Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

ABU-da tələbələrə xəbərdarlıq edilib


ABU Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204 saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb
ABU Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204 saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb
Beynəlxalq Universitetin tələbələrinə bir illik təhsil haqqının tam ödənilməsilə bağlı xəbərdarlıq edilib. Tələbələrin AzadlıqRadiosuna dediyinə görə, indiyə qədər onlar illik təhsil haqqını iki dəfəyə ödəyiblər. Amma iki gün əvvəl tələbələri yığıb deyiblər ki, təhsil haqqını oktyabrın 1-nə kimi tam ödəməyənlər universitetə buraxılmayacaq.

«İndi ödəyə biləcəksinizmi? Xeyir, heç fikirləşmirlər ki, tələbə bu pulu hardan ödəyəcək, necə ödəyəcək elə qarşılarına məqsəd qoyublar ki, tələbələrə xəbərdarlıq etməklə bu işi həll eləsinlər».

Tələbələrin sözlərinə görə, ola bilər bu il universitetə tələbə qəbulu dayandırıldığından rəhbərlik tələbələrin universiteti tərk etməsinin qarşısını bu cür almaq istəyir. Tələbələr deyirlər ki, problem təkcə təhsil haqqının ödənilməsilə bağlı deyil, ümumiyyətlə son vaxtlar universitetlə bağlı yuxarılarda hansısa proseslər gedir:

«SON MƏQAMDA ZƏRƏRÇƏKƏN TƏLƏBƏLƏR OLACAQ»

«Tamam bizim bilmədiyimiz fikirlərdir. Amma onu bilirik ki, Təhsil Nazirliyi ilə universitet rəhbərliyi arasında hansısa problemlər yaşanır. Bizə də maraqlı gəlir ki, bu qədər tələbənin təhsil aldığı universiteti niyə bu günə qoyurlar. Biri deyir bağlanacaq, biri deyir təhsil haqqıyla bağlı problem var».

Tələbələr indiyə qədər fəaliyyəti dayandırılan özəl universitetlərlə bağlı nümunələri sadalayaraq bu proseslərdə yenə də onlara zərbə dəyəcəyini deyirlər:

«Son məqamda zərərçəkən tələbələr olacaq. Bizə deyirlər üç il müddətinə universitet bağlanacaq. Əgər problem olacaqsa, onda niyə biz təhsil haqqı ödəyək, niyə valideynlərimiz əziyyət çəkib bizi oxutsunlar».

Tələbələr deyirlər ki, elə indiki prosesə oxşar hadisələrdən sonra Müstəqil Azərbaycan Universitetinin fəaliyyəti dayandırıldı və hələ də təhsili yarımçıq qalan tələbələrin səsinə səs verən yoxdur. Tələbələrin təhsil hüquqlarının bərpası yönündə keçirdikləri etiraz aksiyaları,
Universitetin mətbuat xidmətinin rəhbəri Abbas Rüstəmov
Təhsil Nazirliyi və universitet rəhbərliyin hər bir tələbəyə 10 min manat ödənilməsi ilə bağlı iddiası Binəqədi rayon Məhkəməsi tərəfindən rədd olundu.

Beynəlxalq Universitetin tələbələri bu aqibəti yaşamaq istəmədiklərini deyirlər.

UNİVERSİTET MALİYYƏ PROBLEMİLƏ ÜZLƏŞİB

Universitetin mətbuat xidmətinin rəhbəri Abbas Rüstəmov tələbələrə təhsil haqqının ödənilməsilə bağlı xəbərdarlıq edilməsini təsdiqləyir. O bunun universitetin üzləşdiyi maliyyə problemilə bağlı olduğunu deyir.

Abbas Rüstəmova görə, tələbələrlə universitet arasındakı müqavilədə göstərilir ki, təhsil haqqı dərs ilinin əvvəlində ödənilməlidir.
-Sadəcə olaraq ödənməlidir, oktyabrın 1-ə kimi tələbələr bir illik təhsil haqqını ödəməlidirlər.
-Bəs həmin müddətə ödəməsələr nə olacaq?
-Bu barədə dəqiq bir şey deyə bilmərəm.
-Bəs indiyə qədər necə idi?
-İndiyə qədər bir illik də ödənilib, altı aylıq da.

UNİVERSİTETLƏ TƏHSİL NAZİRLİYİ ARASINDA PROBLEM


Beynəlxalq Universitetlə bağlı problem təkcə tələbələrin təhsil haqqının ödənməsində deyil. Adı çəkilən universitetlə Təhsil Nazirliyi arasında xeyli vaxtdır ki, problemlər var. Misir Mərdanov bu universitetə tələbə qəbulunun dayandırılmasını adı çəkilən təhsil müəssisəsində gedən proses və hadisələrlə bağlı olduğunu deyir. Nazirə görə, universitet baş verənlərdən nəticə çıxarsa və cəmiyyət arasında imicini dəyişsə, növbəti il bu universitetə tələbə qəbulu bərpa edilə bilər.

ABU-nun mətbuat xidmətinin rəhbəri Abbas Rüstəmov deyir universitetdə heç bir problem yoxdur, əgər nazirlik problemlərdən danışırsa qoy həmin problemlərin nədən ibarət olduğuna da özü aydınlıq gətirsin.

Təhsil Nazirliyi bildirir ki, ABU-da təhsil alan 400-ə yaxın tələbənin şəxsi işləri qaydasında olmayıb. Həmin tələbələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı olmadan universitetə qəbul olunublar. Bundan başqa imtahan kəsirləri olan və istehsalat təcrübəsi keçməyən tələbələrə qiymət yazılaraq dövlət imtahanına buraxılıblar.

ABU-YLA BAĞLI ŞÜBHƏLİ GÖRÜNƏN NƏDİR?

Beynəlxalq Universitet ətrafındakı problemlərdən «Tələbələrin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyi də narahatdır. Birliyin bir neçə gün əvvəl yaydığı bəyanatda deyilir ki, universitetdə baş verənlərlə bağlı 2006-cı ildə Baş Prokurorluqda açılmış cinayət işi hələ də yekunlaşmayıb.

Beynəlxalq Universitetlə bağlı problem təkcə tələbələrin təhsil haqqının ödənməsində deyil
Bəyanatda deyilir ki, dörd il ərzində ABU-ya ayrılan qəbul planına görə, bu ali məktəbdə 1250 tələbə təhsil almalıdır. Amma reallıqda universitetdə 15 mindən artıq tələbənin təhsil aldığını diqqətə çatdıran qurum hesab edir ki, bu qədər fərqin müvafiq dövlət qurumlarının, o cümlədən Təhsil Nazirliyinin diqqətindən yayınması şübhəli görünür.

Universitetin mətbuat xidmətinin rəhbəri Abbas Rüstəmov isə hazırda universitetdə 15 yox, 5 minə yaxın tələbənin təhsil aldığını bildirir. Amma o testdən kənar Universitetdə nə qədər tələbənin təhsil almasından xəbərsiz olduğunu deyir.

Əldə etdiyimiz məlumatlara görə, Beynəlxalq Universitetin 1600-dən çox məzunu hələ də diplomunu ala bilmir. Amma universitetdə deyirlər ki, bu problem yavaş-yavaş həll edilməkdədir.

ABU-yla bağlı bir məsələ də rektorunun ölkəni tərk etməsilə bağlıdır. Tələbələr dərs açılandan rektoru görmədiklərini bildirdilər. Amma Universitetin mətbuat xidmətinin rəhbəri Abbas Rüstəmov deyir ki, rektor Elşad Abdullayev iş başındadır və o heç yerə getməyib.

ABU Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204 saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu alıb.
XS
SM
MD
LG