Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:32

İlin ən faydalı ayı


«Ramazanın kamilliyi fiziki orucla bitmir. Oruc insanın vücudundakı eybəcərliklərdən xilas olmasına birbaşa yardım göstərir»
«Ramazanın kamilliyi fiziki orucla bitmir. Oruc insanın vücudundakı eybəcərliklərdən xilas olmasına birbaşa yardım göstərir»
«Həyatımda ilk dəfə bu il oruc tutacağam. Ramazan ayı ilk əvvəl adamlarda nəfsə üstün gəlməyi aşılayır. Mən özüm iradəli adamam, nəfsimə üstün gəlməyi bacarıram. Ancaq heç vaxt qidalanmaqla bağlı özümü sınağa çəkməmişəm. Özü də yay ayında su içməmək çətin görünə bilər. Oruc tutmaqla doğurdan da nəfsimə üstün gəlməyə çalışacağam».

Günay Əliyeva deyir ki, ilk dəfə oruc tutduğuna görə, sevinir:

«Bu, çox qeyri-adi bir hissdir. İnşallah, sınaqdan yaxşı çıxaram. Kaş bütün adamlar Ramazan ayında etdikləri yaxşı hərəkətləri, mərhəmət duyğularını, yalan danışmamağı, müsbət emosiyaları başqa aylarda, sonrakı illərdə, bütün həyatları boyu davam etdirəydilər».

«MƏN MƏRHƏMƏTİ ÖYRƏNDİM»

«Keçən il ilk dəfə oruc tutdum. Bu il də davam etdirirəm. Mən bu ayda mərhəməti öyrəndim. Özü də təkcə insanlara qarşı olan mərhəməti yox. Mən küçədə olan pişiyə evdən qaçıb yemək, su gətirdim. Əvvəllər məndə belə şey yox idi. Demək ki, Ramazan ayının fərd kimi mənə böyük təsiri oldu».

Bunu isə 16 yaşlı Arif Məmmədov deyir. O, ikinci ildir ki, oruc tutacaq. Deyir ki, keçən il oruc tutandan sonra özünü həm fiziki, həm də mənəvi baxımdan çox rahat hiss edib. Ona görə də bu il və sonrakı illərdə də oruc tutmağa qərar verib.

ORUCUN ANA FƏLSƏFƏSİ

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu da deyir ki, Ramazan ayının əsas fəlsəfəsi insana yaxşılığı öyrətmək, sonrakı aylarda da bunu davam etdirməyi təlqin etməkdir:

«Qurani-Kərim»in Əl-Bəqərə surəsinin 183-cü ayəsində Allah-Təala buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə də oruc yazıldı. Orucun ana fəlsəfəsi də bu ayədə açılır – insanı günahlardan, haramlardan çəkindirib mənəvi yüksəkliyə, kamilliyə çatdırmaq».

İlqar İbrahimoğlu deyir ki, Ramazanın kamilliyi fiziki orucla bitmir. Oruc insanın vücudundakı eybəcərliklərdən xilas olmasına birbaşa yardım göstərir.

RAMAZANIN SEVİNCİ

Dinşünas alim Nəriman Qasımoğlu isə insanın Tanrıya yaxınlaşması, özünün fiziki və mənəvi imkanlarını səfərbər etməsi üçün Ramazanın sınaq ayı olduğunu bildirir:

«İnsan özünü nəfsiylə mübarizə sınağından keçirə bilirsə, sevinir. Başqa tərəfdən, insanlar bir-birinə yaxınlaşmağı öyrənir. Allaha yaxınlaşma insanlar arasında mehribançılıq yaratmaqdan keçir, bu, ikiqat sevincdir».

Ramazanın yaya təsadüf etməsi oruc tutanların azalacağı haqqında fikirlərə də yol açıb. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, əksinə, imanlı adam özündə daha çox güc tapır. Nəfsə üstün gəlmə də elə budur. Onun sözlərinə görə, oruc tutanların sayı azalmır, əksinə ildən-ilə artır.

RAMAZANDA MƏDƏ RAHATLANMALIDIR, YÜKLƏNMƏMƏLİDİR

«Oruc süfrəsi suyla, xurmayla açılmalıdır. Sonra yüngül şorba içmək lazımdır. Mədəyə istirahət verib, sonra əsas yeməyi qəbul etmək lazımdır».

Bunu həkim İradə Səlimova deyir.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovsa tövsiyə edir ki, adamlar bu ayda çox yeməyə meyl göstərməsinlər:

«Mədənin sakitləşməsi üçün ilıq su içmək, şirin bir şey yemək lazımdır. Yeyəndə tələsmək olmaz. Mədə yavaş-yavaş işləməyə başlamalıdır. Sonra gündəlik necə yeyirdiksə, elə yemək lazımdır. Yeməkdən dərhal sonra yatmaq olmaz. 2-3 saat sonra yatmaq lazımdır. Yatmaqdan 15-20 dəqiqə əvvəlsə qatıq yeməyi məsləhət görürəm».

Tahir Əmiraslanov sağlamlıq üçün qızardılmış qidalardan uzaq olmağı da məsləhət görür. Deyir ki, axşam ət yerinə balıq, toyuq, tərəvəz yemək yaxşıdır. Səhər isə enerji tutumlu qidalar qəbul etmək lazımdır:

«Yağ, bal, firni kimi təmiz şirin yemək lazımdır. Səhər ət yemək olmaz. Sarımsaqsız xaş, həlim aşı məsləhətdir. Havalar istidir. Səhər bir çimdik duzu suyla içmək faydalıdır. Çünki duz bədəndə suyu saxlayır. Belədə tərləmə az gedər ki, bədən dözümlü olsun. Nişastalı qidalar da suyu bədəndə saxlayır».

Müsəlmanların müqəddəs Ramazan ayı avqustun 22-də başlayıb. Ramazan ayının sentyabrın 20-21-də başa çatacağı gözlənilir.
XS
SM
MD
LG