Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:34

Türkmən qazının Rusiyaya nəqlinin konkret vaxtı müəyyən edilməyib


İki dövlət başçısı Türkmənistan qazının Rusiyaya nəqlinin bərpasının konkret vaxtını müəyyən edə bilmədilər
İki dövlət başçısı Türkmənistan qazının Rusiyaya nəqlinin bərpasının konkret vaxtını müəyyən edə bilmədilər
Rusiya prezidenti Dmitri Medvedevlə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun görüşündən çox şey gözlənilirdi. Gözlənilirdi ki, bu görüş iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında və Türkmənistandan təbii qazın Rusiyaya nəqlinin bərpa edilməsində həlledici rol oynayacaq. Lakin iki dövlət başçısı Türkmənistan qazının Rusiyaya nəqlinin bərpasının konkret vaxtını müəyyən edə bilmədilər. Türkmənistandan Rusiyaya qaz nəqli aprel ayında boru kəmərində baş vermiş partlayışdan sonra dayanıb.

Görüşdə iştirak etmiş Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, Rusiya və Türkmənistanın qaz şirkətlərinin rəhbərləri qazın nəqlinin vaxtını və qiymət müzakirəsini yoluna qoymaq üçün tezliklə yenidən görüşəcəklər.

«TÜRKMƏNQAZ» «QAZPROM»LA ƏLAQƏLƏRİNİ DONDURACAQ

Bu arada verilən məlumatlara görə, Berdimuhammedov görüşdə Medvedevə bildirib ki, dövlət şirkəti olan «Türkmənqaz» aprel ayındakı partlayışa görə, «Qazprom»la əlaqələrini donduracaq. Medvedevsə bu görüşdən sonra jurnalistlərə deyib ki, danışıqlar ikitərəfli ticarət əməkdaşlığını daha da gücləndirməyə kömək edəcək:

«Böhrana baxmayaraq, bizim ticarət əməkdaşlığımız çox yaxşı inkişaf edir. Çünki ölkələrimiz arasında artan ticarət var. Halbuki, digər ölkələrdə bizim ticarətin azaldığı müşahidə olunur. İki ölkə arasında yüksək səviyyədə ticarət münasibətləri olduğundan deyə bilərik ki, əməkdaşlığımızın gələcəkdə də böyük potensialı var».

Türkmənistanın Rusiyanı türkmən qazını almağı dayandırmaqda ittiham etməsiylə bağlı iki ölkə arasındakı münasibətlər nisbətən pisləşib. Əslində, kəmərin partlayışı «Qazprom»un ixrac problemləriylə üzləşdiyi bir vaxta təsadüf etdi. Qlobal iqtisadi böhranla bağlı istər Avropada, istərsə də Rusiya daxilində qaza olan tələbat azaldığından «Qazprom» əvvəlki həcmdə qaz ixrac edə bilmirdi. Buna görə də Türkmənistanda partlayışın təsadüfi olmadığını düşünürlər.

Keçmiş Sovet İttifaqı ərazisində qaz kəmərlərində partlayış demək olar ki, adi haldır. Bunun da əsas səbəbi avadanlığın köhnə olmasıdır. Ancaq belə partlayışlar bir qayda olaraq bir həftə ərzində aradan qaldırılır.

TÜRKMƏNİSTANIN BÖYÜK VƏSAİTƏ EHTİYACI VAR

Türkmənistan qaz nəqlinin tezliklə bərpa olunmasını istəyir. Çünki neft və pambıqla yanaşı qaz da onun büdcə gəlirlərinin çox böyük hissəsini təşkil edir. Bəzi məlumatlara görə, hətta təbii qaz ixracından Türkmənistan bir ayda 1 milyard dollar gəlir əldə edir. Türkmənistan həm də öz qazını Çinə və Avropaya təklif etməklə Rusiyadan asılılığını azaltmaq istiqamətində müəyyən addımlar atır. Türkmənistan qazının bir hissəsini «Qazprom»un əsas rəqibi olan «Nabucco» boru kəməri ilə Avropaya nəql etmək istəyir.

Lakin «Nabucco» layihəsi üzrə yeni boru kəmərlərinin çəkilməsi üçün Türkmənistanın böyük vəsaitə ehtiyacı var. Bu vəsaiti əldə etməyin yolunu o hələlik qazının Rusiyaya nəqlini tezliklə bərpa etməkdə görür.
XS
SM
MD
LG