Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Ermənistan mediasında Türkiyə ilə protokol dartışması


Ermənistan İnqilab Federasiyasının Türkiyə ilə danışıqlar əleyhinə keçirdiyi aksiya, Yerevan. 28 may 2009
Ermənistan İnqilab Federasiyasının Türkiyə ilə danışıqlar əleyhinə keçirdiyi aksiya, Yerevan. 28 may 2009
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan iki protokolun elan olunmasından sonra Ermənistanda sənəd ətrafında qızğın müzakirələr gedir. Yerli medianın müzakirələrə həsr olunan məlumatlarının icmalını təqdim edirik.

Tert.am internet qəzeti

Ermənistan müxalifəti Türkiyə ilə sərhədin açılmasına mane olmamaq qərarına gəlib.

Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi yaydığı bəyanatda qeyd edir ki, imzalanacaq protokollar Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasında ciddi irəliləyiş hesab oluna bilər. Eyni zamanda orada nəzərdə tutulan erməni və türk tarixçilərindən ibarət hökumətlərarası komissiyanın yaradılması erməni "soyqırımı" faktına şübhə yaradır...

Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan «Tert.am»ın xahişi ilə Türkiyə ilə Ermənistan arasında elan olunan protokolları şərh edib.

Onun fikrincə, bu sənədlər Türkiyə xarici siyasətində Azərbaycanın vetosunun aradan qalxması deməkdir. Bununla «bir millət, iki dövlət» strateji ideyası üzərində qurulan Türkiyə-Azərbaycan əlaqələri indi daha məntiqli məcraya qədəm qoyur...

Müxalifətdə olan «Miras» partiyasının lideri Raffi Ovanisyan hesab edir ki, avqustun 31-də elan olunan protokollara görə Yerevan Ankaranın hansısa şərtlərini qəbul edib. O, bildirir ki, Ermənistan prezidenti yalanlarla özünü xalqın yanında təmizə çıxarmağa çalışır.

«Haykakan jamanak» qəzeti

Ermənistan prezidenti Qarabağla bağlı razılaşmalardan çıxmaq şansını itirir. Əvvəllər Sarkisyan tez-tez Ankaranı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasında vədlərini yerinə yetirməməkdə ittiham edirdi. İndi isə artıq bu fürsət əlindən alınır.

Prosesə ABŞ dövlət katibi birbaşa qarışaraq tərəflərə altı həftəlik vaxt qoyub. Ona görə də Sarkisyan tapşırığı yerinə yetirməli olub. Bu tapşırıq da görünür, Türkiyəyə getmək, Qarabağla bağlı daha çox sənədlərə imza atmaq və sonra da oturub Türkiyənin sərhədi açmaqla bağlı öhdəliyini yerinə yetirməsini gözləməkdir.

«A1+» televiziyası

Erməni İnqilab Federasiyası – «Daşnaksütyun» hesab edir ki, Türkiyə ilə münasibətlərin normallaşması barədə elan olunan protokollar Ermənistanın milli maraqlarına uyğun deyil. Federasiya «Türkiyənin maraqlarına xidmət edən danışıqları dayandırın!» şüarı ilə mitinq də keçirib. Partiya liderləri deyirlər ki, Türkiyənin ilkin şərtlərini yerinə yetirməkdənsə, Dağlıq Qarabağın özünü idarəsində möhkəm dayanmaq lazımdır.

Erməni İnqilab Federasiyası həm də Xarici İşlər naziri Edvard Nalbandyanın istefası tələbini davam etdirir.

«Noyan tapan» agentliyi

Erməni İnqilab Federasiyasının nümayəndəsi Hrant Marqaryan hesab edir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmalardan savayı daha bir gizli razılaşma da var. Həmin gizli razılaşma Qarabağ münaqişəsinin altı ay müddətinə həllini nəzərdə tutur.

PanARMENIAN.Net internet qəzeti

Prezident Serj Sarkisyan Ermənistanın xaricdəki diplomatik missiyalarının rəhbərləri ilə görüşdə deyib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair protokollar Qarabağ münaqişəsinin nizamlanması əhatə etmir.

Sarkisyan deyib ki, müstəqil Ermənistanın tarixində ilk dəfədir ki, bir beynəlxalq sənəd bu qədər fəal şəkildə ictimaiyyətdə müzakirə olunur. Onun fikrincə, bu yaxşı əlamətdir, sənədin bütün yaxşı və pis cəhətləri ortaya çıxır.

Panorama.am internet qəzeti

Şərq araşdırmaları ilə məşğul olan ekspert Ruben Safrastyan Türkiyə ilə razılaşdırılan protokolları erməni diplomatiyasının qəhrəmanlığı adlandırır. O, hesab edir ki, Türkiyə on ildir davam etdirdiyi Ermənistanla əlaqələri Dağlıq Qarabağ münaqişəsinə bağlamaq siyasətindən əl çəkib. Ekspertin fikrincə, elan olunan protokolun ən vacib cəhəti məhz budur.

Onun dediyinə görə başqa bir vacib məqam da Ermənistanın "soyqırım"la bağlı strategiyasından əl çəkməməsidir. Türk diplomatiyası buna çalışsa da, prezident Sarkisyanın BBC-yə müsahibəsindən aydın olur ki, heç bir dəyişiklik yoxdur və erməni "soyqırım"ının tanıdılması istiqamətində proses davam edir.
XS
SM
MD
LG