Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:36

İran şahının neft strategiyası necə iflasa uğradı


Sonuncu İran Şahı Məhəmməd Rza Pəhləvi həyat yoldaşı Fərəh Pəhləvi ilə. 1977
Sonuncu İran Şahı Məhəmməd Rza Pəhləvi həyat yoldaşı Fərəh Pəhləvi ilə. 1977

►"Neft pulları ilə tarixçilərə və sosioloqlara məlum olmayan yeni bir sinif yaranır: Petroburjuaziya.

Petro burjuaziya heç nə istehsal etmir, amma hüdudsuz ölçülərdə istehlak edir."

"Tehranda göz qamaşdıran möhtəşəm villalar itkilir. Onlardan bəzilərinin qiyməti bir milyon dollardan bahadır...

Belə villalar sıravi iranlıların sığındığı, işığın, içməli suyun olmadığı darısqal daxmalardan bir neçə küçə aralıda yerləşir."


Polyak jurnalisti bu romanı 31 il qabaq İran haqda yazıb, amma kitabın bəzi bölümləri Azərbaycanı xatırladır.

Rişard Kapuçinski (1932-2007) tanınmış polyak jurnalistidir. Üçüncü dünya ölkələrində müxbir kimi çalışarkən yazdığı bədii-publisistik kitablar ona dünya şöhrəti gətirib, o hətta Nobel mükafatına namizəd irəli sürülüb.

1982-ci ildə İran təəssüratları əsasında yazdığı "Şahənşah" romanı onun ən populyar əsərlərindəndir. Romanda İran şahının neft strategiyası haqda bölümləri ixtisarla çap edirik.

... Sonuncu Şah deyərdi ki, neft vasitəsilə qısa müddətdə ikinci bir Amerika yaradacaq.

O bunu bacarmadı...

Neft güc simvolu olsa da, öz zəiflikləri var...

Neft heç bir əmək sərf etmədən tamamilə dəyişmiş həyat illüziyası yaradır...

Neft insanın xoş bir təsadüf nəticəsində xəzinə tapmaq kimi əbədi arzusuna mükəmməl şəkildə uyğun gəlir. Yəni alın təri ilə yox, xoş bir təsadüf nəticəsində...

Neft bizim içimizi elə bir təkəbbürlə doldurur ki, biz zaman kimi maneəni asanlıqla aşmağın mümkünlüyünə inanırıq.

ŞAHƏNŞAH BÖYÜK SİVİLİZASİYA QURUR...

...Avtokrat sarayına çəkilib dalbadal yüzlərlə fərman verməyə başlayır. (Həmin sərəncamlar beş il sonra onun ölkəsini çalxalayacaq, özünün isə taxtdan salınmasına gətirib çıxaracaqdı).

O fərman verir ki, sərmayələr iki dəfə artırılsın, o, dünyanın üçüncü ən müasir ordusunu yaratmağa çalışır.

Şah fantastik sifarişlər verir. Böyük Britaniyanın neçə tankı var. Ona deyirlər ki, min beş yüz. Elə isə mən iki min tank alıram – Şah deyir, - Bəs Bundesferin nə qədər topu var? Min? Onda mən min beş yüz dənə sifariş verirəm...

Şahın istəyilə ölkəyə ən müasir texnologiyalar gətirilməyə başlayır.

Bu müasir texnologiyalarla İran müasir mallar istehsal etməli və həmin super mallarla dünya bazarını doldurmalı idi. O, atom elektrik stansiyaları, elektronika zavodları, poladtökmə kombinatları və möhtəşəm sənaye kompleksləri tikmək haqda sərəncamlar verir.

O, Avropaya xizək sürməyə gedir, amma onun St. Moritzdəki dəbdəbəli iqamətgahı artıq sakit bir yer ola bilməz, çünki yeni Eldorado haqda xəbər hər yana yayılıb və dünyanın güc mərkəzlərində bir coşqunluq yaradıb. Orada dərhal İrana axacaq neft pullarını hesablamağa başlayırlar.

Hörmətli ölkələrin hörmətli hökumətlərinin nazirləri Şahın İsveçrə iqamətganının qarşsında növbəyə düzülür.

CONLAR, SEMLƏR ŞAHIN HÜZURUNDA

Hökmdar öz kreslosunda əyləşərək əllərini sobanın önünə tutub qızınır və qonaqların bir-birinə calanan təkliflərinə, bəyanatlarına qulaq asır.

Hə.. İndi bütün dünya onun ayağına gəlir, onun qarşısında başlar əyilir. O, baş nazirlərə və nazirlərə “siz idarə etməyi bacarmırsız, ona görə də pulunuz yoxdur” deyir.

Şah Amerika prezidenti Niksonla. 1971

O, London və Romaya mühazirə oxuyur, Parisə ağıl verir, Madridi tənqid edir. Dünya ona qulaq asır, onun ən acı iradlarını da udur, çünki gözünü İran səhrasında qalaqlanan qızıldan çəkə bilmir.

Tehrandakı səfirlər ölkələrinin hökumətlərindən gələn teleqram axının altında qalıb başını itirir. Bütün teleqramlar pul haqqındadır: Şah bizə nə qədər verə bilər? Nə vaxt və hansı şərtlərlə? Necə? Verə bilməyəcək? Onda israr et ki, Əlahəzrət, biz təminatlı xidmət və sərfəli reklam təşkil edəcəyik!..

Transmilli korporasiyaların prezidentləri, məşhur şirkətlərin nümayəndələri bir-birinin ardınca bu və ya digər avtomobil, təyyarə, televizor, yaxud saat zavodu layihəsini təklif edir...

Bütün bu şəxslər İrana axışdığı bir vaxtda Avropanın hava limanlarında iranlı tələbələr onlara vərəqələr verməyə, ölkələrində insanların işgəncələrdən ölməsi, Savakın (Şah dövründə milli təhlükəsizlik idarəsi-red.) həbs etdiyi adamların öldüsü-qaldısının bilinməməsi haqda məlumat çatdırmağa çalışır. Kimin nəyinə lazımdır?

Kimin əlinə nə keçdi götürür. Üstəlik də hər şey Şahın Böyük Sivilizasiya qurmaq haqda şüarlarının sədaları altında baş verir.

ÇÜRÜYƏN MÜASİR TEXNOLOGİYALAR

Amma hər şey heç də Şahın ürəyi istəyən kimi getmir...

1968-ci ilin İran qəzeti xəbər verir ki, İranın nüvə enerjisi sahəsində alimlərin yarısı qadınlardır.

Kapitan gəmidə ruh düşkünlüyü yaranmasın deyə fit çalır, elə təsəvvür yaranır ki, guya gəmi irəli gedir, amma əslində quma oturub.

Şah milyardlarla dollar dəyərində mallar, avadanlıqlar alıb ölkəyə gətirdir, müxtəlif qitələrdən yola çıxan gəmilər İrana doğru istiqamət götürür.

Amma onlar Fars körfəzinə çatanda məlum olur ki, köhnə kiçik limanlar belə böyük həcmdə yüklərin boşaldılmasının öhdəsindən gələ bilməz. (Şah bunu nəzərə almayıb). Milyonlarla ton mal tropik istidə açıq havada səhralarda qalır. Onların yarısı tez xarab olan ərzaq və kimyəvi maddələrdir və tezliklə yerləri zibilxanalıq olur.

Qalan yükləri ölkənin içərilərinə daşımaq lazımdır. Amma məlum olur ki, bunun üçün nəqliyyat yoxdur. Daha dəqiqi, əldə olan yük maşınları elə azdı ki, tələb olunan nəqliyyat vasitələrinin sayı ilə müqayisədə bir ovucdur.

Avropadan iki min qoşqulu yük maşını gətirilir, amma məlum olur ki, həmin maşınları sürə bilən yoxdur. (Şah bunu nəzərə almayıb). Uzun məsləhətləşmələrdən sonra lazımi sayda sürücü gətirmək üçün Koreyaaya təyyarələr göndərilir. Amma farcsa bir iki söz öyrənəndən sonra koreyalı sürücülər anlayırlar ki, onlara yerli sürücülərin qazandıqlarının ancaq yarısı qədər pul verilir. Qəzəblənən sürücülər şələ-şülələrini yığışdırıb Koreyaya qayıdırlar.

İstifadə edilməmiş belə yük maşınlarını hələ də qum basmış vəziyyətdə Bəndər Abbas-Tehran yolunun kənarında görmək olar.

TƏLƏBƏLƏR XARİCDƏ OXUMALIDIR

İdxal edilmiş avadanlıqlar nəhayət ki, bir müddət sonra xarici yük daşıma şirkətlərinin köməyilə ünvanına çatdırılır.

Iİran şahının inqilabçıların qəzəbinə tuş gələn heykəli. 1979

Avdanlıqları quraşdırmağın vaxtı gəlir. Amma məlum olur ki, İranın belə mühəndisləri və texniki heyəti yoxdur. (Şah bunu bilməyib). Böyük Sivilizasiya qurmaq istəyən şəxs məntiqi olaraq birinci insanlardan başlamalı idi. Yerli mütəxəssislərin hazırlanması üçün təlimlər keçirilməli idi. Amma həmin vaxt bu cür düşüncə tərzi tamamilə yersiz və qəbuledilməz idi.

Universitet açmaq nə deməkdir? Arı yuvası! Hər bir tələbə potensial qiyamçı, azad düşünən insandır.

Şah axırda özünə dəyəcək qamçı düzəldəcəkdi?

Hökmdar daha düzgün saydığı yolu seçir. Tələbələrin çoxunu ölkədən uzaqda oxudur. Yüz mindən çox iranlı Avropada və Amerikada təhsil almağa göndərilir.

Bu siyasət milli universitetlərin yaradılmasından xeyli baha başa gəlir. Amma rejimə sabitlik təminatı verir.

Həmin tələbələrin çoxu heç zaman vətənə qayıtmayacaq. Onları hətta Şahın yüksək maaş vədləri də cəlb etmir.

Onlar Savakdan qorxurlar və heç kəsin başmağını öpmək istəmirlər.

YENİ ZƏNGİNLƏR

Neft pulları ilə Şah əvvəllər tarixçilərə və sosioloqlara məlum olmayan yeni bir sinfə nəfəs verir. Petro burjuaziya. Petro burjuaziya heç nə istehsal etmir, amma hüdudsuz ölçülərdə istehlak edir.

Bu yeni sinif ticarətdə və sənayedə yox, Şahın xoşuna gəlmək uğrunda rəqabət aparır. Bir anda kiminsə ulduzu parlaya və irəli gedə bilər.

İnqilab rəhbəri Xomeyninin şəkilləri. 1979

Kim Şahın könlünü daha çox şad edirsə, neft burjuaziyası sinfinin yüksək məqamlarına yolu açılır. Bu sinfin nümayəndələri tezliklə neft gəlirlərinin böyük hissəsinə sahib olur və ölkənin sahibinə çevrilir.

Onların bütün hərəkətləri bir motivlə idarə olunur – karyera uzun olmayacaq. Ona görə də çemodan üstündə yaşayırlar, Avropada əmlak alırlar, pullarını xaricə daşıyırlar. Amma pul o qədər çoxdur ki, onun bir hissəsi ilə ölkədə dəbdəbəli həyat sürülür.

Tehranda göz qamaşdıran möhtəşəm villalar itkilir. Onlardan bəzilərinin qiyməti bir milyon dollardan bahadır. Belə villalar sıravi iranlıların sığındığı, işığın, içməli suyun olmadığı darısqal daxmalardan bir neçə küçə aralıda yerləşir.

İranlılar ziyalı sözünə həsrətdir (çünki onların hamısı susdurulub). Şah xalqa ikisindən birini seçmək yolu qoyub: ya Savak, ya da mollalar.

Və xalq mollaları seçir...

"Şahənşah" əsərinin müəllifi Rişard Kapuçinski

XS
SM
MD
LG