Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Naxçıvanlı deputata təzyiq olunur


Zahid İsmayılov
Zahid İsmayılov
Naxçıvan Ali Məclisinin mandatından imtina etmiş yeganə müxalifətçi deputatı – Zahid İsmayılova təzyiq olunur.

Bu barədə «Azadlıq» radiosuna deputatın özü məlumat verib. Z.İsmayılov eyni zamanda Babək rayonu Cəhri kənd bələdiyyəsinin sədridir.

O deyir ki, məmur özbaşınalığı haqda «Azadlıq» radiosuna verdiyi müsahibədən sonra MTN əməkdaşları onu qumar oynamaqda ittiham ediblər:

«Müsahibə verdiyim gün axşam iki nəfərlə Cəhri kəndindəki evimin qarşısında oturmuşduq. MTN əməkdaşları çəkiliş qrupu ilə birlikdə gələrək bizi qumar oynamaqda ittiham etdilər. Dedilər ki, 30 gündür bizi izləyirlər».

Daha sonra MTN əməkdaşları polisin də iştirakı ilə onların ciblərindəki pulları götürüblər. İki nəfəri – Rəsul Məmmədov və Mübariz Əsgərovu bölməyə aparıblar:

«Onları sutka yarım bölmədə saxlayandan sonra buraxıblar. Deyiblər ki, lazım olsa yenə də çağıracağıq. Daha sonra Babək rayon Məhkəməsinə çağırıb deyiblər ki, bir daha belə iş tutmasınlar».

Zahid İsmayılov deyir ki, MTN-nin Babək rayon şöbəsinin rəisi onunla söhbətdə məsələni siyasiləşdirməməyə çağırıb.

Müxalifətdən olan deputat isə ona qarşı bu ittihamların məhz verdiyi müsahibə ilə bağlı olduğunu iddia edir:

«Əgər 30 gündür bizi izləyirlərsə, nəyə görə məhz müsahibə verəndən sonra üzə çıxdılar. Elə 29 gün öncə gəlib deyərdilər ki, qumar oynayırsız».

Məsələ ilə bağlı MR-nın Milli Təhlükəsizlik Nazirliyindən mövqe öyrənmək cəhdimiz alınmadı.

Naxçıvan MR-nın Ali Məclisinin müxalifətdən olan deputatı Zahid İsmayılov deputat mandatından imtina edib. O, deputat mandatı ilə bərabər rəhbərlik etdiyi bələdiyyənin möhür və ştampını da geri qaytarıb. Zahid İsmayılov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. 2005-ci ildə Naxçıvan MR Ali Məclisinə deputat seçilib. Onun fikrincə, məhz müxalifətdən deputat seçildiyi üçün maneələrlə üzləşir.
XS
SM
MD
LG