Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:32

Sarkisyan Türkiyəyə niyə getmir?


«Hayots Aşhar» qəzeti iddia edir ki, Ankara Ermənistan və Türkiyə yığma komandalarının cavab oyunu ərəfəsində iki ölkənin münasibətləri ilə bağlı məsələləri yanlış şəkildə təqdim edib beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir:

«Türkiyə tərəfi Ermənistan prezidenti Serj Sarkisyanın Ankaranın sərhədlərin açılması istiqamətində konkret addımlar atmadığı təqdirdə cavab oyununa baxmaq üçün Türkiyəyə getməyəcəyi barədə bəyanatını ilkin şərt qoymaq kimi qələmə verir. Ancaq şərt qoyan Türkiyənin özüdür. Türkiyənin baş naziri bildirib ki, iki ölkə arasında sərhəd Dağlıq Qarabağ münaqişəsiylə bağlı konkret irəliləyişlərdən sonra açılacaq» - deyə qəzet yazır.

«Jamanak» qəzetinin fikrincə, hakimiyyət orqanları özləri Serj Sarkisyanın nə edəcəyini bilmir. Qəzet sual edir - ötən yaydan nə dəyişib ki, Türkiyənin Ermənistanla münasibətlərinə baxış dəyişsin: «Heç nə dəyişməyib. Sarkisyanın yenə də prezident kimi legitimliyi yoxdur. Onun hakimiyyətdə qalması isə bütünlüklə xaricdən asılıdır. O hakimiyyətdə qalması üçün ABŞ-ın, Avropanın, Rusiyanın maraqlarını təmin etməlidir».

ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Metyu Brayza «Hrapark» qəzetinə müsahibəsində Birləşmiş Ştatların Türkiyənin regiondakı roluna dair mövqeyini şərh edir:

«Türkiyə hər şeydən əvvəl NATO-nun həlledici üzvlərindəndir. Bu ölkə yarım əsrdən çoxdur ki, NATO-nu özünün təhlükəsizliyinin əsas sütunu kimi görür. Eyni zamanda, Türkiyənin Rusiyayla da bir sıra ümumi maraqları var. Türkiyə təbii qaz təchizatının 65 faizini Rusiyadan alır. Düşünürük ki, nə qədər Türkiyənin Rusiyadan asılılığı artmayıb, vaxtilə Klinton adminstrasiyasının başladığı planı, (bu plan Xəzərin enerji ehtiyatlarının Avropa bazarlarına maneəsiz və alternativ yollarla çatdırılması üçün cənub dəhlizi yaratmaqdan ibarətdir) tamamlamaq çox vacibdir».

«Arovat» qəzetindəki köşə yazısında isə deyilir ki, müstəqil Ermənistanın siyasi həyatı üçün iki əsas komponent xarakterikdir. Biri müxalifət düşərgəsində olub hakimiyyətin istefasını tələb etmək, o biri hakimiyyətdə olub istefanın məqsədəuyğun olmadığını əsaslandırmaq.
XS
SM
MD
LG