Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:41

«Biz bilmirik bura rəssamlar evidir, yoxsa bazar»


«XXI»əsr Təhsil Mərkəzi tikənlər indi binanın qarşısındakı boş yerdə əlavə korpus tikməkdədirlər
«XXI»əsr Təhsil Mərkəzi tikənlər indi binanın qarşısındakı boş yerdə əlavə korpus tikməkdədirlər
Həyətlərində aparılan tikinti işlərinə belə bir ritorik sualla etirazını bildirən kinorejissor Nicat Feyzullayevdir. İnşaatçılar prospekti 28 ünvanda yerləşən və «Rəssamlar evi» kimi tanınan binanın düz qarşısında gecə-gündüz davam edən tikintiyə etiraz edən tək o deyil, binada yaşayan heykəltəraşlar, rəssamlar da qoşulub.

Sakinlər deyirlər ki, məhəllədəki yaşıllıqları bir-neçə mərhələdə kəsib yerində «XXI»əsr Təhsil Mərkəzi tikənlər indi binanın qarşısındakı boş yerdə əlavə korpus tikməkdədirlər:

«Bizi aldatdılar, dedilər burda uşaqlar üçün birmərtəbəli qalereya tikilir. Amma gördük ki, yavaş-yavaş tikinti işləri aparıldı və oldu 6 mərtəbəli məktəb. İndi də təzədən genişləndirirlər. Neçə ildir bu məktəb tikilib, amma hər il gah o tərəfə, gah bu tərəfə genişləndirirlər. Yayda rahatlıq yoxdur, böyük beton maşınları gəlir, səs-küy salır. Özü də istirahət günü bilmədən səhər saat 7-dən başlayırlar axşama qədər».

Tikintinin dayandırlmasıyla bağlı çoxsaylı müraciətlərə hər hansı cavab almayan rəssamlar sonda məsələni özləri həll etmək qərarına gəliblər.

BAĞ SALANLARI BAĞA BURAXMIRLAR…

Belə ki sentyabrın 19-da onlar öz maşınları ilə həyətə və tikintiyə gedən yolu bağlayaraq işin davam etdirilməsinə etiraz ediblər. İş bir müddət dayandırılsa da, sonradan əraziyə polis çağırılıb və yol açılıb.

«XXI»əsr Təhsil Mərkəzi
Kinorejissor Nicat Feyzullayev deyir ki, onlar səs-küydən evlərində otura, işlə məşğul ola bilmirlər. Bundan başqa dərs günləri məktəbə gələn bütün avtomobillər binanın darısqal həyətindən dayanacaq kimi istifadə edirlər:

«Bax bu bağı biz salmışıq, amma nə özümüzü, nə bizim uşaqlarımızı oynamağa həmin bağa buraxmırlar. Bundan əlavə bura məktəbə 200 uşaq gəlir onların dərsə aparıb gətirən 200 maşın gəlir, biz blokdan çıxa bilmirik».

BİZİM TİKİNTİDƏN BAKI MERİYASI DA, YASAMAL RAYON İCRA HAKİMİYYƏTİ XƏBƏRDARDIRLAR


Amma tikinti işlərini aparan şirkətin baş meneceri Nadir Sultanov sakinlərin narazılıqlarını əsassız, yol bağlamalarını isə qanunsuz hesab edir. Nadir Sultanov deyir ki, onların əlavə tikdiyi korpus uşaq bağçasıdır və bunun tikintisindən Bakı meriyası da, Yasamal rayon icra hakimiyyəti xəbərdardırlar. Bir sözlə tikinti işləri rəsmi qurumların razılığı əsasında aparılır.

Baş menecerin sözlərinə görə, onlar hər hansı qanunsuz bir iş görməyiblər. Sadəcə indiyə qədər fəaliyyət göstərən iki mərtəbəli uşaq bağçasının üstündə daha bir mərtəbə ucaldırlar. Əlavə korpusun tikilməsilə bağlı sakinlərin narazılığına gəlincə, baş menecer deyir ki, vaxtilə Heydər Əliyevin rəssam Lətif Kərimova qaraj tikmək üçün verdiyi yeri razılıq əsasında alıb həmin ərazidə də tikinti işləri aparırlar.
«Rəssamlar evi»
Amma sakinlər deyirlər ki, əgər tikinti işləri rəsmi sənədlər əsasında aparılsaydı, həmin sənəd onlara çoxdan göstərilərdilər və onlar da bu işə narazılıq etməzdilər.

«Bizə sənədləri göstərsinlər görək hansı sənədlə tikirlər, doğurdan da rəsmi razılıq varsa biz bilək».

Mən də baş menecerdən tikintinin aparılmasına verilən rəsmi sənədlərlə tanış olmaq istəyimi bildirdim. Amma baş menecer Nadir Sultanov iş günü olmadığından həmin sənədləri göstərə bilməyəcəyini dedi.

Sakinlər binanın həyətində aparılan tikinti işlərinin qanunsuz hesab edərək prezidentə, Heydər Əliyev Fonduna, Yasamal rayon prokurorluğuna müraciət ediblər. Həmsöhbətim Nicat Feyzullayev deyir ki, onlar ümid edirlər ki, iş günləri müraciətlərinə cavab veriləcək.

RƏSSAMLARIN ETİRAZ ŞLAQBAUMU

Rəsmilərdən cavab gələnə qədər sakinlər hələ ki özləri müəyyən addımlar atmaq qərarına gəliblər. Belə ki həm tikintinin dayandırılmasını, həm də həyətə kənar maşınların girməsinin qarşısını almaq üçün «rəssamlar binası»nın sakinləri binanın həyətinə girişdə şlaqbaum quraşdırılmasına qərar veriblər. Mən «rəssamlar binası»nın qarşısında olanda şlaqbaumu quraşdıran şirkət nümayəndələri işi təhvil verib getmək istəyəndə məlum oldu ki,
«Rəssamlar binası»nın qarşısında şlaqbaum
təmsil olunduqları AZEN Şirkətinin rəhbərliyi işi dayandırmaq göstərişi verib. Bu xəbər sakinlərin etirazına səbəb oldu:

«Bu bizim həyətdir, sizə kim dedi işi dayandırın, sizə biz pul vermişik ki, gəlin şlaqbaum quraşdırın.

- Bilmirəm bizə dedilər işi dayandırın, biz də dayandırırıq. Bizə direktorumuz dedi işi dayandırın. Siz məsələni həll edin, bizə deyilsə quraşdırın, biz quraşdırasıyıq.

- Tamamilə qanuni olan şlaqbaum qoyuruq, aşağı məktəbindir, bizim binanın həyəti də onundur bəyəm».

Bayram günü olduğundan Yasamal Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilmədik.

Bu rayonda bir qrup alim də mənzil problemi yaşamaqdadır. Rayon icra hakimiyyəti metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz «alimlərin binası»nın sakinləri xəbərdarlıq edib ki, bina qəzalı vəziyyətdədir, mənzilləri boşaltsınlar. Alimlərsə binanın yerinin hansısa oliqarxa satıldığını iddia edirlər.
XS
SM
MD
LG