hansı məhsulun maya dəyərində qaz pulu oturubsa, onun qiymətini dəyişdirəcək».

«Azadlıq»: «QHT-lərlə bağlı qanun layihəsindən QHT-ləri narahat edən bir sıra məqamlar çıxardıldı. Düzü bu qərar mənim bir planımı pozdu. Belə ki, mən «İlham Əliyev qətiyyəti» adlı yazı yazmağa hazırlaşırdım. İlham Əliyev prezident olduğu 6 il ərzində bircə dəfə də geri addım atmamışdı. Bu ilk oldu və mənim bir yazım ölü doğuldu»-, Qan Turalı «QHT təkliyi-2» sərlövhəli köşə məqaləsində belə yazır.

«Lakin qanun layihəsinin gündəmə düşməsi QHT-lərə qarşı münasibətin nə qədər pis olduğunu ortaya qoydu. Azərbaycan mediasının nüfuzlu simaları qanun layihəsini dəstəkləməsələr də, hər halda ona qarşı da çıxmadılar. Bu reaksiya başadüşülən idi.
Hökumət bir daha gördü ki, QHT-lərə ictimai rəydə inam yoxdur. Bundan başqa hökumət QHT sektoru ilə gördüyü işlərin effektli olduğuna tam əmin oldu. QHT-lərin keçirtdiyi tədbirdə İsa Qəmbərin və Əli Kərimlinin radikal çıxışlarından bir çox QHT rəhbərinin narazı olduqları da bəzi qəzetlərə yansıdı.

İndi isə məni bir sual düşündürür: Nəyə görə mən «İlham Əliyev qətiyyəti» yazısını yaza bilmədim? Nəyə görə parlament geriyə addım atdı?»

«Yeni Azərbaycan»: «QHT-lər haqqında» Qanunun təkmilləşdirilməsi bu sektorun inkişafına xidmət edir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev belə deyib:

Bununla yanaşı Azay Quliyev bildirib: «Azərbaycanın milli maraqları, təhlükəsizliyi əsas məsələdir. Ona görə də, güclü dövlət, güclü vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, ilk növbədə onun təhlükəsizliyi təmin edilməlidir. Hər bir xarici QHT-nin Azərbaycanda fəaliyyəti şəffaf olmalıdır. Onların fəaliyyətindən Azərbaycan vətəndaşları faydalanmalıdır. Əgər onların fəaliyyətində Azərbaycanın təhlükəsizliyini təhdid edən məqamlar olarsa, xarici dövlətlərin marağı önə çıxarılırsa və bir qrup şəxs bundan faydalanırsa, belə halların qarşısı alınır. Belə olan halda, nəinki qanunvericilikdə, hətta praktikada əməli mübarizə aparılmalıdır. Hesab edirəm ki, müvafiq dövlət orqanları bu məsələyə nəzarət edir. Amma yaxşı olar ki, bütün vətəndaşlar belə hallara qarşı mübarizə aparsın».
XS
SM
MD
LG