Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:11

Prezidentin «Vesti»yə müsahibəsi birmənalı qarşılanmır


«Vesti» telekanalına müsahibə, 6 iyul 2009
«Vesti» telekanalına müsahibə, 6 iyul 2009
Rusiyanın «Vesti» telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Ermənistan qoşunlarının əvvəl Dağlıq Qarabağ ətrafı rayonlardan çıxarılması xronologiyası artıq mövcuddur. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərində də var. Söhbət hətta erməni qoşunlarının Dağlıq Qarabağ ətrafı rayonlardan da mərhələlərlə çıxarılmasından gedir:

«Razılaşma imzalanandan dərhal sonra ilkin mərhələdə erməni ordusunun Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarılması həyata keçirilir. Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən 2 rayon, Kəlbəcər və Laçından isə onların məhz coğrafi mövqeyi nəzərə alınaraq çıxarılması razılaşma qüvvəyə minəndən 5 il sonraya nəzərdə tutulur».

Prezident hesab edir ki, bu 5 il məsələsi kompromis müddətdir. O müsahibədə Rusiyanın bu problemin həllinə səylərini yüksək qiymətləndirir.

Məhz bu müsahibə Dağlıq Qarabağ nizamlanmasında nə baş verdiyi barədə müzakirələrin siyasi dairələrdə yenidən aktuallaşmasına səbəb olub. Səslənən ehtimallardan biri də odur ki, iyulun 18-də Rusiyada keçiriləcək MDB-nin qeyri-formal sammitində Bakı ilə Yerevan arasında müəyyən razılaşma da imzalana bilər.

«AZƏRBAYCAN HƏR HANSI ÖHDƏLİK GÖTÜRMƏYİBSƏ, TORPAQLARIN BOŞALDILMASI CİDDİ UĞUR HESAB EDİLƏ BİLƏR»

Müxalifət düşərgəsindən AXCP sədri Əli Kərimlinin fikrincə, hiss olunur ki, xüsusilə Rusiyanın təsiri ilə münaqişənin nizamlanmasında yeni mərhələ başlanır. Ancaq burada narahatçılıq doğuran məqam odur ki, danışıqlar barədə ətraflı məlumat verilmir. Bilinmir ki, torpaqlar həmsədrlərin təklif etdiyi referenduma razılıq əsasında azad olunur, yoxsa cəbhə hakimiyyəti dövründə tələb edildiyi kimi qeyd-şərtsiz ərazilər boşaldılır. Əgər referendumla bağlı Azərbaycan tərəfi hər hansı öhdəlik götürməyibsə, torpaqların boşaldılması ciddi uğur hesab edilə bilər:

«Yox, əgər, Qarabağın statusu ilə bağlı Azərbaycanın ciddi güzəştindən söhbət gedirsə, bu, artıq milli maraqlara zidd, Qarabağı itirmək istiqamətində atılan addımdır. Və əlbəttə ki, Azərbaycan xalqı bu məsələ aşkarlananda öz kəskin etirazını ifadə edəcək».

«İLHAM ƏLİYEVİN «VESTİ»yə MÜSAHİBƏSİNDƏ YENİ BİR ŞEY YOX İDİ»


Konfliktoloq Arif Yunus isə deyir ki, prezident İlham Əliyevin «Vesti»yə müsahibəsində yeni bir şey yox idi. O, sadəcə, nizamlama məsələsində Madrid prinsiplərinin nədən ibarət olduğunun bir hissəsini dedi. Onun ikinci hissəsinin, yəni Ermənistan tərəfinin nə əldə edəcəyi barədə heç nə danışmadı. Halbuki, Madrid prinsiplərinə görə, torpaqlar boşaldılandan bir müddət sonra Dağlıq Qarabağda referendum keçirilib status müəyyənləşməlidir. Buna isə son nəticədə Azərbaycan getməyəcək. Ona görə də:

«Mən inanmıram ki, yaxın vaxtlarda bu məsələ həll olunacaq və həqiqətən də Madrid prinsipləri ilə bağlı sənədə qol çəkiləcək. Hər şey söz-söhbətlə də qurtaracaq. Yəni o qol çəkmək məsələsinə çatanda prezident İlham Əliyevinin buna gedəcəyinə inanmıram».

Arif Yunusun fikrincə, əgər ortada hansısa sənəd olacaqsa, bu, sadəcə, Rusiyanın regionda aparıcı rol oynadığını bir daha təsdiqləmək istəyinə xidmət edəcək, başqa heç nə. O ki, qaldı İlham Əliyevin müsahibədə dediklərinə, bu, diplomatik gedişdən başqa bir şey deyil.

«ERMƏNİSTAN HAKİMİYYƏTİ DƏ BUNUN ƏKSİNƏ OLAN TAMAM ZİDDİYYƏTLİ AÇIQLAMALAR VERƏCƏK»

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görəsə, son vaxtlar müxtəlif dairələrdə gəzən fikirlər ondan ibarətdir ki, Dağlıq Qarabağla əlaqədar uzunmüddətli bir nizamlama planı imzalanmaq ərəfəsindədir. Şərtlər də belədir ki, Ermənistan 5 rayonu azad edir, Azərbaycan da 10 ildən sonra Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq verir. İlham Əliyevin də müsahibəsində Ermənistanın nəyin hesabına əvvəl 5, sonra isə daha 2 rayonu boşaltmağa razılıq verdiyi aydınlaşmır. Hətta deyilir ki, status məsələsi də müzakirə olunmur. Ərəstun Oruclunun fikrincə, Ermənistanın hansısa divident əldə etmədən buna getməsi barədə deyilənlər qeyri-real fikirlərdir:

«Sadəcə, mən belə düşünürəm ki, bu gün dünya gücləri, xüsusilə də Qərb Qarabağ münaqişəsinin həllində çox maraqlıdır. Ona görə də kimin xeyrinə həll olunmasının fərqinə varmadan hər iki tərəfə ciddi təzyiqlər edirlər. Tərəflər də başlayırlar bunu öz bildikləri kimi şərh etməyə. Mən şübhə eləmirəm ki, 1-2 günə Ermənistan hakimiyyəti də bunun əksinə olan tamam ziddiyyətli açıqlamalar verəcək. Və biz son nəticədə yenə də əvvəlki kimi bir-birini təkzibetmə tendensiyasının davam elədiyinin şahidi olacağıq. Ona görə də mən münaqişənin yaxın zamanda həllinin baş tutacağına ümid bəsləmirəm».

Ərəstun Oruclu hesab edir ki, tərəflərdən biri çox ciddi kompromisə getməyincə münaqişənin həllindən danışmağa dəyməz.

Prezident İlham Əliyevin müsahibəsində isə Azərbaycanın elə ciddi bir kompromisə getməsinə heç bir işarə olmadı. Əksinə Azərbaycanın dövlət başçısı dedi ki, Dağlıq Qarabağın statusu məsələsi köçkünlər öz evlərinə qayıdandan, Dağlıq Qarabağda normal həyat başlayandan 1 il də sonra ola bilər, 10-100 il sonraya da qala bilər, heç olmaya da bilər. Düzdür, Dağlıq Qarabağa status verilməlidir, bunu Azərbaycan da anlayır. Amma ölkənin ərazi bütövlüyü çərçivəsində.
XS
SM
MD
LG