Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Avropa Birliyi, BMT, ABŞ-ın nümayəndəliyi narahatdır


Adnan Hacızadə və Emin Millinin məhkəmə prosesi, 17 iyul 2009
Adnan Hacızadə və Emin Millinin məhkəmə prosesi, 17 iyul 2009
BMT-NIN İNSAN HAQLARI KOMITƏSI HESABAT HAZIRLAYIR
«Komitə üzvlərinin bu həftə verdikləri bəyanatlardan aydın görünür ki, hesabat çox sərt olacaq»- bunu adının çəkilməsini istəməyən BMT mənbəsi «Reuters» agentliyinə deyib.

İyulun 31-də BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanın insan haqlarına necə riayət etməsi haqda hesabat verəcək.

Keçən bazar ertəsi və çərşənbə axşamı öz iclasına toplaşan 18 üzvlük komitə araşdırıb ki, Azərbaycanda nə baş verir? Jurnalistlər niyə tutulur və öldürülür? Həbsxanalarda niyə intiharlar baş verir? Müxalifət nümayişlərinə niyə qadağandır?

Komitə qarşısında çıxış eləyən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycanda jurnalistlər yalnız qanunu pozduqlarına görə tutulublar. Onda bir komitə üzvü deyib ki, belə görünür, Azərbaycan polis zorakılığını danmağı özünə adət eləyib. Digər Komitə üzvləri də Xələfovun cavabını bədgumanlıqla qarşılayıblar.

Xələfov vəziyyətə bir izah da verib. O deyib ki, Azərbaycanda proletariat diktaturası olub, ədliyyə sistemi o diktaturanın altında idi, həmin diktatura bir gecəyə yox olmur. Komitənin Cenevrədəki iclası Avropa Birliyi ölkələrinin 27 səfirindən ibarət nümayəndə heyəti ilə birlikdə keçirilib. Səfirlər də Azərbaycanda insan haqlarının və azadlıqların vəziyyətindən narahatlıqlarını bildiriblər.

Bu yaxınlarda Azərbaycanda olan İsveçin xarici işlər naziri Karl Bildt də üç gün qabaq demişdi ki, o, iki bloqçunun həbsindən narahatlığı İlham Əliyevin diqqətinə çatdırdı.

Bakıda ofisləri olan beynəlxalq QHT-lər Cenevrədə mətbuat konfransı keçiriblər və deyiblər ki, Avropa Birliyinin və beynəlxalq aləmin tənqidləri söz olaraq qalacaq, çünki Azərbaycan neft və qaz ölkəsidir. Cenevrədəki Human Rights House Foundation təşkilatından olan Florian İrminger isə deyib ki, «təcrübəmizə görə, Amerika və Norveç sərt mövqe tutmalıdırlar - onların öz nefti var».

AVROPA BIRLIYI NARAHATDIR
İyulun 23-də Avropa Birliyi də bəyanat yayaraq Emin Millinin və Adnan Hacızadənin həbsi barədə verilən qərardan narahat olduğunu bildirir. Avropa Birliyi qeyd edir ki, beynəlxalq ictimaiyyətin hüquqi prosedurların ədalətli və şəffaf olması barədə çağırışlara qoşulur:

“Biz Azərbaycanın ATƏT-də iştirakı, Avropa Şurasında üzvülüyü və həmçinin Şərq Tərəfdaşlıq da daxil olmaqla Avropa Birliyi ilə münasibətlər çərçivəsində üzərinə götürdüyü demokratiya prinsipləri və yaxşı dövlət idarəçiliyi, qanun aliliyi, müstəqil məhkəmə sistemi, insan haqlarına və fundamental azadlıqlara dair öhdəlikləri Azərbaycanın nəzərinə çatdırmaq istəyirik”.

Avropa Birliyi Azərbaycan rəsmilərini çağırırı ki, Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı Azərbaycanın öhdəliklərinə uyğun hüquqi addımların atılmasını təmin etsin.

Sonda Avropa Birliyi Azərbaycanda keçirilən siyasi islahatların həyata keçirilməsində və onların Avropa Birliyinin standartlarına uyğunluğunun təmin olunmasında dəstək niyyətini yenidən təkrar edir. Xatırladır ki, 2009-cu ilin martında elan olunmuş amnistiya, həbsxanalarda olan insanlarla görüş imkanlarının əldə olunması, məhkəmə proseslərinin müşahidəsi sahəsində irəliləiş və həmçinin insan haqlarına dair bir neçə vacib milli strateqiyalarının qəbul edilməsi alqışlanmışdı.

ABŞ-IN ATƏT-DƏKI MISSIYASI GƏNCLƏRI AZAD ETMƏYƏ ÇAĞIRIR
ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kayl Skott cümə axşamı ATƏT-in daimi komitəsinin iclasında Azərbaycanda fikir azadlığı və fundamental insan hüquqlarının pozulması haqda bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“ABŞ bu yaxınlarda Azərbaycanda gənc liderlər Emin Milli və Adnan Hacızadənin həbsindən narahatdır. Biz israrla Azərbaycan hökumətini Milli və Hacızadəni məhkəməyə qədər azad etməyə, onları tibbi və hüquqi yardımla təmin etməyə çağırırıq”.

Gənclər təşkilatları liderləri, fəal bloqçular Emin Milli və Adnan Hacızadə iyulun 8-də xuliqanlıq ittihamı ilə həbs ediblər. Məhkəmə onların iki aylıq istintaq müddəti üçün həbs olunmasına qərar verib. İstintaqın yekununda da gənclər suçlu hesab olunsalar, onları bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yerli və beynəlxalq insan haqları fəalları onların əslində hakimiyyəti tənqid etdiklərinə görə üstlərinə şər atılaraq tutulduqlarını bildirirlər.
XS
SM
MD
LG