Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:41

QKÇP və Heydər Əliyev


H.Əliyev
H.Əliyev

1991-ci il avqustun 24-də Heydər Əliyev AzadlıqRadiosuna verdiyi müsahibədə QKÇP-ni pisləyib, Azərbaycan rəhbərliyini tənqid edib.

Sovet İttifaqının həyatda olduğu sonuncu günlər baş vermiş QKÇP əhvalatından 28 il keçir. 1991-ci il avqustun 19-da baş verən bu hadisəni o zaman az öncəyə qədər Sovet rəhbərlərindən olmuş Heydər Əliyev AzadlıqRadiosuna müsahibəsində pisləmişdi. Heydər Əliyevin 1991-ci il avqustun 24-də AzadliqRadiosuna müsahibəsində dediklərini təqdim edirik:

Gözlə

No media source currently available

0:00 0:09:26 0:00
Direct-ə keçid

«Moskvada avqust ayının 19-da həyata keçirilmiş hərbi çevrilişi mən bilən kimi, onu qətiyyən pislədim və onun hərbi xunta tərəfindən demokratiyanın əleyhinə olan bir hərəkət kimi qiymətləndirdim. Nə qədər çətin və ağır olsa da, demokratiya Rusiyada, Moskvada bərqərar olacaq və qalib gələcəkdir.

Bu çevrilişin mənfi cəhəti odur ki, xalqa, millətə və ölkəyə böyük yaralar vurdu, ancaq bu yaralar əldə olunan bu qalibiyyətlərə gətirib çıxardı və demək olar ki, demokratiya tamamilə qalib gəldi. Mən bunu bəyənir və çox böyük məmnuniyyətlə qəbul edirəm. Hesab edirəm ki, bu mənim də qalibiyyətimdir. Çünki mən demokratiya uğrunda mübarizə aparıram, Azərbaycanda demokratiyanın bərqərar olması üçün çalışıram, ona görə də demokratiyanın bu cürə qalibiyyəti məni sevindirir.

İkinci məsələ, bu çevrilişlə əlaqədar olaraq Azərbaycanda ayın 19-dan sonra olan proseslərdir. Məni çox təəccübləndirən və dəhşətə gətirən hal ondan ibarət oldu ki, Azərbaycanın rəhbərliyini əlində indiyə qədər saxlayan Azərbaycan Kommunist Partiyası, onun Mərkəzi Komitəsi və Azərbaycanın prezidenti Mütəllibov bu çevrilişi bəyəndilər və onlar belə güman etdilər ki, bu çevriliş Azərbaycana müəyyən qədər səadət gətirəcəkdir. Şübhəsiz ki, bu məni çox narahat etdi. Xalqın və ölkənin bu vaxtında Azərbaycan xalqının rəhbərlərinin bu cürə mürtəce mövqe tutmasını mən nəinki başa düşə bilmədim, bu məni dəhşətə gətirdi.

Bunlar hamısı çox gülünc vəziyyətə qoyur Azərbaycan rəhbərliyini və bir daha Azərbaycan rəhbərliyinin ikiüzlü siyasət aparmasını göstərir. Eyni zamanda onu sübut edir ki, Azərbaycan rəhbərliyi tamamilə reaksion mövqe tutub, diktatura tərəfdarıdır, demokratiyanın əleyhinədir və demokratiyanı boğur.

Buna da canlı sübut odur ki, dünən, avqustun 23-də burada, Bakıda - Nərimanov heykəlinin yanında Bakı sakinlərinin mitinqi keçirilmişdir. Ancaq təəssüf ki, bu mitinq başlayan kimi ora bir qrup çox vəhşi xarakterli adamlar soxulub, bütün bu meydanı 2 mindən artıq milis işçiləri və OMON-un zabitləri əhatə ediblər. Onlar mitinq iştirakçılarını vəhşicəsinə dubinkalarla döyüblər. Mən eşitdiyimə görə, Azərbaycan Xalq Cəbhəsinin qərargahını darmadağın ediblər. Dünən «İnterfaks»ın verdiyi məlumata görə, (gecə «İnterfaks»ın direktoru Terexov mənə zəng etmişdi), 50 nəfərdən artıq adam ağır yaralanıb. Azərbaycanın xalq deputatları,o cümlədən Ali Soveti Prezidiumunun üzvü, xalq şairi Sabir Rüstəmxanlı, «Azadlıq» qəzetinin redaktoru, xalq deputatı Nəcəf Nəcəfov və başqaları, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin sədriƏbülfəz Əliyev də ağır yara almışdır».

XS
SM
MD
LG