Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:43

Stalinin nəvəsi babasının müdafiəsinə qalxıb


Yevgeni Cuqaşvili
Yevgeni Cuqaşvili
63 yaşlı Leonid Jura Rusiyada Stalinin sürətlə sayı artan tərəfdarlarından biridir. O deyir ki, Stalinin SSRİ-yə rəhbərlik etdiyi illər bir qəhrəmanlıq epoxası idi. O zaman insanlıq tarixində ilk dəfə cəmiyyətdə ədalət prinsipləri bərqərar olmuşdu.

İndi onun dəvətilə Tbilisidən Moskvaya gedən Stalinin 73 yaşlı nəvəsi Yevgeni Cuqaşvili Rusiyadakı tanınmış liberal mətbuat orqanlarından olan «Novaya qazeta»nı məhkəməyə verib. Onlar deyirlər ki, qəzet bu yaxınlarda Stalin haqqında «o, sadə vətəndaşların qətlə yetirilməsi barədə qərarı şəxsən imzalayıb» yazmaqla «Böyük millət rəhbəri»nə şər atıb. Ona görə də 299 min dollar cərimə ödəməlidir.

Stalinin bəxtsiz övladı Yakovun oğlu olan Yevgeni Sovet və Rusiya hərbi-hava qüvvələrində polkovnik rütbəsində qulluq edib. İndi bu yaşlı adamı babasının müdafiəsinə qaldıranlar deyirlər ki, Stalin həyatda yoxdur. Ona görə də ünvanına deyilən iddialara cavab vermək üçün bir adam lazımdır.

Leonid Jura təkcə Rusiyada Stalinin tərəfini saxlamır. O, həm də xarici ölkələrdə keçmiş diktatorun müdafiəsinə çalışır. O, bu yaxınlarda Britaniyada çap olunan «Guardian» qəzetinə göndərdiyi məktubunda Stalinin diktatorluğu, onun minlərlə insanın ölümünə səbəb olması barədə deyilənlərin yalan olduğunu yazır. Qeyd edir ki, onun İkinci Dünya müharibəsinin başlanmasında, 1937-1938-ci illərdə minlərlə adamın, o cümlədən məşhur bolşeviklərin qətlə yetirilməsində əli olması haqda deyilənlər həqiqətə uyğun deyil.

«Siz Britaniyaya baxın. Osvald Moslini və 20 min Britaniya faşistini həbs etdiniz. Onları öz düşərgələrinizdə tibbi təcrübələrdə istifadə etdiniz», – deyə Jura yazır.

Rusiya kommunistləri Stalinin ölümünün 56-cı ildönümünü qeyd edirlər, 5 mart 2009
«Guardian» isə bu məsələyə həsr olunan məqaləsində yazır ki, indi Rusiyada Stalini müdafiə edənlər təkcə yaşlı nəslin sovet nostalgiyası ilə yaşayan nümayəndələri deyil. Putin-Medvedev cütlüyünün idarə etdiyi bu sistemdə Stalinə haqq qazandırmaq kampaniyasına başlanıb. Hətta orta məktəb dərsliklərində onu bir qədər səhvləri olan, amma nasistləri məğlub edən böyük lider kimi tanıdırlar.

Keçən il Rusiyanın tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyənləşdirmək üçün keçirilən sorğuda ruslar Stalinin adını üçüncü sırada çəkmişdilər.

Rusiya tarixçisi Vladimir Rıjkov hesab edir ki, hakimiyyət Stalinə rəğbət yaratmaqla əslində, öz idarəetmə modelinə haqq qazandırmaq niyyətindədir.

Hər necə olsa da, indi Rusiyada Stalin mübahisəsi məhkəmədədir. Hakimiyyətin Stalinə münasibəti məhkəmənin qərarında nə qədər əksini tapacaq, onu bəri başdan söyləmək çətindir.

«Guardian» yazır ki, məhkəmədə iddia qaldıran 73 yaşlı Yevgeni Cuqaşvili Stalinin elə də sevimli nəvəsi olmayıb.

Yevgeni Stalinin almanlara əsir düşmüş övladı Yakovun oğludur. Stalinin də bu oğluna münasibəti çoxlarına məlumdur. O, atasının soyuq münasibətinə dözməyərək bir dəfə özünə qəsd etsə də, sağ qalmışdı. Bundan sonra isə müharibədə almanlara əsir düşdü. Hitler onu Sovet əsirliyində olan marşal Fridrix fon Paulyusa dəyişmək istəsə də, Stalin bundan imtina etmişdi.

Yevgeni və Qalina adlı iki övladı olan Yakov 1943-cü ildə Almaniyanın əsir düşərgələrindən birində vəfat edib.
XS
SM
MD
LG