Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:36

Ermənistan ilə sərhəd məsələsi


Ermənistan-Türkiyə yaxınlaşmasına etiraz edən Daşnaksütun partiyasının etiraz aksiyası, Yerevan, 15 sentyabr 2009
Ermənistan-Türkiyə yaxınlaşmasına etiraz edən Daşnaksütun partiyasının etiraz aksiyası, Yerevan, 15 sentyabr 2009
Ermənistan prezidenti Serj Sarkisyanın gələn həftə diasporanı dilə tutmaq üçün səfərə çıxacağına dair xəbəri eşidən kimi, onun işinin daha çətin olduğunu düşündüm. Diasporanın yazdıqlarını yaxından izləyirəm. Diaspora ayağa qalxıb. Onlar Ermənistan iqtidarını erməni xalqının tarixi mübarizəsinə satmaqla günahlandırırlar.

Diasporadakılar Türkiyə ilə imzalanacaq olan «Diplomatik münasibətlərin yaradılmasına dair Protokol layihəsi» ilə «Münasibətlərin inkişaf etdirilməsinə dair Protokol layihəsini» tam bir təslimçilik sənədi kimi şərh edirlər. Türkiyədə də müxalifətin çox tənqid etdiyi nöqtələrdən biri bu məsələdir. Diaspora Protokolda Qars sazişinə istinad edildiyinə görə qiyamət qoparır: Türkiyədə isə müxalifət Qars sazişindən açıq şəkildə bəhs edilmədiyinə görə Protokola qarşı çıxır.

Qars sazişinə istinad edilməməsi Türkiyənin Ermənistanla sərhədlərini müəyyənləşdirən Qars sazişindən vaz keçməsi mənasını daşıyırmı? Daha doğrusu, Protokolda Qars sazişinə həqiqətən heç bir istinad yoxdurmu? Ermənistanla diplomatik münasibətlər yaradılmasına dair Protokol layihəsində «İki ölkə arasındakı mövcud sərhədin beynəlxalq hüquqa uyğun imzalanan əlaqədar sazişlərdə qeyd edildiyi kimi qarşılıqlı şəkildə tanınacağı» - maddəsi var. İki ölkə arasındakı sərhədləri müəyyənləşdirən Qars sazişindən başqa saziş olmadığına görə, Protokolda başqa bir sazişə istinad edilmədiyi də açıq-aşkardır. Başqa bir tənqid nöqtəsi də - Türkiyənin Naxçıvan bölgəsi üzərindəki qarantını müəyyənləşdirən Moskva sazişinin aşındırılması məsələsidir. Burada da Türkiyənin qarantlığı haqqının zəifləyəcəyi irəli sürülür. Bu tənqid də həqiqətə uyğun deyil-çünki Protokol Qars sazişinə istinad edir və bu sazişdə də qəbul edilən və vurğulanan Moskva sazişi də xatırlanılır.

13 oktyabr 1921-ci ildə imzalanan Qars sazişi Ermənistanın sadəcə Türkiyə ilə sərhədlərini müəyyənləşdirmir - Gürcüstan və Azərbaycan sərhədlərini də özündə ehtiva edir. Ermənistanın təktərəfli şəkildə bu sazişi sona çatdırması beynəlxalq hüquqa da uyğun deyildir (Vyana sazişlər hüququ konvensiyasına görə, dövlətlər arasındakı sərhədi müəyyənləşdirən bir sazişin təktərəfli sona çatdırılması mümkün deyildir).

Bir halda ki, Türkiyə ilə Ermənistan arasındakı Protokolda bu sazişə işarə edilir-onda bu niyə açıq-aşkar yazılmır? Məncə, bunun əsas səbəbi - Ermənistan hökumətinin işini asanlaşdırmaqdır. Çünki Qars sazişi, eyni zamanda, Azərbaycan ilə sərhədi müəyyənləşdirdiyinə görə, bunun Protokola yazılması Qarabağ məsələsində Ermənistan hökumətinin güzəştə getməsi şəklində şərh edilə bilər. Bu da Ermənistan ictimaiyyətində daxili müzakirə obyektinə çevrilə bilər. Bu nöqtədə Türkiyənin Ermənistan hökumətinin həssaslığına uyğun şəkildə çözüm qəbul etməsi təbiidir. Ancaq çox böhranlı bir prosesi təxribatlara icazə verməyəcək şəkildə idarə etmə anlayışının Qarabağ problemi həll edilmədən Ermənistan sərhədinin açılmayacağı mənasını daşıdığı açıq-aşkardır. Buna görə də Protokolda Qarabağ məsələsinə istinad edilməməsiylə bağlı tənqid də realist deyildir.

Ermənistanla Azərbaycan arasında davam edən bir problemin bu Protokolda ön plana çıxarılması düşünülə bilərmi? Bunun üçün təkid etmək-bəri başdan prosesə zərbə vurmaq deyil-nədir? Məncə, Türkiyənin mövqeyi açıq-aşkardır. Bu Protokol imzalansa və hətta hər iki ölkənin parlamentində təsdiq edilsə belə, Qarabağ məsələsində hər iki tərəfi razı salacaq bir çözüm yolu tapılmadan sərhədin açılması çətindir.

Bir şeyi də xatırlatmaq istəyirəm: 10 ildən çoxdur ki, Qarabağ müzakirələri unudulduğu halda, 2 ildən bəri məsələ yenidən dünyanın gündəliyinə yerləşdi.

Bu prosesdə Türkiyə ilə Ermənistan arasında 2 il qabaq gizli müzakirələrlə başlayan yaxınlaşmanın heç təsiri yoxdurmu?
XS
SM
MD
LG