Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:26

Ağasif Şakiroğlu əsgərliyini Naxçıvanda çəkəcək


Ağasif Şakiroğlu. Foto: IRFS
Ağasif Şakiroğlu. Foto: IRFS
AĞASİF ŞAKİROĞLU AND İÇDİ

«Bir az əvvəl danışdıq Ağasiflə. Aeroportda idi. Onları Naxçıvana apardılar. Qulluğunu orda edəcək. Düzü, həm həyacanlıyam, həm şadam. Sağ-salamat gedib gəlsin. Dünyamız salamat olsun. Belə…»

Oğluna yaxşı yol arzulayan ötən həftə haqqındakı cinayət işi ləğv olunub, hərbi xidmətə yollanan «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlunun anasıdır. Başqa vaxt Sevda İbrahimova fikrini ifadə etməkdə çətinlik çəkməz. Amma indi həyəcanlıdır. O üzdən fikrini toplamaqda, ana intizarını, həyəcanını boğmaqda əziyyət çəkir. Deyəsən, ana kimi hisslərini biruzə verməyi sevmir, o üzdəndir:

«Hə, oğlum uzaqda qulluq edəcək. Tək o yox, bütün əsgər yoldaşları sağ-salamat gedib-qayıtsınlar. Allah uşaqlarımızı qorusun. Allah oğlumuzu qorusun! Dünən də andiçmə mərasimiydi…»

Sevda xanım deyir ki, oğlunu hərbi geyimdə görəndə fərəhlənib, amma:

«Analar ağlayırdı, mən ağlamadım…»

«İNDİ YENİDƏN TƏZYİQ GÖSTƏRƏRLƏRMİ?»

Gənc fəalın anası Sevda İbrahimova iki şeydən narahatdır. Birincisi, oğlu uzaqda - Naxçıvanda xidmət edəcək. İkincisi isə, qorxur ki, oğluna hərbi xidmətdə kimlərsə təzyiq göstərər:

«Oğlum pis yolda deyil. Siyasətlə məşğul olsa da, doğru yoldadır. Nərimanov rayon komissarlığının atdığı addımdan narahatıydım. Kiminsə təşəbbüsüylə Ağasifin işini prokurorluğa göndərmişdilər. Bu işdən narahatıydım. İndi yenidən təzyiq göstərərlər-göstərməzlər bilmirəm. Buna görə narahatam. Yoxsa oğlumun hərəkətinə, davranışına görə, narahat deyiləm. Dözümlü uşaqdır. Hərbi borcunu da necə lazımdır yerinə yetirəcək».

Atası Şakir İbrahimov isə onunla təsəlli tapır ki:

«Mən elə başa düşürəm ki, hərblə siyasət ayrı-ayrı şeylərdir. Yəqin ki, onun xidmətini siyasi fəaliyyətiylə əlaqələndirməzlər. Sıravi əsgər kimi qulluğunu yerinə yetirməsinə şərait yaradılar».

«GETMƏSƏM, ÜRƏYİM SAKİT OLMAZ»

Anası isə oğlunun bir ay iyirmi gün sonrakı ad gününə hazırlaşır:

«Narahatam ona görə ki, onu tez-tez görə bilməyəcəm. Amma necə olur-olsun sentyabrın 30-da, ad günündə gedəcəm. 21 yaşı tamam olacaq. Gedib görməsəm ürəyim sakit olmaz. Bir də, Naxçıvan da vətənimizdir, oğlumuz harda xidmət etsə, bizim üçün fəxrdir…»

SIRAVİ AĞASİF YENİDƏN SİYASƏTƏ QAYIDACAQMI?

Atası bu sualın cavabında qəti söz deyə bilmir. Amma anası oğlunun yenidən siyasi fəaliyyətini davam etdirməsini istəyir, hətta bununla qürur duyacağını deyir:

«Fəxr edərəm. Mən övladlarımın addımlarına heç vaxt mane olmuram. Oğlum da həmişə düz yolda olub».

Atası isə hər şeyi oğlunun öhdəsinə buraxır:

«Onun siyasi fəaliyyəti özünə, ailəsinə ziyan vurmayıb. Özünün ürəyi istəsə mane olmarıq. Hələlik bircə istəyim var. Əsgərlikdən sonra ali savadlı insan kimi cəmiyyətdə öz yerini tapsın. Siyasətlə də məşğul olursa, olsun. Amma dövlətimizin xeyrinə olan, cəmiyyətimizə maneçiliyi olmayan siyasətlə məşğul olsun».

Ağasif Şakiroğlu «Hədəf» Gənclər Koalisiyasının rəhbəridir. Hərbi xidmətdən yayınmaqda ittiham olunan və barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsiylə (hərbi xidmət keçməkdən boyun qaçırma) cinayət işi açılan Ağasif Şaikroğlunun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Amma bir qədər sonra apellyasiya məhkəməsi Nərimanov rayon məhkəməsinin bu qərarını ləğv etdi və o hərbi xidmətə yollandı.

Gənc fəal isə bildirib ki, hərbi xidmətdən heç vaxt yayınmayıb. Sadəcə, barəsindəki cinayət işi siyasi sifarişlə açılıb. Və bu da ölkədəki gəncləri susdurmaq məqsədi ilə atılan növbəti addımlardandır.
XS
SM
MD
LG