Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

Sarkisyanı nə danışdırıb, əgər danışıbsa...


Serj Sarkisyan
Serj Sarkisyan
Ermənistanın Prezident Adminstrasiyası dövlət başçısı Serj Sarkisyanın «Moskovski Komsomolets»ə müsahibə verdiyini, qəzet də öz növbəsində belə bir müsahibənin alındığını təkzib eləyir.

MÜSAHİBƏ «MOSKOVSKİ KOMSOMOLETS»İN VEB SAYTINDAN YIĞIŞDIRILIB

Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı mövqeyini əks etdirən yazı sentyabrın 20-də «eksklüziv müsahibə» adı altında dərc olunub. Müsahibədə Sarkisyan Dağlıq Qarabağ danışıqlarının baş tutması üçün Azərbaycana üç şərt irəli sürür: Qarabağ Azərbaycanın tərkib hissəsi olmamalıdır, Qarabağın müstəqilliyi siyasi səviyyədə etiraf olunmalıdır və müstəqil Qarabağın Yerevanla təhlükəsiz quru kommunikasiyası olmalıdır.

Sarkisyan deyib ki, əgər bu üç şərt yerinə yetirilsə, ola bilər, biz dialoqa hazır olarıq.

Bu müsahibənin səsi az qala iki gün sonra çıxıb: Ermənistan rəhbərliyi belə bir müsahibənin olmadığını bildirib. Müəllif Yekaterina Sajneva isə öz yazısında müsahibəni «qalstuksuz» mühitdə aldığına işarə vurmuşdu. Bu müsahibəni Rusiyanın əksər xəbər saytları yayımlamışdı.

İndi həmin müsahibəni tapmaq müşküldür, çünki «Moskovski Komsomolets»in veb saytından yığışdırılıb.

Lenta.ru-nun yazdığına görə, Ermənistan Prezident Aparatından onlara müəllif Sajnevanın ölkə başçısı Sarkisyanla «Rus dili günü»ndə görüşdüyünü təsdiqləyirlər, amma bildirilir ki, belə bir müsahibə olmayıb və Sarkisyanın fikirləri təhrif edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Ermənistan prezidenti adından yayılan bu mövqe bir jurnalist səhvidirmi?
Vəfa Quluzadə
Əgər səhvdirsə, niyə az qala iki gün sonra qəzet üzr istədi?

«ABŞ ADMİNSTRASİYASINDAN ERMƏNİSTANA SƏRT MÜNASİBƏT GÖSTƏRİLİB»


Politoloq Vəfa Quluzadə deyir ki, o, Serj Sarkisyanın Rusiya televiziyalarının birində iki dəfə yayımlanan müsahibəsini dinləyib:

- O, müsahibəsində açıq-aşkar dedi ki, məsələ referendumla həll olunsa, Azərbaycan qaçqınları qayıda bilməz. Əvvəl Dağlıq Qarabağın müstəqilliyi əldə edilir, sonra qaçqınlar qayıda bilər. Məsələn, dedi ki, Türkiyə sərhədləri qeyd-şərtsiz açmalıdır. Belə danışıq olmayıb ki, əvvəl biz rayon boşaldaq, ondan sonra Türkiyə sərhədləri açsın.

Vəfa Quluzadə iddia edir ki, o, Sarkisyanın «Moskovski Komsomolets»dəki fikirlərini onun dilindən eşidib, sadəcə, qəzet təkrar vərəqlənməsi mümkün KİV vasitəsidir və görünür, bu müsahibə üçün ABŞ adminstrasiyasından Ermənistan hakimiyyətinə sərt münasibət göstərilib, onlar da təcili təkzib barədə düşünüblər.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə isə, Ermənistan prezidenti düşündüklərini söyləyib, ancaq bunun mətbuata çıxacağını hesablamayıb:

- Ermənistan prezidenti jurnalistlərlə söhbətində öz düşüncələrini söyləyib, hansı ki, rəsmi tədbirlərdə bu cür bəyanatlarla çıxış etmək olmaz.
Elxan Şahinoğlu
Müxbir də bunu müsahibə hesab eləyib qəzetə yazıb. Mən bunu təsadüfi qiymətləndirirəm.

«MÜXBİRLƏ PREZİDENTİN HANSI QEYRİ-FORMAL SÖHBƏTİ OLA BİLƏR?»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə təkzibin iki gün sonra gəlməsinə diqqət çəkir. Deyir ki, əgər müsahibə saxta olsaydı, reaksiya dərhal gəlməliydi. Bir halda ki, reaksiya gecikib, deməli, qəzetə və jurnalistə ciddi təzyiq olub:

- Çünki burda səslənmiş fikirlər son vaxtlar başlamış proseslərə ciddi zərbə vura bilər.

Bəs, müxbirin prezident və ya hökumətin yüksək vəzifəli şəxsləriylə qeyri-formal söhbətini mətbuata çıxarması jurnalist etikasına ziddirmi?

Arif Əliyev:

- Mən təsəvvür eləmirəm ki, bir rəsmi tədbirə gəlmiş müxbirlə prezidentin hansı qeyri-formal söhbəti ola bilər? Onlar yəqin bir yerdə yeyib-içən adamlar deyillər. Ümumiyyətlə, prezidentin qeyri-formal şəraitdə söylədiyi fikirlər də media üçün maraqlıdır. Hətta belə fikirlər də var ki, prezident yatanda da prezidentdir.

Qayıdaq sonradan Sarkisyan adminstrasiyasının və qəzetin təkzib etdiyi fikirlərə, politoloq Vəfa Quluzadə deyir ki, əslində, bu sözlər Azərbaycan hakimiyyətinin sülh danışıqlarına yolunu kəsir və Madrid prinsiplərini artıq şübhə altına qoyur. Politoloq hesab eləyir ki, əslində, Türkiyə-Ermənistan sərhədlərinin açılması kontekstində cərəyan edən proseslər heç də Rusiyanın ürəyincə deyil. Onun fikrincə, Sarkisyanı danışdıran da «böyük qardaş»ın barmağıdır.
XS
SM
MD
LG