Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

Universitetlər necə mühafizə edilir?


Dövlət Neft Akademiyasındakı qanlı terror nəticəsində 12 nəfər müəllim və tələbə öldürülmüşdü
Dövlət Neft Akademiyasındakı qanlı terror nəticəsində 12 nəfər müəllim və tələbə öldürülmüşdü
«Azadlıq»: Yəqin ki, hər birinizin yadındadır, bir neçə ay bundan öncə Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror baş vermişdi. Mütəxəssislər bunu daha çox universitet(lər)də mühafizə xidmətinin zəif olması, ümumiyyətlə ali və orta məktəbin qapısından içəri daxil olan kənar şəxslərə fikir verilməməsi ilə əlaqələndirirdi. Artıq 3-4 gündür yeni tədris ili qapımızı döyəcləyib. Fikirləşdik görək məlum olaydan sonra universitetlərdə mühafizə xidməti necə təşkil olunur. İlk olaraq yolumuzu ölkənin ən böyük universitetlərindən olan Bakı Dövlət Universitetinə (BDU) tərəf saldıq.

Universitetin qarşısında insan izdihamı adamı valeh edir. Küçə qapısından çox rahatca içəri keçirik. Heç bir maneəyə rast gəlmədən universitetin korpuslarını dolaşmağa başlayırıq. İkinci korpusun beşinci mərtəbəsində yerləşən jurnalistika fakültəsinə baş çəkməyi də unutmuruq. Dostlarımızla hal-əhval tutub, bir-bir otaqlara baxırıq.

BDU-nu tərk edib, İnşaat və Memarlıq Universitetinə gedirik. Burada da bizi qarşılayan olmur. Rahat şəkildə universitetin həyətində var-gəl edirik. Məlum olur ki, məktəbin mühafizə xidməti günorta yeməyinə gedib.

Memarlıq və İnşaat Universitetinin yaxınlığında yerləşən Texniki Universitetə daxil oluruq. Burada isə bir az ciddilik gözə dəyir. Qapını kəsdirmiş polis işçisi bizim içəriyə daxil olmağımıza mane olmaq istəyir. Amma mane ola bilmir. Dərs ili təzə başladığı üçün tələbə biletini hələ almadığımızı mühafizəçiyə bildirib universitetin həyətinə daxil oluruq. Burada da bir az var-gəl edirik.

Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) üz tutmağı da unutmuruq. Necə də olsa, məlum olaydan sonra rəsmilər deyirlər ki, mühafizə xidməti gücləndirilib. Biz də bunun şahidi olmaq üçün getdik. Sadəcə bizə fotoaparatımız mane oldu. Əgər fotoaparatımız üstümüzdə olmasaydı, çoxları kimi içəri daxil olardıq.

Bax belə. Universitetlərdəki mühafizə xidmətilə işimizi yekunlaşdırırıq. Mühafizə xidmətinin bərbad olması ADNA-dakı məlum olayların təkrarlanmasına rəvac verə bilər. Allah bizi bu bəlalardan qorusun…

«Bizim yol»: «Azərbaycan çoxdan özünün qərbyönlü siyasətini aparır. Bizim bütün milli sərvətlərimiz Qərblə işlənilir. O ki, qaldı Ermənistanın gələcəyinə, hesab edirəm ki, bu başqa söhbətin mövzusudur. Sözsüz ki, Rusiya çökəndən sonra Ermənistan Azərbaycanla müqayisədə cırtdan bir dövlətə çevriləcək. Ona görə ki, Ermənistanın nə Azərbaycan kimi güclü iqtisadiyyatı, nə də sərvətləri var. İnsan faktoru baxımından da biz ermənilərdən xeyli çoxuq. Rusiyanın quberniyasından çıxandan sonra Ermənistan regionun balaca, normal bir dövləti olacaq».

Bu fikri qəzetə müsahibəsində politoloq Vəfa Quluzadə deyib.

«Yeni Müsavat»: «Əsrin müqaviləsi»nin imzalanmasından 15 il keçir. Bu çoxmilyardlıq layihə üzrə neft-qaz satışı xalqın həyatını yaxşılaşdırdımı?

Sualla müraciət etdiyimiz Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, müqavilə Azərbaycana küllü miqdarda neft pulları ilə yanaşı, inhisarçılıq, korrupsiya və rüşvətxorluq da gətirdi.

«Əsrin müqaviləsi»ni Rusiya və İranın təzyiqlərinin azaldılması, bəzi ölkələrin Azərbaycanda maraqlarının təmin edilməsi və siyasi divident əldə olunması baxımından önəmli sayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyev müqavilənin bağlanması ərəfəsində xeyli ümidlərin olduğunu, amma onların özünü doğrultmadığını dedi.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 15 il öncə Rusiya ilə İranın müqavilənin bağlanmasına qısqanclıqla yanaşdığını, Azərbaycanda qətl hadisələrinin törədildiyini xatırlatdı: «Bu müqavilə sayəsində dövlət müstəqilliyimizin möhkəmlənməsi, Qərbə inteqrasiya, neft pullarının axması nəticəsində ölkənin iqtisadi intibahına imkanlar açıldı».

«Yeni Azərbaycan»: «YAP-çı qadınlar bələdiyyə seçkilərində fəal iştirak edəcək». Bunu hakim partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyir:

«İstərdik ki, YAP üzvü olan qadınlar qarşıdan gələn seçkilərdə fəal iştirak etsinlər və namizədliyini irəli sürsünlər. Fikrimcə, onlar respublikanın bütün bölgələrində əhalinin yerli problemlərinin həlli ilə məşğul olmaq iqtidarındadırlar. Dahilərin dediyi kimi, qadın olan yerdə ədalət də var. Bu gün YAP üzvlərinin 41 faizini qadınlar təşkil edir. Bu, kifayət qədər yüksək göstəricidir və qadınlarımız bələdiyyə seçkilərində də fəal rol oynamaq gücündədirlər».
XS
SM
MD
LG