Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:47

Mənzil qanunvericiliyi barədə nələri bilmək lazımdır?


Yaşayış sahəsinin altındakı torpaq hökumətə lazımdırsa, onda nəm-nüm eləməyib alqı-satqıya gərək razı olasan
Yaşayış sahəsinin altındakı torpaq hökumətə lazımdırsa, onda nəm-nüm eləməyib alqı-satqıya gərək razı olasan
MƏNZİLƏ İCAZƏSİZ GİRMƏK OLAR, AMMA BU ŞƏRTLƏ

Yeni Mənzil Məcəlləsi də Konstitusiyaya uyğun hər kəsin mənzil toxunulmazlığı hüququnu qoruyur. Onu da nəzərdə tutur ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna edilməklə, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

Qanun təbii fəlakət və ya kütləvi iğtişaşlar, ya qəza baş veribsə, yəni şərait fövqəladə xarakterli sayılıbsa, onda etirazsız-filansız evə girməyə icazə verir. Bu zaman içəri girənlərin işi vətəndaşların həyatı və ya onların əmlakını xilas etmək, onların şəxsi və ya ictimai təhlükəsizliyini təmin etməkdir.

Amma mənzilə icazəsiz girmək üçün səbəblər bununla bitmir: cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitini müəyyənləşdirmək üçün qapı dövlət nümayəndələrinin üzünə açıq olmalıdır.

Əgər bunların hər hansı biri baş verməyibsə, heç kəsin heç kəsi yaşayış sahəsindən çıxarmaq hüququ yoxdur və kommunal xidmətlərdən istifadə məhdudlaşdırıla bilməz.

MƏNZİL, YOXSA İŞ YERİ?

Ev yiyəsi evindən peşə fəaliyyəti məqsədilə yaralana bilər, bir şərtlə ki, qonşularının yaşayış hüququnu pozmasın. Amma şəxsi evdə sənaye istehsalı qanunla qadağandır.

Bundan başqa, vətəndaşa yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmək hüququ verilir. Çoxmənzilli binalarda yaşayanlar da bu hüquqdan istifadə edə bilər, amma bir şərtlə ki, ya mənzil birinci mərtəbədə yerləşsin, ya da mənzilin altındakı sahə qeyri-yaşayış sahəsi olsun.

Qeyri-yaşayış sahəsini də yaşayış sahəsi eləmək olar. Amma bunun üçün müvafiq icra strukturunun icazəsi və həmin yerin yaşamağa əlverişli olması lazımdır. Lazım olan sənədləri yığıb aidiyyətli quruma təqdim etdikdə 30 gün ərzində cavab verilməlidir.

EVƏ BAXARSAN, EV OLAR
BAXMASAN, NƏ OLAR?

Hər bir kəs yaşadığı evi və ya mənzili yenidən qura bilər. Bunun üçün müvafiq icra hakimiyyətindən razılıq almalıdır. Özbaşına yenidənqurma aparan şəxs bununla vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Mülkiyyətçi (binanın və ya mənzilin sahibindən söhbət gedir) ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək vəzifəsini daşıyır. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş mənzilin və ya binanın təmiri də mülkiyyətçinin öhdəsindədir. Özü də təmir işləri qısa müddət ərzində aparılmalıdır. Təmir mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Əgər mülkiyyətçi öz vəzifəsini icra etməsə, maraqlı şəxslər onu məhkəməyə verə bilər.

Mülkiyyətçi qəza vəziyyətində olan mənzilin və ya yaşayış binasının təmirini dərhal aparmasa və ya bundan imtina etsə, həmin mənzil və ya bina məhkəmənin qərarı ilə açıq hərracda təmiri həyata keçirən şəxsə satılacaq.

İşdi-şayəd, qəzalı vəziyyət təbii fəlakət ucbatından yaransa, onda təmir işləri müvafiq icra hakimiyyətinin hesabladığı və ayırdığı kompensasiya hesabına həyata keçirilə bilər.

Amma məhkəmə təsdiq eləsə ki, qəza vəziyyətində olan yaşayış binasının bərpası mümkün deyil, onda gərək bina sökülüb yenidən tikilə. Mülkiyyətçi bundan imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) açıq hərracda üç ay ərzində satılmadıqda dövlət həmin binanı almalıdır.

Bəs bu binada və ya qəzalı mənzildə yaşayanın taleyi necə olacaq?

Mənzil Məcəlləsində cavab var: Hökumət ya mənzili (ya binanı) dövlət ehtiyacları üçün müəyyən olunmuş qaydada alacaq, ya da sosial kirayə müqaviləsi əsasında sakinlərə başqa bir yaşayış sahəsində yer verəcək.

YAZILI XƏBƏRDARLIQ

Yaşayış sahəsinin altındakı torpaq hökumətə lazımdırsa, onda nəm-nüm eləməyib alqı-satqıya gərək razı olasan. Söhbət dövlət ehtiyacları üçün alınması zəruru sayılan sahələrdən gedir. Amma yeni Məcəllə mülkiyyətçinin mülkiyyət hüququnu tanıyır. Ona görə də aidiyyətli qurum mülkiyyətçiylə razılaşmalıdır, özü də artıq alqı-satqını tələm-tələsik aparmağa ixtiyarı yoxdur. Gərək bir il əvvəldən mülkiyyətiçini xəbərdar etsin. Özü də yazılı. Torpağını hökumətə satan şəxs alqı-satqı şərtlərindən razı qalmasa, məhkəməyə müraciət etmək hüququ var.

YAŞADIĞIN BİNAYA SAHİBLİK ELƏ

Mənzil Məcəlləsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri, yəni sakinlər binanın idarəolunmasında iştirak edə bilərlər. Hər hansı qərar səsvermə yoluyla verilir. Binanı ya sahə mülkiyyətçiləri özləri idarə edə bilərlər, ya da müştərək cəmiyyətə və ya ixtisaslaşmış istehlak kooperativinə tapşıra bilərlər. Əgər bir il ərzində idarəetmə üsulu seçilməsə və ya qərar icra edilməsə, onda ərazi bələdiyyəsi bu hüququ başqasına vermək üçün açıq müsabiqə keçirməlidir.

Sahə mülkiyyətçilərinə tanınan bu hüquq gələcəkdə el diliylə desək, «JEK»lərin ləğvinə gətirəcək. Binalararası sahəyə nəzarət isə yerli bələdiyyəyə veriləcək.

BƏLƏDİYYƏ İNDİ DƏ EV VERƏCƏK, AMMA YOXSULLARA

Artıq bələdiyyə də mənzil münasibətlərində səlahiyyət yiyəsi olur. Məsələn, bələdiyyə aztəminatlı ailələrə sosial kirayə müqavilələri əsasında mənzil verə biləcək. Ancaq gərək əvvəlcə bələdiyyənin mənzil fondu yaradılsın. Bu fonddakı mənzillərə cavabdehliyi də bələdiyyə daşıyacaq. Yəni onun istifadəyə və saxlanmasına, sanitariyasına, texniki normaya uyğunluğuna nəzarəti bələdiyyə həyata keçirəcək.

SOSİAL KİRAYƏNİŞİNLƏR KİMLƏRDİR?

Əgər ailə üzvlərinə adambaşına normadan az yaşayış sahəsi düşürsə, yeni qanun hesab eləyir ki, bu adamlar sosial müqavilə əsasında hökumətdən və ya bələdiyyədən mənzil götürə bilərlər.

Yaşamaq üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar da bu imtiyazdan yararlana bilərlər.

Bir neçə ailənin yaşadığı mənzildə xroniki xəstəlikdən əziyyət çəkən şəxs varsa və onun heç bir mülkiyyəti yoxdursa, hökumətin mərhəmət işığı onun da üzünə düşə bilər.

Sosial kirayə haqqı neçəyə olacaq? Bunu mülkiyyətçi müəyyənləşdirəcək.

KİRƏÇİNİN NƏİNKİ TOYUQ-CÜCƏSİ, KİRƏÇİSİ DƏ OLA BİLƏR


Daha kirəçinin toyuq-cücə saxlamasına ağız büzmək olmaz. Çünki qanun imkan verir ki, sosial kirayənişin kirəçi də saxlasın. Bunun üçün ailə üzvlərinin razılığı kifayətdir.

Amma nə kirəçinin, nə də sosial kirəyənişinin həmin mənzildən ömürlük istifadə etmək «sığorta»sı var. Mülkiyyətçi sosail müqavilə şərtlərini yerinə yetirməyən kirəçiylə sövdələşməni poza bilər.

MƏNZİL-TİKİNTİ KOPERATİVLƏRİ QAYIDA BİLƏR

Yeni Mənzil Məcəlləsində vətəndaşların bir araya gəlib lap sovet dövründə olduğu kimi, kooperativ bina tikmək hüquqları var. Necə deyərlər, torpağına qüvvət…

Kooperativ bina sahibləri də, digər sahə mülkiyyətçiləri də bir araya gəlib müştərək cəmiyyətlər yarada və öz problemləriylə bağlı birgə qərarlar qəbul edə bilərlər.
XS
SM
MD
LG