Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:25

Rafiq Tağı "UCA DAĞLAR PROTOTİPİ" (Hekayə)


Rol bitdi.

Ya da hələ yox. Ağamusa Cabir bu rolun yalnız epizodik dirilik, süjetli-satirik hissəsini başa vurdu. Rolun davamiyyət müddəti bilinməyən süjetsiz-facianə, əbədi ölülük hissəsi büsbütün qabaqdadır.
Ölülük əbədiyyətin vacib komponentlərindəndir.

Bakıdan gələn “yas truppası” uzun illərin kədər məşq-təcrübələrində qazandığı vərdişləri bu dəfndə də uğurla göstərə bildi. Heç kəs kədəri hönkürmə dərəcəsinə, ya hətta mərasimdə iştirakını kədər səviyyəsinə çatdırmadısa da, hamı bir nəfər kimi burnunu çəkdi.

Burun çəkmək təsirli əyani görüntü, kədərin hərəki təzahürüdür.
Gətirdiyimiz bu yetkin təcrübə rayon yerinin hüzür məclisində xüsusi təntənəyə səbəb oldu. İşıqları kökdən sönmüş, otaqları qaranlıq saçan evdə hüzn elə bil rövnəqləndi. Ağamusadan ötrü saçlarını yolub, üzlərini cıran arvadlar tələm-tələsik təsəlli tapdı. Bayaqdan havada uçan çəngə-çəngə ağarmış, ya hənalı, bəzən zil qara saçlar ağaca-eyvana, çər-çəpərə qondu.

Ölən ölməsin, toya gəlirmişlər kimi geyinib-kecinmiş kişilər ikibir, üçbir gəlib ədəb-ərkanla özünü göstərir, salaməleyk-xudahafiz, çıxıb gedirdi. “Molla, bir fatihə de,” - axır biz də öz təşəbbüsümüzlə - əl qaldırıb uzaqdakı mollanı çağırmaqla, bir fatihə dedizdirib, yaallah, durduq ayağa.

Maşınımız evdən aralanan kimi, qırxlotu maqnitofonu qoşdu. Bir Şirvan aşığı “ölürəm-ölürəm”in bismillahını eləyəndə, “vaxsey, öləndən ayıbdı,” - ürəyimdə fikirləşirdim. Sonra gördüm, ə, rəhmətliyin nəvəsi, burda kim kimədi, nə “ayıb”? Ayıb - bədəndə bir-iki yer var, oralardı. Bir də noolsun havacat şəndi, axı, orda “ölürəm” sözü var və bu “ölürəm” ölənin ölməsiylə həmahəngdi. Kişnəyirsə də, aşıq demir ki - “ölmürəm”, binəva “ölürəm”, deyir.

Bakı səmtində, sağ əldə, kölgəsi uzanıb az qala qəsəbəyə çatan bir təpə gözümə dəydi. “Yas truppası”nın sezmədiyi, ya bəlkə görüb vız atmadığı bu təpə, üstünə brezent çəkilibmiş kimi, boz görsənirdi. Yəqin üzərindəki seyrək yaşıl örtüyə yıxılmış-çürümüş ağaclar boz çalar qatırdı. Desəm, güləcəksiniz, mənə elə gəldi ki, bu təpənin başını ülgücləyiblər.

Respublikada dağ-təpə dəlləkləri də olmuş olar. Olmamış olmaz.
Ağamusa Cabirin şeirlərində rastlaşdığım dağ, güman, elə bu təpədir. Dayan, deyən, onun dağ kodlu heca şeirlərindəki yalan-palanı tutmuşam. Yox, səmimi deyilmiş o; təpəni dağ adına saxtalaşdırıb. Di yaxşı, göstərin, hanı dağ? Burda dağ var? Bəlkə heç o özü də ömrü boyu dağ görməyib.

Təpə barəsində mən onun bala mismar uzunluqdasa bircəcik misrasını xatırlamıram.
“Vətən hər yerdə şişirtmə janrında özündəşeydir”, Ağamusa təqlidi fəlsəfə üslubunda deyərmiş. Vətən - bir təşbeh növüdür. Onsuz təpələr də ilkinində dağ kimi nəzərdə tutulur, sadəcə, tektonik aktivliyin zəifliyi bu imkanları daraldır. İlahi məram - dağdır. Hər kiçik təpənin məğzində bir böyük dağ durur.
Dağda böyüklük - zərurət, təpədə kiçiklik təsadüfidir.

Belədə təpəni bəyənmirlər, amma dağ kimi onun da hər qarışı Vətəndir. Düşmənlə kəllələşəndə, təpədən də bir addım geri çəkilmək istəmirsən, dağdan da. İkisinin də namusa eyni cür dəxli var. Ekstremal vəziyyətlərdə dağ zirvəsində də quylanmaq xoşdur, təpə belində də.
Bekarçılıqdısa, gəlin, bir az geniş laf edək.

Məncə, dağ törənişində tələfat daha çox olur, nəinki təpə göbələkləməsində. Təpələrdə ölü ruhları dağlardakından seyrəkdir. Özü də dağlarda ölü ruhları dirilərin ayağından tutub daim harasa çəkir. Dağla təmas elə ona görə vəhşət doğurur. Beşdə-üçdə hey eşidərsən: ay kimsə qayadan uçdu, vay, turistlər-əsgərlər qar uçqununa düşdü.

Dağlar qarlar və qaranlıqlar, dəli-qudurmuşlar, qaçaq-quldur məkanıdır.
Şiş dağlar terroristlər yuvasıdır.
T
əpələrdəsə sanki həmişə əmin-amanlıq, günəşlikdir. Üstündə durduğun istənilən təpədən qulağına musiqi sədaları çatacaq. Təpə insana dağdan simsardır. Üstəlik, təpə hərb səhnəsində “yüksəklik” şərti kod adı daşıyaraq, strateji əhəmiyyət kəsb edir və müharibələrdə dağdan faydalıdır. Təpələr uğrunda dağlardan daha çox başlar gedir. Dağ əslində dələngavaz-köntöy yerdir. Ordan ha boylan, düşmən-zad görə bilməzsən. Bədəbəddə dağ düşmənə satılar da, təpələrsə - əsla. Dağda yalnız tülkü kimi gizlənmək olar, o da müvəqqəti. Onsuz təpəgöz helikopterlər gec-tez səni tapacaq.

Təpələrdə öldü var-döndü yoxdu: qələbəyə məhkumsan.
Düşmən dağ alanda, təpə aldığı qədər sevinməz. Təpələri tərk edəndə də, onları tırtıllı tankların, iri çalovlu ekskavatorların ağzına verib, özlərini quma-toza, yerlərinisə səhraya-düzə çevirər. Bu həm də gələcək mümkün müharibələrə əl-qap hazırlıq tədbiri sayılır. Onsuz indiki müharibələrdə keçmişdəkilər kimi məğlubiyyət tanınmır. Uduzan da “qalibəm” deyir, udan da.

El içində təpələr dağlardan çox əzizlənər. Vətəndaş müharibəsində “Mancuriya təpələri”ni ruslar dağlardan üstün tutub.
Yüzillərcə təpə başlarına nə qədər bayraq sancılıbsa, hamısı uzaqdan, budu ey, açıqca görsənib. Gəl görək, kim dağ başına bayraq sanca bilər? Heç kim. Sancsalar belə, bayraq ağaclar arasında itib, onlardan biri sayılacaq. Hətta bayraq orda ağac kimi göyərər də.

Təpələrdə qələbəni lupa kimi böyütmək qabiliyyəti var.
Tarixçilər dünyada elə təpələr tanıyır ki, üstündən Makedoniyalı İsgəndər, Teymurləng qoşunları keçib. Lakin elə həmin qoşunlar rastlaşdığı dağları yandan ötəsi olub. Dağlar maneə kimi fatehləri hirsləndirib.
Tək bircə təpəylə bütöv bir millətin tarixini çözmək mümkündür. Hər təpə bir Herodot kitabıdır. Şairlər təpələri “dağ” deyib də şişirtməkdə yanlış yapır; dağı “təpə” adıyla ucaltmaq daha məntiqli olardı. Müharibədə dağ manevrlərə-zada da əngəl törədir. Axı, nədi dağ - daş-torpaq qalağı, lüzumsuz torpaq yığnağı. Ona yalnız kütlə ağırlığından sanbal gəlir. Təpə, yeri gəlsə, irəliləyər də, amma dağ - öldür, yerindən tərpənməz. Özü də təpə dağdan istiqanlıdır; qəlblərə yaxınlığı var. Poeziyada dağ elə təbiətdəki dağ olaraq qalır da; bəzən hətta, bu saat mənim etdiyim kimi, onu alçaldırlar. Təpələrisə əbədən yüksəldir, ən azı yüksəltməyə can atırlar.

Təbiət hiperbolaya ehtiyac duymur və təpəni elə təpə kimi saxlayırsa da, bəşəriyyət onu hökmən dağ şəklinə salır. Təpə bəşəriyyətin sevdiciyidir. Bədiiyyat da təpələrdən ötrü çəkişmələri “dağlar uğrunda döyüş” kimi şəkilləyir. Halbuki heç bir tarixi məxəzdə dağ uğrunda döyüşə rast gəlməzsən. Müharibədə dağ vəzncə ağır, qiymətcə yüngül bir əşyaya çevrildiyindən, üstəlik, izafi zəhmət və xərc tələb edər deyə, onu qaçatbasdı tutmağa çalışmırlar da. Müharibələr dağ ətrafında olsa-olsa çarx kimi fırlana bilər.

Dağ siftədən kimindisə, axıracan də onun olur. Dağların işğalı nadir hadisədir və bu, həmişə təsadüfən baş verir. Dövlət başçısı gərək nə qədər eşşək ola ki, ölkəsindəki dağı əldən verə. Bir ölkənin ki dağı alındı, elə san onun başına dəyirman daşı düşdü. Şairləri nə qınayasan, onlar dağı təhtəlşüur səviyyəsində iri bilir, elə ona görə də təpələrə təşbeh qılırlar. Kiçik şey böyüyə bənzədilər; məntiq bundan ibarətdir.
“Dağ” təşbeh olaraq əbədi-əzəli klassik tapıntıdır.

Əllərim yuxarı, mən tabe, indiyəcən Ağamusa Cabir poeziyasına soyuq olmuşam. Onun kitablarını oxumağa bu top heykəlinə bənzər təpə məni vadar etdi.

Təpə - perimetri boyunca qövs cızıb keçdiyimiz bu adıbilinməz qəsəbə personajı, bir poeziya ünsürü olaraq, məni, ilişib qaldığım urbanistik mövzulardan, infarktlı-allergiyalı bir dünyadan qoparıb, təbiətə qaytara bildi. İndi yasdan sıyrılıb ölümlər istehsal edilən o urbanistik məkana cismən qayıdırdıqsa da, xəyalən artıq təbiətdə qərar tutmuşdum. Baş-bədənim Bakıya gedir, ruhum isə kompas əqrəbi kimi hey təpə səmtinə dönür.

Maşınımızdan - hərəkət edən bu həndəsi nöqtədən Bakı səmtinə və təpə istiqamətinə çəkilən iki xəyali düz xətt arasında əvvəl böyüməkdə olan iti bucaq, sonra bir anlığa 90° alınmışdısa, indi artıq böyüməkdə olan açıq bucaq yaranmaqdaydı.

Göydəndüşmə əyani vəsait olan bu təpə ilə Ağamusa Cabir poeziyasını yaxşıca manipulyasiya edəcəkdim. Get-gedə də təsəvvürümdəki Azərbaycan landşaftında bu naməlum təpənin əskikliyi duyulurdu. Barı poeziyadasa onu öyrənməklə coğrafi biliklərim tamamlanar. Onu mənəviyyatıma da möhkəmcə oturda bilsəm, elə bilərəm həyatım 180° dəyişdi. İçim təzələnər, tənzimlənər. Təpə trankvilizator kimi əsəblərimi sakitləşdirər, daha hər naqolay sözə tapança kimi açılmaram.

Düzü, əyani görüntülərsiz əksər poetik predmetlər anlaşılmır. Bütün məqamlarda üst-üstə düşməyəcəklərsə də, poetik həqiqətlər həyat reallıqlarıyla az-çox uzlaşmalıdır. Gec oldu, güc oldu, budur, bəxtım açılıb, təpə mənim üçün bir okul qlobusuna çevrilib. Bu təpə ilə bizim rəhmətliyin “dağlar”ı arasında bağlar tapacağıma ümidliyəm. Şəxsi araşdırmalarım həmin “dağ”ların bu təpədən doğulduğunu təsdiqləyər, inşallah. Şair dağları zər kimi hey atıb-tutmaqda - insanların məhəbbətini qazanmaq istəyib. Dağ ona virtual proteje edəcəkmiş. Həm də Ağamusada yüngülündən astma vardı və o, faktiki gedə bilmədiyi dağları oksigen balonları kimi şeirlərinə doldururmuş ki, tutmalar vaxtı işlətsin.

Təzə bir tədqiqat mövzusu: dünyadakı astmalı şairlərin yaradıcılığında dağ obrazı.
…Astmalı şairlərdə dağ obrazı yaşamaq instinktinin təzahürüdür.
Vaxt varsa, keçək başqa mətləblərə.

Dağın tektonik qabarmadan savayı bir şey olmadığını düşünən yox. Dağ hər kəsə yeddi arxadan dönənini xatırladır; hamıya da kişilik və vüqar aşılayır.

Dağsız ölkələr insanlarındakı qeyrət qüsurları səbəbindən işğal olunur.
Ağamusa təpəsindəki bir tala yerdə dazdı. Özü ağbəniz, dazı - qarabuğdayı. Onda poeziya kompensator funksiya daşıyırdı. Zahirindən fərqli olaraq da, poeziyasında çılxa romantikdi. Ona həmişə elə gəldi ki, romantikadan uzaqlaşsa, bir şair kimi məhv olar. Di gəl, qocala-qocala məhz elə romantika içində məhv olurdusa da, bunu elə saymırdı.

Qabaran hər şeyi ölənəcən totemləşdirdi. Denən, nə yaxşı, fallokultizmə yuvarlanmayıb.
Hə, bəli, yumruca keçəli Azərbaycan kimi bir yerdə günəşli vahə təəssüratı oyadırdı. Şüalar düz düşəndə, bu parıltılı vahədə əks edib, çevrə boyunca ətrafa səpələnər, çəpəki düşəndəsə, səkərək yan keçərdi. Bir yas məclisində Ağamusa boynunu əyib başını tərpətdikcə, keçəlindən gözümə “zayçik”lər düşməsi heç yadımdan çıxmaz.

O, həyatının ən şeriyyətli anlarında, nədənsə, mənə bambılı kimi görsənib. Bir tək o yox, istənilən şair coşanda, ətim tökülür.
Ümumən, vəcd və vəhy insanı axmaq göstərir.

Qismətinə sısqa şair düşən təpənin poetik taleyi artıq məni Ağamusanın taleyindən çox çəkir. Ağamusayla ta nə maraqlanasan - onu yer yedi, torpaq uddu, gözləri ilanlar süfrəsinə bəzək oldu.
Göyəzən təpəsini Səməd Vurğun dağ eləmədimi?
Təpə poeziyada birbaşa əbədiyyətə getmədisə, heç nə.

Ancaq Şeytana və yoxa lənət! Ağamusaya da şükür. Adsız təpəni günü bu gün göydəndüşmə təliqə əsasında dərin bir dərəyə yumbaladarlarsa da, onun Ağamusa Cabir poeziyasında pis-yaxşı surəti qalacaq.
Təpə bu məkanda uşaqlara sevinc bəxş edən yeganə yerdi. Qarlarda üstündən sürüşənlərin yüzillər boyu nə qədəri şair olubsa da, zaman hamısını bir nəfər kimi yaddaşlardan silib. Növbə Ağamusanındı. Onun unudulmuş şairlərdən yeganə fərqi və üstünlüyü təzəcə ölməsi idi.

Zaman təzə ölənlərə güzəşt edir.
Unudulma mexanizmi hamıda eynidir. Şair dəfndən sonra poetik aləmdə bir müddət sirinsiyə-sirinsiyə, canbəst qalır, can-ciyərləri, ya butulka dostları onu buruntaqlayıb çəkə-çəkə, ya cin-şəyatin kimi qaynaşaraq dalından basa-basa əbədiyyət səmtinə bir balaca apara bilirlərsə də, axır yorulub əldən düşür, az qala özlərinin də unutmaqda olduğu, getdikcə xeyir əvəzinə ziyan gətirən bu lüzumsuz ölünü başlı-başına buraxırlar.
Əbədiyyətə əli çatmayan, poeziyada şişirdilib dağ şəklinə salınan təpələr müəllifdən sonra makulatura içərisində yandırılar, onun göy-qırmızı tüstüsü buludların altını qaraldar.

Ölkədəki altı hisli buludlar ölmüş şairlərin yanmış təpələrindəndir.
Ağamusa Cabir bu təpəni dağ kimi kodlaşdırıb. Ancaq camaat da çörəyi burnuna yemir, onun yalanını çoxdan tutub. …Bir gün qulaqlarıma inanmadım: iki kişi ədəbiyyatdan-əbədiyyətdən gap edə-edə yol gedirdi, birdən biri belə bir söz işlədəsi: poeziya gopologiyadı. O biri: görün, bənzətmələrlə də həyat qurular? Bu biri: onlar “bənzətmə” yox, təşbeh-istiarə deyir. O biri: nəymiş bunun mənası? Bu biri: qanmaram.
Poeziyada təpəni dağa çevirməklə Vətəni hündürləşdirmək, Xəzəri, tünd göy göstərib də, okeanlaşdırmaq qolay bir iş. Bəlkə Vətənə vulkanlar da əlavə edək…

Ağamusa Cabir poeziyasında seysmoloji aktivlik təbiətdəkindən yüksək imiş. O, qədim zəlzələləri poetik təkanlarla gücləndirib və nəticədə təpə əvəzinə dağ yaranıb. İndi Azərbaycan bir mənbədən iki həqiqətin şahididir: təbiətdə təpə, poeziyada - dağ.

Bu bir psixoloji qanundu ki, insan öz ərazisində, gözü baxa-baxa, dağ törənişini arzulamaz. Hamı öz dövründə zəlzələləri kiçik, qədimdəkiləri böyük istər. Elə poeziya da zəlzələləri həmişə geri atır. Onsuz daha keçmişin adamları 9 yox, lap 12 bal gücündə zəlzələyə də tab gətirər; niyəsi məlum - artıq həyatda yoxdular. Onların travması-ağrısı poeziyada duyulmaz. Ağamusa bu məkanda kiçicik bir zəlzələni böyütməklə, yalnız keçmişdəkiləri məhvə uğradıb. Özü də bunu hüquqi-kriminalistik arxayınçılıqla edib. Rəhmətlik qədim insanların leş-leşə qalanmasını fəlakət-zad sanmayıb.

Qədim insan nə sevilər, nə öyülər, o yalnız, bir əhəmiyyət kəsb edirmiş kimi, tarixi-statistik sənədlərdə qorunar.
İşin kökünə varsaq, Ağamusa təpəni dağ eləməklə bəşəriyyətə qarşı cinayət törədib. Məhkəmə-hüquq sisteminin yeni aspektlərində elə oğlanlar ortaya çıxa bilər ki, onun cənazəsini qəbirdən çıxartdırar da, meyidinə ittiham oxutdurub, iş də kəsdirər.

Eşidib-bildiyimcə, “tarix nədir - yalanlar toplusu”, o deyərmiş. İşlədiyi elmi-tədqiqat institutunda da millətə verəcəyi töhfəni haq-nahaq onun tarixini qədimləşdirməkdə görüb. “Yalanı elmiləşdirdinsə, həqiqət olur”. Elmi rəhbəri “qədimləşdirmə”ni beyninə qalın bir mıx kimi çaxmışdı.
Heç bir həqiqət millətin gözəlləşdirilməsi amalından yüksək ola bilməz.
Vacibliyinə görə gözəllik həqiqətdən irəlidir.

Dissertasiyasında tarixin, poeziyadasa təbiətin parlaq təqdimi onun vətənpərvərliyi idi. Bizdəki doqquz iqlim qurşağı onun qürur mənbəyi olub. O, Vətənin gölməçəsini “göl”, nə bilim, iki cüt bir tək ağacını “meşə”, qarğasını “bülbül” adlandırmaqdan fəxr duyub. Təpəsini də - dağ.

Təzəlikcə bir xasiyyət tapmışam: bala-bulanı hansı bədheybət rayonumuza aparıram-aparım, qayıdıb oralara dair bayatı-qoşmalar axtaracağam. Qoy uşaqlarım gördüklərini unudub, oxuduqlarını yadda saxlasınlar. Vətəni irreal tanısınlar, real yox. Reallıq nədir - materializm və perspektivsizlik. Tapdığım poetik məmulatı gözlərinə yedirdir, başlarına yeridir, hərdən də az qala bozbaşlarına qatıb ağızlarına dürtürəm.

Kim nə deyir desin, Vətən bir illüziya törəməsidir. Balaca Vətəndə böyük səhraları unutdurmaq gərək. Səhra nə demək ola - bulaqsız-çaysız, aqrar etibarlılığı olmayan quru hektarlar. Yubanmadan poeziyada bunları ixtisara salmalı. Onsuz Azərbaycanda səhra sevilməz. Poeziyamızda da səhra təsviri təcrübəsi yox. Bəlkə bir tək Əjdər Olda elənçi misralara rast gələsən. Əjdər Muğan çöllərini Azərbaycana olduğu kimi, bəzək-düzəksiz əlavə edir.
Hər şüa yağ damcısı,
Hara düşsə yandırır.
Ya:
Məni çölün düzündə qoruyur günvurmadan,
Bapbalaca sərçənin bapbalaca kölgəsi.

Mən üstündə dördnala atlar çapan, üfüq arakəsməli qazax çöllərini Oljas Süleymenovun nərdivan bənzərli misralarında, qırğız takırlarını Çingiz Aytmatovda, saksaullu türkmən bozqırlarınısa, işə bax, rus yazıçısı Yuri Trifonovda görmüşəm.

Bizimkilər Vətən yaşıllıqlarını can rahatlığına görə uca tutur. Həyatda yox, poeziyada bağbanlığımız əntiqəfüruşdu. Əfəlliyimizdən ilan-çayan mələşən səhraları təbiətdə çoxaldırıqsa, zirəkliyimizdən poeziyada onları azaldırıq. Əringəclikdən reallıqda torpağa bir ting sancmasaq da, “bicok”luğumuzdan poemalarda fantastik xiyabanlar salanlarıq. Poeziyamızda gül gülü, bülbül bülbülü çağırır. Sən 3-ə qədər sayınca biz yarın ləblərini qızılgül ləçəklərinə bənzədərik. Qəzəllərimiz - almalı-heyvalı, içində şux məməli gözəllər gəzən bağ-bağatdır. Ordakı gülüstani-irəmlərimiz göylərdə bərq vurur. Poeziyada qol-budaqlı, sıx yarpaqlı bağları, adam deməyə də utanır, sevişmək imkanına görə artırırıq.

İdefiksimiz - leyliməcnunluqdur.

Ağaclarından turnikdə sallanırmış kimi görsənən narıncı qurdlar keçəl İsmayıllı meşələrini vəsf edən Musa Yaqubun yalanını çıxarır. Ya əksinə, qırılıb-çatılan, satılıb-sovulan Lənkəran-Masallı meşələrini gəzib-görən hər kəs dərhal Şəkər Aslanla Azad Talışoğlunun, Məmməd Kazımla Kazım Aslanlının şeirlərini tapıb gözünə təpməlidir ki, ürəyi partlamasın.

Ürək şar kimi tezpartlayandır.

Neyləyək, Azərbaycanı gözümüzdə saxlayan, təbiətə düzəlişlər edib, onu tənzimləməklə psixoloji müvazinət yaradan az-çox yenə poeziyamızdır. Gələcək səttarbəhlulzadələrlə toğrulnərimanbəyovlar gərək mənzərə naturalarını təbiətdən yox, poeziyadan götürələr. Qoy elə meşəsalanlar da poeziya kitablarını özlərinə dərslik seçsin, təbiəti ordakı ağaclarla sıralasınlar. Düzdü, bəzən şairlər qaş düzəltdikləri yerdə vurub göz çıxardır: onlarda Vətən həqiqətdəkindən naqis alınır. Ə, bu odurmu - qalın bir şeir kitabını oxuyub da anaca Vətəni tanımırsan. Ələlxüsus təqlidçi-epiqon şairlərin əsərlərində. Olub ki, mən Azərbaycanımızı Amerika ştatlarına, İspaniyanın Andalusiyasına bənzətmişəm. Postmodern mətnlərimizdəsə siçanları-bayquşları Vətən üzərinə yürüyən görərsən.

Milli poeziyada Vətən ideal-məqbul variantdır.

***

Ağamusa Cabir - ismin kökünü söz şəkilçiləriylə ölüm-zülüm qafiyələndirən, hıqqana-hıqqana bənzətmələr tapan birisi. Ömrü boyu da misralarını əyri-üyrü mismarlar kimi düzəldib. Şairlik onun üçün dəmirçilik sənəti olub. Ya dülgərlik kimi bir şey. Görənlər gülə-gülə deyir ki, bətnindən gücənərək çıxardığı ilk təşbehdəcə üzü pörtür, əzələləri gərilir, hərdən də… daldan buraxırmış.

Dağ dünyanın hər yerində vacib poeziya ünsürüdür.

Ağamusa nəzmlə yazdığı vəsiyyətində qəbri üstə mavzoley istəyib, başdaşı kimi də - büst. Oğul-uşaq ağlaşa-ağlaşa söz verib: acından mələsələr belə, bunu edəcəklər. Hər biri ayrı-ayrılıqda sinəsinə döyürmüş: heç kəs qarışmasın, bu iş mənlikdi. Ara sakitləşib, başlar soyuyandasa, atışmaq qərarına gəliblər. “Evdə xəstə uşağım var”, - hətta biri yaxasını kənara çəkib. Qalanlar atışmaya qatmaq üçün yeznələri xatırlayıb. Söz yeznələrə çatanda, onlar hə deməyiblərsə, haqqüçünə, yox da deməyiblər və öz növbəsində Rusyətdəki ortancıl yeznəni xatırlayıblar. Allah eləyə, tez gəlib çıxa, onda bizim kimi lütüşlərə ehtiyac qalmaz. Qızılçıxan yerdə işləyir, maşallah, pulunu balta kəsmir; odur ki, xətri də hamıdan əziz. Uşaq-böyük onun yanında əlini cibinə sala bilməz.
İçimizdə ən kişi yeznə odur, onlar deyib.

Hə, maddiyyatla bağlı bu əbədiləşdirmə işini bir o layiqli görə bilərdi. Bir-iki əsrdi əbədiyyəti kapital təyin edir.
Dağlar ilkin material kimi təfəkkürə uşaqlıq-yeniyetməlik çağlarında həkk olur, yalnız sonradan poeziya hadisəsinə çevrilir. Bu nümunədə həm maddənin itməməsi qanunu, həm də böyük cisimlərin kiçik cisimlərdə inikası nəzəriyyəsi bir daha təsdiqlənir, işlək hala düşür. Burada böyük cisim dağdır, balaca - insan başı. İkisi də - yumrutəhər, yumurtavari. Dağ başın böyüdülmüş forması kimi də qavranıla bilər. Görün nə deyirəm, dağ başa təsir göstərdiyi kimi, baş da dağa təsir göstərir, lakin bu təsir elə cüzi olur ki, üzdən heç nə sezilmir. Dağ başa hər şey edə bilər, baş dağa - heç nə. Misallar sonsuzdur. Şeir kitablarımızda irili-xırdalı Azərbaycan dağlarının hamısını tapa bilərsən. Hətta sonradan ovxarlanıb, yel sovurub aparmışları da. Dağlardasa Fərhadın Bisütun həkkaklığından savayı insana dair heç nə yox.

Poeziya əbədiyyət tərkibli zənn edilir. Hamı əlləşib özünü ora salmağa çalışır ki, ordan da rahatca əbədiyyətə gedə bilsin. Hətta o dünyada cənnət vəd olunanlar belə, cənnətdənsə əbədiyyətə üstünlük verir. Qorxurlar cənnət gop ola.

Əbədiyyət - əlçatandır.

Azərbaycanımızın hər evində saçısünbül, ya kəkilli, hərdən qalınqaş, bəzən keçəl, bir şair oturub, bu, millətdə həyat eşqinin, onun ölümdən qaçmaq ehtirasının təzahürüdür. Biz torpağa biganə ola bilərik, poeziyaya yox. Misralarımızda dağlarımız bilyard daşları kimi diyirlənməkdə. Xəritədə tapılmayası elə dağlarımız var ki, qoşma-gəraylılarımızda düzüm-düzümdür. Bu silsilə dağlarda bulaqlar çağlar. Poeziyamızdakı şır-şır bulaqların dişgöynədən suları təbiətdəkindən müalicəvidir.

Azərbaycanın təbii-gerçək landşaftı poeziyamızda xəyali-mifik xarakter alır və bir tək dağlarıyla qorxunc görsənir. Poeziyamızda Vətən - dağlıq bir ölkə, millətim - tanınmaz dağ camaatı…

***

Sabahı Ağamusa Cabir yaradıcılığına baş vurmağa tələsdim. Onun xatirəsinə ən yaxşı töhfəm kitablarını axıradək oxumağım olacaq. Qırxına qədər kitabları qurtarsam, onu arxayınca unuda da bilərəm. Qırxda qəbri üstə hökmən iclasa bənzər yığıncaq tutuşduracaqlar - bu imtahana hazırlaşmağım gərək. Ölüsü, bir şeirini əzbərləməliyəm. Xəfdən şeir de, desələr və mən deməsəm, onda qəbrin böyründəcə ölüb yerə girməyim yey. Kasıblığını neynirsən, artıq qarın bağlamış qardaşı, Ağamusa Cabir şöhrətinin qurucusu kimi, gələnlərdən bir-bir söz aldırıb, bütün çıxışları videokasetlərə saldıracaq. Bu, ucdantutma həbsə bənzəyəcəksə də, 40-da dediklərimiz tarix sayılacaq.

Adsız təpə Ağamusa Cabir poeziyasında uca dağlar prototipidir.

Nədənsə, birdən mən də o təpəni poeziyada dağ kimi görmək istədim. Millət dağı təpədən üstün tutursa, mən niyə elə etməməliyəm? Durub özümü dartım? Heç elə şey olar?

Vətən bəlkə də dağlar haqda mifik təəssüratlar sayəsində mövcuddur.

Hayana dönə, yenə dağ başı. Təpələrdən, uzağı, yaxın kənd evlərini, “göynən uçan beş durnalar”ı, dağ başındansa, geniş üfüqlər çərçivəsində - qərbdən üzü şərqə nə var, hər şeyi, hətta gözləini qıyıb da, Xəzəri görərsən. Dağ başında, ətəkdə-düzdə qarışqalar təki gəzişən, insanlar haqda fəlsəfi düşüncələrə dalarsan: sənə elə gələr, aşağıda onların iş-peşəsi ancaq ölməkdir.

Ölüm də yada düşdü, keç ibadətə.

Keçi kimi dağ başına dırmaşanlar gec-tez ibadət əhli olur.
Dağlar, zirvəsindən dombalaq aşanların çataçat ölüm qucağına düşmələriylə, möhtəşəmdir.

…Çağdaş insan istənilən millətdən iti düşünür…

Bayaqkı söhbətə qayıdaq: coğrafi həqiqətlər naminə mən öz millətimin sözünü qəribçiliyə sala bilmərəm.

Millətim haq-nahaq təpəni dağ adlandırırsa, qurtardı getdı, mən də elə adlandırıram. Millətin istənilən qərarı coğrafi həqiqətlərdən üstündür. Hər şey bir yana, lap elə dar gün üçün ölkəni dağlarla örtməyimiz məsləhətdi: torbayla daşıyası olsalar, qoy torpağımız gec qurtarsın. İşdi-şayəd, “Vətəni xilas etmək lazım gələrsə” də, poeziyamızdakı dağlardan düşmənə həmlələr edərik.

***

Özümü saldım Milli Kitabxanaya. İncəvara, kataloqlarda Ağamusa Cabir yaradıcılığı dolğun əks olunmuşdu. Kartotekanın tərtibindəki səliqə-sahmanda özünə büst vəsiyyət etmiş Ağamusanın səyləri nəzərə çarpırdı. Gəlib bura, kitablarını bağışlayıb, hələ kitabxanaşünaslara dəyərli məsləhətlər də verib. Lap tutalım, hər şeyi öz şöhrəti naminə edib, amma göründüyü kimi, bunlar ümumi işə də xeyirsiz ötməyib.

Düzgün tərtib olunmuş kartoteka şairi əbədiyyətə təsbit edən amillərdəndir.

Rəhmətlik əbədiyyətdə sağ olsun!

Kataloqda cəmi üç kitabı varmış. Ömrü boyu yaz-poz, poz-yaz - bə hanı, elə bu? Azdı, çox az. Eləsindən aşağı-yuxarı 15-20 kitab gözləniləndi. Kitab sayında da əbədiyyət ehtimalı gizlənir. Ağamusa belə şeyi bilməmiş olmazdı. Yəqin bilib də. Çatdırmayıb.

Nəşr ili ardıcıllığıyla, biri digərindən ədədi silsilə tipində uzun və ağır kitablarını alıb qarşıma düzdüm. Bu kitabları təpəni dağ görmək həvəsinə oxuyacaqdım. Metodoloji cəhətcə düzgün deyildisə də, Ağamusa şeirlərini həm gələcək oxucunu nəzərə alaraq, həm də əbədiyyətə öz gedişini asanlaşdırmaq üçün, yazılma tarixlərinə uyğun xronolojiliklə yerləşdirmişdi. Budur, gül-bülbül şeiri. Ardından sülh və müharibə mövzusu gəldi. Sevgini lapdan nifrət əvəzləyir. Faciə komediyaya keçir, barmaqlarını yaşlayıb vərəqi çevirən kimi də, komediya - faciəyə. 2 şər-şəbədə şeiri, dalısınca 1 - xeyir-bərəkət, ya tərsinə. Bir-iki səhifə də adlayırsan - ölkədə rüşvəti və rüşvətxorluğu neştərləyən nəzm nümunələri pırtlayıb üzə çıxır. Əlbəttə, bu həftəbecər tərtibatda qanunauyğunluq da vardı: yaradıcılığında tək bir mövzunu araşdırası tədqiqatçı məcburdu onu bütünlüklə oxusun.

Gələcək tədqiqatçılar Ağamusa Cabirin tilovuna kütüm balıqları kimi düşəcək.

Rəhmətliyin fantaziyası anlaşılmaz mexanizmlə işləyirmiş: bu gün onu, arvadağanın böyründəcə, hicran yandırıb-yaxıbsa, sabah, öz ata-baba yurdunda, stulda otura-otura - Vətən həsrəti alovlandırıb. İçində siyasət qıvrılırmış. Hesabını da düz götürüb - mən onun gələcəyə tuşlanmış fırıldağının ilk qurbanına çevrildim. Artıq təpəni araşdırmaq üçün onun kitablarını sətirbəsətir oxumalı idim.

1-ci kitabı, məsafə baxımından, Ağamusanın keçmişinə, 3-cü - gələcəyinə yaxındı. O, 1-də idealistdi, 3-də - materialist. 2-cidə nə ondandı, nə bundan. Ortayacan miyanə romantik, ortadan sonra - dişsiz realist. Yox, 2-ci kitabı onun poeziyasını dəyərləndirmək üçün əsas götürülə bilməz. Üzümü indiki və hələ doğulmamış gələcək tədqiqatçılara tutub deyirəm: e-he-hey, 2-yə məbada vaxt itirəsiniz!

Tədqiqatçıların vaxtına nə qədər qənaət edilsə, gələcəyimiz bir o qədər parlaq olar.
Kim də onun gəncliyini araşdıracaqsa, əl atsın 1-ci kitabına. 3 - gəncliyi üçün xas deyil. Düzdü, əksinə, o, 3-də məhəbbət şeirlərini artırıb, lakin mən o şeirlərdə məhəbbəti siyasiləşən gördüm.

Siyasiləşməsi - məhəbbətin qocalığıdır.

Ağamusa Cabir 3-cü kitabında nə qədər vəzifəlini şahlar məskəni poeziyaya gətiribsə də, Allah insafını kəsmişlərin bircəciyi, ya onların adından bir nümayəndəsə, dəfndə gözə dəymədi. Eşşək nə bilər zəfəran nədi. Dəfni, Ağamusanın yarımca kupleti belə qıydığı, qara-qura yerliləri yola verdi. Denən, qansızlar onun varlığından xəbər tutmuşdularmı ki, hələ bir yoxluğundan da xəbər tutaydılar? Ölümün bilinməsi üçün öncə olumun bilinməsi vacib.

Nə gizlədim, məni də Ağamusanın dəfninə yolda darıxmamaq üçün aparmışdılar - mırt vurmağa.
Onun yaradıcılığında dağlar qoyun sürüsü kimi ancaq 1-ci kitabda burunlarını yerə dikib.

Məni qoca çağlarım
Asimandan düşürdü.
Düşən kimi dağların
Kölgəsində üşüdüm.

“Dağlar”, yəni prototip.

Yamaclara aşanda,
Zirvədən dağ kəlləri.
Mən onları daşlara
Təşbeh qıldım əlbəəl.

İndi də - 3:

Hər dağ çayı – “dəli Kür”.
Dağ boydadır ad-sanı.
O, zirvələrdən görür
Bütün Azərbaycanı.
“O” - yəni O.

Yenə 1:

Zirvələrdə at belində uzandım,
Buludlardı, axıb getdi gözümdə.
Otardığım qoyunları sel aldı,
Qoyunlarla yumbalandım özüm də.
Şeirin dodaqqaçdı növüdü bu.

Şair qoyunlara, qoyunlar da şairə dəyə-dəyə - ətəyəcən sağ-salamat yumbalanıblar. Təsəvvür edirsiniz?
Onun bədii faktları inandırıcı deyil. Eləsi toyuğu qartal kimi də təsvir edər. Ya qartalı - arvadların dən səpəcəyi toyuqlar kimi. …Zirvədə, at belində uzanasan, özü də üzü yuxarı - yalnız ağlı topuğunda olanlar belə edər. Üstəlik də, görən, dağ başında hansı yeməli otlar olur ki, bu, qoyunları oraya dırmaşdırıb? Bəyəm qoyunları ətəklərdə otarmırlar? Bax, Ağamusanın qoyunları dartıb zirvəyə çıxarmağındanca bilmək olar ki, onun “uca dağ” adlandırdığı yer əslində alçaqca bir təpədir. Örüşdən qayıdan sürüdə bir-iki şıltaq toğlunun şıllaq ata-ata təpə başına çıxması anlaşılandı. Bu şeirdə dağ xaraktercə təpədir.

Bir az boşsunuzsa, Ağamusa Cabirin mövzuyla səsləşən başqa kupletlərinə də göz ataq.

1.

Vətənimin hər bucağı mənimdir,
Soruşmayın haralıyam, haralı!
Qərbi qərbim, şərqi şərqim, ölməyə,
Şimalı da, cənubu da yararlı…

2.

Onun Şərqi
Nəğməm, şərqim.
Onun qərbi
Mənim qəbrim.

Haralı” və “yararlı”, “şərq” və “qəbir” - insafən, bunlar qulağı didməyən qəşəng qafiyələrdir.

***

Bir gün yuxuda Ağamusanın doğulmamış, ata-ana öldüyündən, doğulmayacaq da bacısı onun bir şeirini mənə uzatdı.

Bizim dağlar

Dərin uçurumlar deşib torpağı,
Az qalır quşun da gözü qaralsın.
Dərələr dağ boyda çöküb aşağı,
Çöküb ki, qayalar, dağlar ucalsın.

Təpələr uşaq tək boynunu burub,
Dərələr torpağın qırışlarıdır.
Sükutun bağrına sancılıb durub –
Dağlar babaların başdaşlarıdır.

Burda aynası var hər bir qayanın,
Bulaqlar hardansa qopub, sürüşüb.
Sanki qaranəfəs olmuş ceyranın,
Gözləri daşların içinə düşüb.

Yorğun yolçular tək verib diz-dizə,
Buludlar dağların dərdi, qəmidir.
Kollar da su içir, düşüb həvəsə,
Bulaqlar su dolu sərnic kimidir.

Çaylar tər içində cumur qabağa,
Köpüklər elə bil quzey qarıdır.
Necə də çırpılır, dəyir torpağa,
Daşlar dağ çayının yumruqlarıdır.

Dağların başında nədir ağaran?
Soyuq fikirmidir, Günəş əridir?
Hər qaya altında yatan mağara,
Dağların havalı ciyərləridir.

Təpələr uşaq tək boynunu burub,
Dərələr torpağın qırışlarıdır.
Sükutun bağrına sancılıb durub –
Dağlar babaların başdaşlarıdır.

Şairin sağlığında yazmadığı bu şeir, yuxunu obaşdan gördüyümdən, nöqtə-vergülünəcən yadımda qalmışdı. Özüm şeir yazırcasına, oturub bəndləri kağıza köçürdüm. Nə yaxşı, saatı əvvələ qurmamışam: Ağamusa Cabirin bu laübalı misraları əldən çıxacaqdı.

Onun doğulmamış-doğulmayacaq bacısının gətirdiyi yazılmamış-yazılmayacaq bu şeir maddi dünyanın obyektiv qanunlarına zidd olaraq yaranmış, göyün uca qatlarından məhz Ağamusanın adına göndərilmişdi.

Ağamusa Cabirin yaradıcılığı bəlkə hələ indi başlayırdı. Bundan sonra mənə göylərin şeir poçtalyonunu sübh yuxularında gözləmək qalır.

2008, aprel - dekabr
XS
SM
MD
LG