Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:12

Bələdiyyə seçkiləri başlayır


ATƏT müşahidəçiləri hər bir seçkini irəliyə bir addım adlandırsa da, demokratik standartlara tam uyğun gəlmədiyini qeyd edib
ATƏT müşahidəçiləri hər bir seçkini irəliyə bir addım adlandırsa da, demokratik standartlara tam uyğun gəlmədiyini qeyd edib
Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 7-də keçirilən toplantısında qurum növbəti bələdiyyə seçkilərinin vaxtı ilə bağlı qərar qəbul edib. Qərarı MSK-nın sədri Məzahir Pənahov açıqlayıb:

15 682 BƏLƏDİYYƏ ÜZVÜ SEÇİLƏCƏK

- Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçiriləcək. Seçki keçiriləcək bələdiyyələrin siyahısı dərc edilsin. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Milli Məclisin qərarı ilə 1718 bələdiyyə formalaşdırılıb. Bütün bələdiyyələrə seçkilər keçiriləcək. Seçkilərdə 15 682 bələdiyyə üzvü seçiləcək.

Məzahir Pənahovun sözlərinə görə, seçki prosesinə 70 minə yaxın namizədin qatılacağı proqnozlaşdırılır. Bələdiyyə seçkilərində 4,5 milyon vətəndaşın səsvermə hüququ olacaq. Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarından məcburi köçkünlər seçkilərdə iştirak etməyəcəklər.

Qanunvericiliyin tələbinə görə, vətəndaşlar yalnız daimi yaşayış yerlərində bələdiyyə seçkilərinə qatıla bilərlər.

MSK sədri onu da bildirib ki, təşviqat kampaniyası seçkilərə 28 gün qalmış - noyabrın 25-də başlayacaq və dekabrın 22-si saat 24-də bitəcək.

PARTİYA ÜZVLƏRİ ÜÇÜN PROSEDURA MÜRƏKKƏBDİR?

Məzahir Pənahov
Azərbaycan qanunları 21 yaşı tamam olan ölkə vətəndaşlarına bələdiyyə üzvlüyünə namizədliyini irəli sürməyə imkan verir. Müxalifət partiyaları iddia edir ki, Seçki Məcəlləsində seçkiyə fərdi qaydada qatılmaq istəyənlər üçün proseduralar sadə olsa da, partiya təmsilçiləri üçün bu proses xeyli mürəkkəbdir.

Müxalifət partiyalarının fikrincə, bu, məhz siyasi partiya üzvlərinin prosesdə iştirakını əngəlləmək üçündür. Bundan başqa, müxalifət partiyaları seçki komissiyaları paritet əsaslarla formalaşmadan ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olmayacağını bildirirlər. Bu fikirlər oktyabrın 6-da ölkənin siyasi partiyalarının birləşdiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının toplantısında da səslənib.

«BU, QANUNUN TƏLƏBİDİR»

MSK sədri Məzahir Pənahov isə müxalifətin iddialarını əsassız sayır:

- Məqsəd odur ki, arzu edən bütün vətəndaşlar seçkilərə qatılsın. Məqsəd o deyil ki, kiməsə seçkiyə qatılmamaq üçün maneə yaradaq. Seçki komissiyalarında iqtidar, müxalifət anlayışı yoxdur. Seçki komissiyalarının formalaşmasının ümumi prinsipləri var – o da Seçki Məcəlləsidir. O sənəddə də yazılır ki, MSK-nın bir hissəsi parlamentdə çoxluğun təmsilçiləri olur, bir hissəsi parlament azlığının təmsilçisi olur, bir hissəsi isə heç bir partiyanın üzvü olmayan deputat qrupunun nümayəndələri. Bu, qanunun tələbidir.

M.Pənahovun sözlərinə görə, Azərbaycanda indiyə qədər keçirilən seçkilər beynəlxalq standartlara cavab verib və bunu seçki proseslərinə müşahidəçi kimi qatılan beynəlxalq qurumların təmsilçiləri də təsdiq ediblər.

MSK sədri onu da deyib ki, bələdiyyə seçkilərini də Avropa Şurası da daxil olmaqla bir sıra beynəlxalq qurumların nümayəndələri izləyəcək.

Dekabrın 23-də Azərbaycanda sayca üçüncü bələdiyyə seçkisi keçiriləcək. Azərbaycan əsasən azad və ədalətli olmayan seçki təcrübəsinə malik ölkə kimi tanınır. ATƏT müşahidəçiləri hər bir seçkini irəliyə bir addım adlandırsa da, demokratik standartlara tam uyğun gəlmədiyini qeyd edib.
XS
SM
MD
LG