Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:35

«Hər bir insana həyatda böyük şans verilir


Qurban Qurbanov
Qurban Qurbanov
- Qurban bəy, ilk növbədə Sizi bu son matçlarda - Avroliqa yarışlarındakı qələbələrinizə görə təbrik edirəm və əlbəttə ki, vaxt ayırıb studiyamıza gəldiyiniz üçün minnətdaram. İşləriniz necə gedir?

- Çox sağ olun təbrikə və dəvətə görə. İşlərimiz qaydasındadır. «Honko» üzərində qələbədən sonra «pley-off» mərhələsində Hollandiyanın güclü bir klubu – «Tvente» ilə düşmüşük. Həmin oyuna hazırlaşırıq. Əsas heyətin 6 üzvü milli komandanın son oyununda (Azərbaycan-Almaniya) iştirak edirdi. Həmin qarşılaşma nəticəsində zədələnən, sarı kart alanımız olduğu üçün bir az itkilərimiz var. Bu, müəyyən problem yaradır. Amma hazırlaşırıq.

Qurban Qurbanov
  • 1972-ci ildə Zaqatala rayonunda anadan olub. Müxtəlif vaxtlarda Azərbaycanın və Rusiyanın futbol klublarında çıxış edib. Milli komandanın heyətində hələ ki, ən çox top vuran (65 matçda 12 qol) məhz odur. Həm futbolçu, həm də məşqçi kimi ölkə kubokunun sahibidir. Bu trofeyi o, 2004-cü ildə «Neftçi» komandasının kapitanı, 2009-cu ildə isə «Qarabağ»ın baş məşqçisi kimi başı üzərinə qaldırıb. O, Azərbaycanda ilk məşqçidir ki, ölkənin futbol klubunu Avropa Liqası yarışlarının «pley-off» mərhələsinə çıxardıb.
- Hər halda, qarşıdakı oyunda nəticə özü hər şeyi deyəcək. Amma məncə, nəticənin necəliyindən asılı olmayaraq ruhdan düşməməyə artıq əsas var. Çünki kifayət qədər müsbət nəticə əldə edilib.

- Əlbəttə ki, bu günə kimi göstərdiyimiz nəticə Azərbaycan futbol tarixində Avropa kubokları baxımından ən yüksək nəticədir. Amma əgər bundan da böyük uğura imza atmaq şansımız varsa, niyə də bundan istifadə etməyək. Artıq həm azarkeşlərdə, həm də futbolçularda qələbəyə böyük inam yaranıb. Bu an biz məşqçilər də bundan maksimum yararlanmalıyıq.

- Ölkə kubokunu həm futbolçu, həm də məşqçi kimi başınız üzərinə qaldırmısınız. Hisslər fərqlidir, ya elə eynidir?

- Tam fərqlidir. Düzdür, hər birinin öz dəyəri var. Amma məşqçi kimi karyeranın əvvəlində kuboku qazanmaq işləmək üçün böyük təkan və inam verir. Bu cür uğurları davam etdirmək üçün öz üzərimizdə daha çox işləməliyik.

- Komandanızın oyunçularından yaş fərqiniz o qədər də böyük deyil. İşləməyə mane olmur?

- Bəli, komandada hətta vaxtı ilə mənimlə birlikdə oynamış futbolçular da var. Amma o barədə heç düşünmürəm də. Bu, problem yaratmamalıdır. Çünki hər bir futbolçu kimliyindən asılı olmayaraq bilməlidir və bilir ki, onun baş məşqçisi var. Baş məşqçi də bilməlidir ki, əgər o, böyük klubun sükanı arxasına keçibsə, mütləq nəticə əldə etməlidir. Hamı öz işinə ciddi yanaşır, mən də çalışıram ki, bizim vaxtımızda yaşanan problemlərlə, çatışmazlıqlarla bunlar üzləşməsinlər, o hissləri keçirməsinlər.

- Heç inciklik olur aranızda?

- İnciklik mütləq olmalıdır. Çünki bu, iş prosesidir. Amma olanda da ani olur. Unudulur. Çünki futbolun özü də anlardan ibarətdir. Digər tərəfdən də həm məşqçi, həm də futbolçu bilir ki, o, bütün məsələlərə peşəkar münasibət bəsləməlidir. Ona görə aramızda heç bir problem yaranmır.

- Tabeçiliyinizdə olan futbolçularla işdənkənar yoldaşlıqlar olur?

- Deməzdim. Bazada məşqdən əvvəl və sonra hansısa söhbətlərimiz olur. Nəyisə müzakirə edirik. Amma kənarda yox.

- Ümumiyyətlə, Sizinlə ünsiyyət qurmaq nə dərəcədə rahatdır?

- Çalışıram futbolçularla daim ünsiyyətdə olum. Çünki məşqdən əlavə ünsiyyətdə olmadan onların kluba köməyini də lazımi səviyyədə əldə edə bilmərik. Ona görə futbolçularla ünsiyyətdə olmaq həm lazımdır, həm də xoşdur.

- Amma bir insan olaraq, futbolu qoyaq kənara, söhbətcil adamsınız, ya yox?

- Açığı futbol barədə daha çox söhbət edə bilərəm və bu məsələdə daha maraqlıyam. Amma belə, həyatda deməzdim.

- İndi aydınlaşdıracağıq nə qədər söhbətcilsiniz. Amma məncə, Siz maraqlı adamsınız, sadəcə, kimsə bunu Sizə hansısa formada xatırlatmalı, yaxud kəşf elətdirməlidir. Elə adamlar var ki, nailiyyətləri onları kobud desək çaşdırır. Özlərindən razı olurlar. Sizə təsir etmir nəticələriniz?

- Şükürlər olsun ki, yox. Ümumiyyətlə, mənim prinsiplərimdən biri də odur ki, əksinə, uğur əldə edəndə insanlarla daha sadə davranmaq, səmimi olmaq lazımdır. Bunu mən futbolçulara da çatdırıram ki, bu gün gündəmdəyik. Bunu nəzərə alın və zənglərə, müraciətlərə, dəvətlərə maksimum qarşılıqlı yanaşın ki, haqqımızda başqa fikir formalaşmasın. Bu məsələdə şükürlər olsun ki, hər şey qaydasındadır.

- Niyə futbolçu oldunuz?

- Bunu mən ilk növbədə Allahla bağlayıram. Bu bacarıq, bu güc hesab edirəm ki, Onun tərəfindən verilib. Və bilirəm ki, hər bir insana həyatda böyük şans verilir. Qalır biz insanların bu şansı dəyərləndirməsi. Ondan layiqincə yararlanması. Bu yolda məni istiqamətləndirən isə böyük qardaşım olub. Bacarığımı görəndən sonra öz köməyini əsirgəmədi.

- Zaqatala rayonunda anadan olmusunuz.

- Bəli. Aşağı tala kəndində.

- Kənddə stadion var idi?

- Yox, məktəbin stadionunda oynayırdıq.

- İndi böyük stadionlardan baxanda həmin stadion necə görünür?

«Tanınmışlar»ın aparıcısı İlqar Rəsul və Qurban Qurbanov
- İndi çox kiçik görünür. Əsas oynadığımız yer küçəmizdəki kiçik meydançamız idi. Yadımdadır ki, uşaq vaxtı ora bizə böyük gəlirdi. Bu başından o başına qaçıb çata bilmirdik. Sonra böyük meydanlar, stadionlar gördüm. İndi kəndə gedəndə, həmişə ordan keçəndə düşünürəm ki, axı, bu, əvvəllər böyük idi. İndi nəsə çox kiçik görünür.

- Hansı hisslər daha böyük idi, balaca meydançadakı, ya böyük stadiondakı?

- Futbol elə bir oyundur ki, hər bir, hətta balaca epizodunda da böyük hisslər keçirirsən. İstər böyük stadionda, peşəkar futbolda, istərsə də kənd meydançasında, uşaq futbolunda. Hər ikisində özünü oyunda hiss edirsən. Hər ikisində qol vurmaq, qalib gəlmək istəyirsən. Mənə elə gəlir ki, qələbə və məğlubiyyət hissi həmişə eyni olur. Sadəcə, bəlkə uşaq vaxtı daha çox özünü düşünürsən. Amma böyük bir klubda olmaq tam başqa bir məsuliyyət daşıyır. Və bunların hamısı cəmləşib adamı inkişafa doğru aparır. Sadəcə, mühitə düşüb uyğunlaşmaq lazımdır.

- Şükürlər olsun ki, artıq peşəkar futbolda hər şey var. Amma uşaq futbolunuzda nə çatışmırdı, məsələn, həmişə mi top olurdu?

- …Yox, top həmişə olmurdu. Əlbəttə ki, o vaxtlar kənddə, rayonda top tapmaq böyük problem idi. Onu nədənsə düzəldirdik. Yaxud da uşaqlar yığışıb hərəyə 15-20 köpük qoyub bir top alırdıq. Sonra onun tikişləri sökülürdü. Özümüz tikirdik, təzədən sökülürdü, təzədən tikirdik. Belə böyük problem olub. Amma yenə nə də maksimum çalışırdıq ki, o ləzzəti alaq.

- Olurdumu ki, top sahibi cığallıq eləsin, desin vermirəm oynamağa?

- Olurdu. Uduzanda bir də görürdün topu götürüb gedirdi. Topsuz qalan vaxtlarımız da olub.

- Namaz qılırsınız.

- Bəli.

- Necə oldu başladınız?

- Bu da Allahın bir istəyidir. Mən belə düşünürəm. Onun istəyi olmadan heç birimiz məqsədimizə nail ola bilmərik, o cümlədən də namaz qılmarıq. Ondan əlavə də gözümü açandan anamı namaz qılan, ibadət edən görmüşəm. Bunun da böyük köməyi olub. Ümumiyyətlə, Allaha inamım həmişə böyük olub. Yəqin ki, bu inam, bu sevgidir ki, bu gün namaz qılıram.

- Atanız Osman nə işlə məşğul idi?

- Atam kəndimizdəki sovxozda çalışırdı. Briqadir idi. Daim dövlətə qulluq edənlərdən olub və ailəsinin yanında olub həmişə.

- Valideynlər futbol oynamağınıza necə baxırdılar?

- Tənbeh edirdilər. Anamız dərs oxumağımızda tələbkar idi. Mənsə evin ən kiçiyi idim. Pis oxumurdum. Hətta 8-ci sinfi əla bitirmişəm. Ancaq 7-ci sinifdən futbola başladım və oxumağa marağım getdikcə geriləyirdi. Anam da hiss eləmişdi. Ona görə narazılığını bildirdi. 9-10-cu sinifləri də «5»-«4» qiymətlərlə başa vurdum. Qardaşım Musa əsgərlikdən gələndən sonra futbola marağımı və bacarığımı görüb mənimlə daha çox çalışmağa başladı. Bundan sonra anam da futbolçu olmağımı qəbul elədi.

- Ata briqadir, özü də kənd yeri. Yəqin ki, həyətdə heyvan da olmamış deyildi. Adətən belə işlərə evin kiçik uşağını göndərirlər. Gedirdiniz?


- Çox. Yəni ailədə həmişə böyük sözünü – ata-ana, qardaş–bacı sözünü həmişə çalışmışıq yerinə yetirək. Çünki bu, bizim bir kiçik övlad kimi boynumuza düşən borc idi. Nəinki getmək yox, çalışırdıq həm də layiqincə əməl edək.

- Amma elə də ola bilərdi ki, məsələn, baş qarışardı futbola heyvan itərdi. Olub?


- Olub. O da olub. Hətta bəzən anamız iş tapşırıb gedirdi, qonşu uşaqlar gəlib başqa kəndlə futbol oynamağa çağırırdılar. O vaxt daha çox kəndlər arasında yarışlar olurdu. İşi yarımçıq qoyub getmişəm. Qayıdanda görmüşəm hansısa bir problem yaranıb, ya da heyvan həyətdə yoxdur. Ancaq çalışmışam ki, gec də olsa, hər bir şeyi tapşırdığı kimi yerinə yetirim.

- Belə görürəm ki, uşaq kimi sözəbaxan olmusunuz. Bəs böyük kimi necə, ailədə sözəbaxansınızmı?

- Əlbəttə, uşaqlıqdan gördüyüm təlim-tərbiyə çalışırıq ki, öz ailəmizdə də olsun. Çalışıram bizim uşaq vaxtı ailədə üzləşdiyimiz problemlər olmasın. Ailədə hər şey normal qəbul olunur. Çatışmazlıqlar olur bəzən. Həyatdır, bunsuz mümkün deyil. Amma hər şey qarşılıqlı şəkildə anlaşılır. Çalışırıq ailəmiz, yaxınlarımız, övladlarımız düzgün yolda olsunlar, doğrusunu onlara çatdıraq.

- İlk dəfə nə vaxt pul qazanmısınız və necə?

- Kənddə o vaxtlar daha çox tütünçülük təsərrüfatı idi. Qış aylarını - yanvar, fevralı nəzərə almasaq ilboyu bu iş gedirdi və biz də ailəvi olaraq onun öhdəsindən gəlirdik. Maksimum çalışırdıq ki, daha çox çəkidə quru tütün verək. Ümumiyyətlə, o vaxt hər bir normal ailə bununla dolanırdı. Amma şəxsən özümə gəldikdə, futbol oynamağa başladığım vaxt pul qazanmışam. Səhv etmirəmsə, 9-cu sinifdə oxuyanda məni o vaxtlar Azərbaycan çempionatında çıxış edən Zaqatalanın «Daşqın» komandasına (baş məşqçi Şaban Şirvanov idi) dəvət elədilər. Hansısa formada adıma maaş da yazdılar. İlk maaşım 70 rubl idi.

- Neynədiniz ilk maaşı?

- Yaxşı bir bazarlıq eləyib evə apardım ki, ilk maaşımdır.

- Sevinirdiniz?

- Çox.
XS
SM
MD
LG