Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:43

«Sərhədlərin açılması Azərbaycanın milli maraqlarına zidd məsələdir»


Praqa 7 may 2009 il. Ermənistan və Türkiyə prezidentləri
Praqa 7 may 2009 il. Ermənistan və Türkiyə prezidentləri
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyir ki, onlar bu məsələlərdə Türkiyə rəsmilərinin bəyanatlarına əsaslanırlar. Cənab Poluxov xatırladır ki, bu ilin may ayında Bakıda olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışında sərhədlərin Azərbaycanın torpaqlarının işğalı nəticəsində bağlandığını bildirib:

«Onu da bildirmişdi ki, işğal aradan qaldırılmayana qədər sərhədlər açılmayacaq. Münaqişə nizamlanmayana kimi Türkiyə-Ermənistan arasında sərhədlərin açılması Azərbaycanın milli maraqlarına zidd olan bir məsələdir».

Elxan Poluxov deyir ki, hələlik ortada son sənəd olmadığı üçün vaxtından qabaq danışmaq istəməzdi.

***

Avqustun 31-də İsveçrə, Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin birgə bəyanatı yayılıb.

Bu üçtərəfli sənəddə deyilir ki, Türkiyə və Ermənistan respublikaları beynəlxalq siyasi məsləhətləşmələrin başlanması haqqında razılığa gəlib.

İsveçrənin vasitəçiliyi ilə həyata keçirilən məsləhətləşmələr iki yekun protokolunun imzalanması istiqamətində aparilacaq. Bəyanata əsasən söhbət “Diplomatik əlaqələrin qurulması haqda protokol” və “İkitərəfli münasibətlərin inkişafına dair protokol” adlanan iki sənəddən gedir.

Məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir.

Türkiyə-Ermənistan münasibətləri uzun müddət iki əsas məsələ - 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrə münasibət və Qarabağ problemi səbəbindən soyuq olub.

2008-ci ilin payızından başlayaraq tərəflər münasibətlərin normallaşması istiqamətində bir sıra ciddi addımlar atsalar da, əsasən ikitərəfli əlaqələrin əhəmiyyəti və sərhədlərin qeyd-şərtsiz açılmasının zəruriliyi haqda bəyanatlarla kifayətlənməli oldular.

Ötən ilin sentyabrında Ermənistan-Türkiyə futbol görüşü zamanı Abdulla Gül Yerevana səfər etdi. Ermənistan prezidentinin də eyni addım atacağı gözlənilirdi.

Bu ilin aprelində yenə də İsveçrənin vasitəçiliyi ilə iki tərəf arasında "Yol xəritəsinin" hazırlanması haqda razılıq əldə olundu. Lakin münasibətlərin praktiki olaraq məhz necə normallaçacağı sualı hələ də açıq olaraq qalırdı.

Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan bəyan etdi ki, sərhədlər açılmasa Türkiyəyə, futbol matçına getməyəcək.

Xatırladaq ki, Türkiyə-Ermənistan matçı oktyabrın 14-də keçiriləcək. İsveçrə-Türkiyə-Ermənistan bəyanatında qeyd edilən 6 həftə müddəti də məhz bu futbol görüşünün vaxtına təsadüf edir.

Hadisələrin gedişi Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Ermənistan-Türkiyə münasibətlərini Qarabağ problemi prizmasından qiymətləndirən rəsmi Bakı ilə Ankara arasında da gərgin diplomatik fəallıq müşahidə olunur.

Avqustun 31-də imzalanan üçtərəfli bəyanata artıq ilk beynəlxalq reaksiya verilib. Fransa tərəflərin bu adıımını alqışladığını bildirib.

XS
SM
MD
LG