Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Azərbaycan futbolunda artıq dönüş yaranır?


«Qarabağ» - «Honka» qarşılaşması. Bakı, 6 avqust 2009
«Qarabağ» - «Honka» qarşılaşması. Bakı, 6 avqust 2009
Azərbaycanın iki klubunun Avropa liqası yarışlarında hələ də mübarizəni davam etdirməsi ölkə futbolunun vəziyyəti barədə müxtəlif diskussiyalar yaradıb.

«QARABAĞ» VƏ «BAKI»NIN NƏTİCƏLƏRİ ƏSLİNDƏ NƏYİN GÖSTƏRİCİSİDİR?

Azərbaycan futbolunda artıq dönüş yaranır, ya bu göstərici ancaq klublara məxsusdur?

«Qarabağ» klubunun kapitanı Aslan Kərimov bu uğurları ölkə futbolunda müsbətə doğru dəyişikliklərin nəticəsi hesab edir. Onun fikrincə, AFFA rəhbərliyi, eyni zamanda dövlət tərəfindən futbola göstərilən diqqət öz sözünü deyir. Aslan Kərimov deyir ki, futbol sadəcə məşqlərlə başa gələn iş deyil. Bundan ötrü bazalar olmalı, daha müasir meydançalar tikilməlidir. Artıq futbolçuların fiziki cəhətdən zəifliyi də aradan qalxır. İndi əvvəlki illərdə olduğu kimi oyunun ikinci hissəsində gücdən düşüb qələbəni əldən vermə problemi yoxdur.

«Bunlar hamısı yaradılan şəraitdəndir. Çünki, 14-15 klubdan 10-12-si təlim məşq toplanışını Türkiyədə keçir. Oradakı futbolçularla oynayırlar, təcrübə yığırlar. Bu da bizim fiziki cəhətdən güclənməyimizə təsir edir. Elmi cəhətdən də inkişaf üçün xarici mütəxəssislər dəvət olunur. Bunların hamısının öz rolu var bizim qələbələrimizdə».

«Qarabağ»ın kapitanı hesab edir ki, əldə olunun nailiyyətin əsas səbəblərindən biri də yerli məşqçinin – yəni Qurban Qurbanovun onları bir yerə yığıb kollektiv yarada bilməsidir.

Aslan Kərimov onu da vurğulayır ki, uğur əldə eləməlirndə azarkeş dəstəyinin də mühüm əhəmiyyəti var.

Yeri gəlmişkən deyim ki, Qarabağ-Honka qarşılaşmasında azarkeşlər həqiqətən də öz imkanlarından artıq dəstək nümayiş etdirirdilər. Tofiq Bəhramov adına stadionda onlar komandalarını qələbəyə ruhlandırmaq üçün əllərindən gələni edirdilər.

«Baıkı» klubunu ilk dəfə ölkə çempionu edən məşqçi Böyükağa Hacıyev isə hesab edir ki, əslində ortada olan Azərbaycan futbolunun yox, «Qarabağ» klubunun nəticəsidir. Onun fikrincə, bu Azərbaycan futbolçusu və məşqçisinin özünü təsdiqləmək istəyindən irəli gəlir.

«Bu gün legioner məşqçiyə və futbolçuya yaradılan şərait heç bir Azərbaycan futbolçusuna və məşqçisinə yaradılmır. Bu faktdır. Yəni biz də işləmişik, bizdən əvvəl də işləyənlər olub, sonra işləyənlər də olacaq. Məxsusi halda bu legioner limiti aradan götürüləndən sonra bu gün Azərbaycan futbolçusu özünü təsdiqləməyə çalışır. Və o bunu bu gün «Qarabağ»ın timsalında bir daha sübut elədi».

QƏLƏBƏLƏR TƏSADÜFÜ DEYİL

BöyüKağa Hacıyev hesab edir ki, nə «Qarabağ»ın nə də «Bakı»nın uğuru təsadüfi ola bilməz. Sadəcə iş ondadır ki, bu nailiyyətlər ümumi futbolun inkişafından daha çox sırf yerlilərin və sırf legionerlərin iki klubda özünü təsdiqləmək istəyinin ortaya qoyduğu nəticədir. Bu klubların fərqi ondadır ki, birinin oyunçuları meydana çıxarkən yerli mentaliteti, milli hissləri də göz önünə alır, digərininkini oynadan əsas amil isə puldur. Və birincidən fərqli olaraq ikinci Milli komandaya heç nə vermir.

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, məhz «Qarabağ» klubunun uğurlarına bir neçə aspektdən yanaşmaq olar. İlk növbədə bu yerli futbolçuların özünü göstərməsidir. Çünki ölkədə çoxlarının məhz əcnəbilərə üstünlük verməsi, futbolun inkişafında daha çox onlara ümidlə yanaşması yerli futbolçulara toxunurdu. Ona görə də son vaxtlar yaranmış vəziyyət yerli futbolçularda özünü təsdiqə müəyyən ehtiyac yaradıb.

«Qarabağ» klubu isə yerli futbolçulardan təşkil olunub. Onlar iki mərhələ keçməklə sübut etdilər ki, yerli futbolçularla da oynamaq olar. Bakı klubu da UEFA kubokunda mübarizəni davam etdirəcək. Və iki klubdan ən azı birinin növbəti mərhələni keçmək şansı var. Mahir Rüstəmli futbolda və əldə edilən nəticələrdəki müsbətə doğru dəyişiklikləri daha çox futbolçuların fiziki hazırlığı ilə əlaqələndirir. Deyir ki, bu məsələdə bəli, xarici mütəxəssislərin əməyi təqdirəlayiqdir.

«Qarabağda fiziki hazırlıq üzrə əvvəlki məşqçi də türk mütəxəssis idi, indiki də. Həmçinin «Bakı» klubunda da belədir. Bu da açıq aşkar göstərir ki, xaricilərin verdiyi fiziki hazırlıq dərsləri ilə bizimkilərin verdiyi dərslər tam fərqlidir. Yəni xaricilər daha yüksək səviyyədə hazırlaya bilirlər futbolçuları».

Baş redaktor əlavə edir ki, əldə olunan uğurlar ölkə futbolunda irəliləyişin olduğunu təsdiqləyir. Amma hələlik ciddi uğurdan danışmaq tezdir. Çünki bu irəliləyiş klub futboluna aiddir. Məlum məsələdir ki, «Play-off» da olan iki klubdan birinin – «Bakı» nın simasını ancaq əcnəbilər müəyyənləşdirir. Məhz bu məsələ sabah Milli Komandada kimin oynayacağı sualını aktuallaşdırır. Bu barədə ciddi düşünmək və növbəti ölkə çempionatın daha səviyyəli keçirmək lazımdır. Artıq klublar qarşılarına Avropa Liqasında mərhələ keçməyi yox, qrup yarışlarına düşməyi məqsəd qoymalıdırlar. Bu futbolun ümumilikdə inkişafına xidmət edər.

Mahir Rüstəmli deyir ki, Mişel Platini rəhbər olandan sonra UEFA-da belə bir xətt götürülüb ki, kiçik klubların da özünü göstərmək, daha irəli getmək imkanı olsun. Amma bunu aparıb püşkatmada hansısa güzəştə bağlamaq absurddur. Ən azı ona görə ki, «Qarabağ»ın yarışdan kənarlaşdırdığı «Rusenborq» zəif klub deyildi.

UEFA-nın avqustun 7-də keçirilən püşkatmasının nəticələrinə görə Avropa Liqasının «Play-off» mərhələsində «Qarabağ» Hollandiyanın «Tvente», «Bakı» isə İsveçrənin «Bazel» klubu ilə qarşılaşacaq.
XS
SM
MD
LG