Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Şikəst uşaqların himayədarlarını kim öldürə bilərdi?


Zarema Sadullayeva
Zarema Sadullayeva

Polis Zarema Sadullayeva və Alik Cabrailovun meyitini Qroznı kənarında maşının yük yerində tapıb. Onların hər ikisi avqustun 10-da Qroznıdakı ofislərindən oğurlanandan sonra güllələniblər.

Sadullayeva “Nəsilləri qoruyun” adlı qeyri-hökumət təşkilatına rəhbərlik edirdi. Təşkilat Çeçenistan müharibəsinin gənc qurbanlarına tibbi və psixoloji yardım edirdi. Yardım olunanlar arasında müharibə zamanı şikəst olmuş, qolunu, ayağını itirmiş uşaqlar da var.

Əri Alik Cabrailov bu işdə Zarema Sadullayevaya kömək edirdi. Onlar bu yaxınlarda ailə qurublar. Cabrailov silahlı separatçılarla əlaqədə günahkar bilinib və 4 il həbs cəzası çəkib.

Öldürülənləri yaxından tanıyan hüquq müdafiəçiləri deyir ki, Zarema və Alik təxminən 25 yaşlarında idilər və siyasi cəhətdən aktiv deyildilər.

ŞİKƏST UŞAQLARA YARDIM EDƏNLƏRİN ÖLÜMÜ KİMƏ LAZIM OLA BİLƏRDİ?

Moskvadakı Helsinki hüquq müdafiə təşkilatından Lüdmila Alekseyeva deyir ki, onlar sadəcə şikəst və kasıb uşaqlara yardım edirdilər.

Alik Cabrailov

Bundan bir ay qabaq eyni şəraitdə Çeçenistanın tanınmış hüquq müdafiəçisi Natalya Estemirova da qətlə yetirilmişdi.

Hər iki halda qurbanlar naməlum şəxslər tərəfindən maşına basılıb və gözdən-qulaqdan uzaq yerə aparılaraq güllələnib.

Bu qətllər Çeçenistanda vəziyyətin necə qorxulu olduğunu göstərir. Muxtar Respublikada hakimiyyət başında Kremlin dəstəklədiyi qüvvə olsa da, müxtəlif silahlı dəstələr, o cümlədən hökumətlə bağlı yaraqlı dəstələrə heç bir nəzarət yoxdur.

Moskvadakı Memorial hüquq müdafiə təşkilatının fəalı Aleksandr Çerkasov AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində bunları deyib:

"Zarema və Aliki oğurlayanlar özlərini güc strukturlarının işçiləri kimi təqdim ediblər. Çeçenistanın Daxili İşlər Nazirliyinin rəsmiləri deyir ki, Zarema və Alik maşına könüllü miniblər. Onlar ayrı neyləməli idilər ki? Əgər onların dalınca 5 silahlı adam gəlibsə…”

Bundan qabaq hüquq müdafiəçisi Estemirova öldürüləndə onun çalışdığı Memorial qrupunun rəhbərliyi Çeçenistan prezidenti Ramzan Kadırovu günahlandırmışdı.

KADIROV DƏRHAL CİNAYƏTƏ MÜNASİBƏT BİLDİRİB

Kadırov 2-ci Çeçenistan müharibəsindən sonra özünə müxalif olanlara və onların ailələrinə qarşı repressiyalara başlayıb. Bəziləri onu həm də xaricdə mühacir həyatı yaşayan separatçılara qarşı sui-qəsd hazırlamaqda ittiham ediblər.

Amma Kadırov AzadlıqRadiosunun rus xidmətinə verdiyi müsahibədə bütün bu ittihamları rədd edib.

Kadırov Qroznıda qətlə münasibət bildirir. 11 avqust 2009

Kadırov avqustun 11-də Qroznıda jurnalistlərə deyib ki, onun üçün Sadullayeva və Cabrailovun qatilıərini tapmaq və onları cəzalandırmaq çox vacibdir.

“Bu - qəddar bir cinayətdir və hakimiyyətə meydan oxumaqdır. Kim bu cinayəti törədibsə bizim cəmiyyəti parçalamaq istəyir. Bu o adamlardır ki, Çeçenistanda sabitliyin olmasını istəmirlər. Biz indi bu cinayəti araşdırmaqla məşğuluq və mən istintaqı öz nəzarətimə götürmüşəm”.

Qroznıda fəaliyyət göstərən hüquq müdafiəçisi Xeda Saratova Asoşieyted Press agentliyinə deyib ki, Zarema və Aliki oğurlayanlardan üçü hərbi formada olub, ikisi isə mülki geyimdə. “Onlar ər-arvadı ofisdən aparandan sonra yenidən ofisə qayıdıblar və Sadullayevanın mobil telefonunu və maşınını da aparıblar”.

Moskvadakı Memorial hüquq müdafiə təşkilatının fəalı Aleksandr Çerkasov isə deyir ki, bu cür adam oğruluqları və qətllər axır illərdə Çeçenistanda adi hala çevrilib. “2-ci Çeçenistan müharibəsindən sonra minlərlə insan, o cümlədən tamamilə günahsız adamlar bu üsulla qətlə yetirilib”.

XS
SM
MD
LG