Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:40

«Dolma, Kamança, Eurovision müharibəsi davam edir»


«Azərbaycanla Ermənistan da öz bildikləri kimi döyüşürlər. Dolma, kamança, Eurovision müharibəsi davam edir»
«Azərbaycanla Ermənistan da öz bildikləri kimi döyüşürlər. Dolma, kamança, Eurovision müharibəsi davam edir»
Azərbaycan bloqosferasında bu həftə havalar gah tutqun, gah yağmurlu olub, arada günəş görünsə də arxasınca buludları gətirib. Səbəbini izah edim: dərs ili yaxınlaşdıqca bloq yazarlar da köhnələri xatırlamağa, yeni ideyalar üzərində düşündürməyə başlayıblar. Çox uzatmayım, keçək mətləbə.

«Dolma, Kamança, Eurovision müharibəsi davam edir»

Müstəqillik bilicisi olan bloqçu Doktor Ravikin son postlarından biri də məhz belə adlanır - «Müstəqillik haqda». (http://doktorravik.livejournal.com/) Sentyabrın 7-də gecə saatlarında ürəyini gündəliyinə boşaldan Ravik hər millətin bacardığı kimi yaşayıb müharibə etdiyini, sülh bağlayıb, sevib-nifrət etdiyini yazır. Azərbaycana gəlincə isə, burada insanların müstəqillik anlayışının divara dirəndiyini deyir:

«Azərbaycanla Ermənistan da öz bildikləri kimi döyüşürlər. Dolma, kamança, Eurovision müharibəsi davam edir. Adətən Azərbaycan idmançıları xaricdən yarışdan qayıdanda televiziyada onlardan soruşurlar: «Ən çətin döyüş kiminlə oldu?» Ömründə ilk dəfə kostyum geyinmiş idmançı aparıcı xanımın yubkasına ötəri nəzər salaraq boynunun quluncunu qırıb deyir: «Əlbəttə, erməni idmançısıyla. Ancaq axırda mən qalib gəldim!».

«Azərbaycanlı öz bədbəxtliyində əsas günahkarın özünün olduğunu etiraf edə bilmir...Deyilənə görə, rus gələnə qədər Bakıda bir dənə ağac yox idi. Rus getdi və bir–iki ildən sonra yenə Bakıda ağac qalmayacaq. Rusdan əvvəl Azərbaycanda məktəb, kitabxana yox idi, uzaq başı mollaxanalar var idi. Rus cəmi 20 ildir gedib, amma məktəblərin, kitabxanaların yerində ya mollaxana tikirlər, ya da qəhvəxana...»

Məktəbdə rüşvət, orduda «dedovşina»... bunları hamımız görə-görə gəlirik

Gənc bəstəkar Firudin Allahverdinin son postu heyvanlarla insanların psixoloji dilemması haqdadır.

«Tavtologiya da olsa «insanı heyvanlardan fərqləndirən cəhətlərdən biri də düşündüyünü ifadə etməkdir. Deməli, insan düşündüyünü ifadə etmirsə, heyvandan fərqlənmir» – deməyə çəkinməyən bloq yazarın fikridir bu və əlavə edir ki, «söz azadlığı olmayan ölkələri idarə edənlər insanların heyvan kimi yaşamasını istəyirlər».

Bloqçu bu yazısında əslində bir sualına cavab axtarır: görəsən Azərbaycanda «azad sözə» qiymət verənlərin sayı nə qədərdir?

Maraqlı gəldisə yazının davamını http://fallahverdi.blogspot.com/2009/09/16-sentyabr.html buradan oxumaq olar.

Neçə vaxtdır yenilənməsini gözlədiyim növbəti bloq məni təəssüfləndirdi. «Prezidentimiz» adını daşıyan bloq maraqlı yazılar vəd etsə də (http://prezidentimiz.azeriblog.com) sonuncu post mayın 14-də göndərilib. O da prezidentin Avropaya növbəti dəfə səfər etməsi barədə olub. Yəqin mayın 14-dən bu yana ölkədə maraqlı heç nə baş verməyib?!

Dərviş adlı bloq yazarı narahat edən məsələlər çoxdur. Hər bir azərbaycanlının xaricə 820 dollar borclu olduğundan tutmuş (http://dervish-y.livejournal.com/120175.html), müsəlman ölkələrdə heykələ olan sevgiyə qədər.

Dərviş soruşur ki, nəyə görə ölkələrin birində islam qaydalarına uyğun insan təsviri olan heykəllər götürülür, digərlərində isə bu baş vermir. Daha konkret desək yazar Qroznı ilə anladığınız kimi Azərbaycan şəhərlərinin müqayisəsini (http://dervish-y.livejournal.com/119904.html) aparır.

İnternetdə halal və haram


Din mövzusu Ramazan ayı olduğundan yəqin ki, bu günlər bloqçuların da diqqətindədir. Dərvişdən sonra Əli Novruzov da dindən danışmağa başlayıb. (http://alinovruzov.wordpress.com/2009/09/12/12halal/)

«Mən şanslıyam? Yox, mən halalam!» adlanan yazının başlığını görüb aldanmayın, bu dəfə söhbət nə halal kolbasadan, nə də halal qayda ilə kəsilmiş toyuqdan, maldan gedir. Yazı internetdə halal və haram yazıları fərqləndirən axtarış sistemindən gedir. Məncə maraqlıdır. Əli Novruzov bu arada bloqunun oxucularını internetin 40 yaşı münasibətilə təbrik də edib. (http://alinovruzov.wordpress.com/2009/09/03/03internet/)

Biz nə deyirik, bu təbriklərə qoşulur, «Bayramınız mübarək, internet istifadəçiləri!» deyirik. Sənsiz bir günümüz olmasın İNTERNET!
XS
SM
MD
LG