Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Sosial şəbəkələri iflic edən bloq nə yazırmış?


«Twitter» sosial şəbəkəsi
«Twitter» sosial şəbəkəsi
Keçən həftə «Facebook», «LiveJournal», «Twitter» kimi internetdəki sosial şəbəkələrdə texniki problem yaranıb. Həmin şəbəkələrin dünya üzrə milyonlarla istifadəçisi üçün çətinlik yaradan sən demə, «Suxumi» adlanan bloqa hakerlərin hücumu imiş. Gürcüstan-Rusiya müharibəsinin birinci ildönümü ərəfəsində baş verən bu hadisədən sonra həmin bloq dünya mətbuatının gündəliyinə çıxıb «dillər əzbəri» oldu.

«Suxumi» bloqunun sahibi - 34 yaşlı iqtisadiyyat müəllimi Qriqori Caxaya əmindir ki, bu işin arxasında Rusiyanın xüsusi xidmət orqanları durur:

«Müharibədən sonra mən hadisələri araşdırmağa başladım. Avqustun 6-dan əvvəl bloqumda müharibədən az öncə baş verən hadisələrin xronologiyasını yazmışdım. Avqustun 7-də isə həqiqətdə müharibənin necə başlaması, birinci kimin atəş açması barədə yazmağı planlaşdırırdım ki, mənə hücum etdilər».

Caxaya deyir ki, keçən il müharibə zamanı Rusiya hakerləri Gürcüstanın internetdəki bütün informasiya mənbələrini sıradan çıxaranda yalnız o, öz bloqunda baş verənləri yaza bilirdi. Dediyinə görə, hətta Rusiya hərbi qüvvələrinin Suxumiyə girdiyini «Vaşinqton Post» ona istinadla yazıbmış.

Rusiya bundan əvvəl də Gürcüstanın və Estoniyanın internet mənbələrinə hücumda ittiham olunmuşdu. Hələlik bu hücumların Kremldən, yaxud Rusiya xüsusi xidmətlərindən verildiyini qəti söyləmək çətindir.

Tbilisidəki informasiya texnologiyaları mütəxəssislərinin bir çoxu da hücumun arxasında rəsmi orqanların dayanması fikrini o qədər də ağlabatan hesab etmirlər. Tbilisidə veb-saytların yaradılması ilə məşğul olan Nodar Davituri də həmin fikirdə olan mütəxəssislərdəndir:

«Bloqlara bu cür hücumları həyata keçirmək üçün dövlət orqanlarının işə cəlb olunması ilə imkanların səfərbər edilməsinə ehtiyac yoxdur. Bir neçə qəzəbli haker hər şeyi edə bilər. Başqa tərəfdən, bilmirəm niyə hakerlər hücumun diqqəti «Suxumi»yə yönəldəcəyini əvvəlcədən düşünməyiblər. Düşünmürəm ki, Rusiya xüsusi xidmətləri bunu nəzərə almayacaq qədər maymaqdırlar».

Haker hücumu barədə məlumat dünyaya yayılandan sonra Nodar Daviturinin dediyi kimi, «Twitter»dəki «Suxumi» bloqunun qonaqları az qala 10 dəfə artıb. Hücumdan əvvəl bloqun cəmi 40 izləyicisi var idi. İndi onların sayı 2600 nəfəri keçib. «Suxumi»nin «LiveJournal»dakı səhifəsini izləyənlərin sayı isə gündəlik 3 000 nəfəri keçir.

Rus dilində olan bu bloqun sahibi indi onun başqa dillərdə versiyasını da hazırlayır. Bildirir ki, məzmununu daha zəngin edib auditoriyasını genişləndirməyi planlaşdırır.
XS
SM
MD
LG